Ədliyyə nazirinin müavini Milli Biznesin İnkişafı Forumunda çıxış edib

11:33 - 15 May 2025 - Cəmiyyət

Ədliyyə nazirinin müavini Toğrul Hüseynov "Caspian Energy Club" və Azərbaycan Milli Biznes Assosiasiyası tərəfindən keçirilən Milli Biznesin İnkişafı Forumunda iştirak edib. 

Nazirlikdən Ucnoqta.az-a bildirilib ki, forumda çıxış edən nazir müavini tədbirin dövlət və özəl sektor arasında əməkdaşlığın qurulmasına mühüm töhfə verdiyini deyib, Ədliyyə Nazirliyi tərəfindən həyata  keçirilən hər bir islahatda özəl sektorun təkliflərinin nəzərə alındığını bildirib. 

O, ötən dövr ərzində ölkədə biznes mühitinin yaxşılaşdırılması, yerli və xarici investorlar üçün bütün institutların mütərəqqi standartlar əsasında qurulması istiqamətində görülən işlərdən danışıb. Nazir müavini vurğulayıb ki, “Arbitraj haqqında” Qanunun qəbulu bu istiqamətdə atılan mühüm addımlardan biridir. Sahibkarlar artıq ölkədaxili mübahisələrdə arbitraj institutuna müraciət edə bilirlər. 

Toğrul Hüseynov icra sisteminin daha əlçatan olması, icra sənədlərinin icrasında effektivliyin və səmərəliliyin artırılması istiqamətində Ədliyyə Nazirliyi tərəfindən mühüm addımlar atıldığını qeyd edib. O bildirib ki, icra icraatı çərçivəsində borclunun əmlakı artıq ötən ilin sonunda Nazirlik tərəfindən istifadəyə verilmiş “Elektron Hərrac Portalı” vasitəsilə satılır. Bu da hərrac proseslərinin daha şəffaf, səmərəli və çevik həyata keçirilməsinə xidmət edir.

Nazir müavini xüsusi icra institutunun tətbiqi ilə bağlı artıq müəyyən işlər görüldüyünü və icra qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı böyük bir islahat paketinin hazırlanaraq hökümətə təqdim olunduğunu da bildirib. Həmçinin icra proseslərində effektivliyin və səmərəliliyin artırılması məqsədilə “Elektron icra” informasiya sisteminin yeni versiyasının istifadəyə verildiyini bildirən nazir müavini yenilənmiş sistemin icra icraatı çərçivəsində həyata keçiriləcək hər bir addımın asanlaşdırılmasına kömək edəcəyini vurğulayıb. 

Toğrul Hüseynov bildirib ki, cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi istiqamətində Ədliyyə Nazirliyi tərəfindən müxtəlif dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə işçi qrupu yaradılıb və fəaliyyət planı layihəsi hazırlanaraq hökümətə təqdim edilib. Qeyd edib ki, cəza çəkmiş şəxsin azadlığa çıxdıqdan sonra cəmiyyətə inteqrasiyasında ən mühüm amillərdən biri sahibkarlar tərəfindən bu instituta dəstək verilməsidir. 

Nazir müavini Toğrul Hüseynov bir çox hallarda özəl sektor tərəfindən irəli sürülən təklif və təşəbbüslərin müvafiq islahatların həyata keçirilməsinə əlverişli zəmin yaratdığını qeyd edib, bu islahatlarda onların da yaxından iştirakının vacibliyini vurğulayıb.

Forumda Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəisi Elçin Nəsibov və İcra xidmətinin rəis müavini Yaqub Qurbanov da panel müzakirələrində iştirak ediblər.
Qeyd edək ki, B2G formatında təşkil olunan Milli Biznesin İnkişafı Forumunun əsas məqsədi hökumət və biznes arasında dialoqu inkişaf etdirmək, kommunikasiyanı genişləndirmək, sahibkarların təklifləri, sualları və onları narahat edən mövzuları müzakirə edərək həll yollarını tapmaqdır.
 


Xəbər xətti