Bu ailələrə ev veriləcək

14:45 - 28 Aprel 2025 - ÖLKƏ İÇİ

Azərbaycanın daha iki rayonunda təbiət hadisəsi nəticəsində zərərçəkmiş ailələr üçün ev tikiləcək.

Ucnoqta.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi hazırlıqları başa çatdırıb.

Məlumata görə, Şamaxı və Ağsu rayonlarında 5 ədəd fərdi yaşayış evi tikiləcək və 1 ədəd fərdi yaşayış evi bərpa olunacaq. Belə ki, bu evlərdən ikisi 3 otaqlı, üçü isə 2 otaqlı fərdi yaşayış evləridir.

Ağsu şəhərinin S.Vurğun küçəsi, ev 1/10 ünvanında yaşayan Qurbanov Vaqif Sərxan oğluna məxsus yaşayış evi isə bərpa olunacaq.

Sözügedən evlərin tikintisini həyata keçirən şirkət müəyyənləşib və onunla Dövlət Agentliyi arasında müqavilə bağlanılıb. Müqaviləyə əsasən, 5 evin tikintisi və daha bir evin bərpası 404 240,53  manata başa gələcək.

Qeyd edək ki, Agentlik daha əvvəl isə Lənkəranda 2 ədəd, Siyəzəndə isə 1 ədəd 3 otaqlı fərdi yaşayış evlərinin tikintisi ilə bağlı  268 min manatlıq müqavilə bağlayıb.

Zaqatalada təbiət hadisəsi nəticəsində zərərçəkmiş ailələr üçün 34 ədəd fərdi yaşayış evinin tikintisinə, qəzalı vəziyyətə düşən 9 çoxmənzilli binanın və əlavə olaraq daha 1 fərdi yaşayış evinin bərpasına bu ilin yanvar ayında başlayıb. Zaqataladakı tikinti və bərpa işlərinə isə 4 milyon manata yaxın vəsait ayrılıb.

Məlumat üçün bildirək ki, hazırda Hacıqabul rayonunun Nəvai qəsəbəsində 11 ədəd fərdi yaşayış evinin, Salyan və Sabirabad rayonlarında 4 ədəd 2 otaqlı fərdi yaşayış evinin, Şamaxı, Ağsu rayonlarında 5 ədəd fərdi yaşayış evinin tikintisi və 1 ədəd fərdi yaşayış evinin bərpası, cənub bölgəsində 14 ədəd fərdi yaşayış evinin tikintisi, Qobustan rayonunda 1 ədəd fərdi yaşayış evinin, Gədəbəy şəhərində 24 mənzilli binada və Daşkəsən şəhərində 1 ədəd istinad divarının bərpası da nəzərdə tutulub. Bu tikinti və bərpa işlərinə isə ümumilikdə 3,4 milyon manata yaxın vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.

Qeyd edək ki, təbii və texnogen qəzalar nəticəsində zərər çəkmiş ərazilərdə, bina və qurğularda bərpa və yenidənqurma işlərinin təşkili, bu işlərlə bağlı sifarişçi funksiyasının yerinə yetirilməsi Agentliyin vəzifələrindən biridir.

Xəbər xətti