Neftin qiyməti 70 dollara qədər endi, ABŞ-ın OPEK+ dən istəkləri də bu məsələdə təsirini göstərməyə başlayır: OPEK+ ölkələri aprel ayından başlayaraq hasilatı artırmağa başlayacaqlar, könüllü şəkildə getdikləri hasilat azalmasını geri çəkəcəklər – bu isə mərhələli şəkildə bazara 2,2 mln. barel neftin əlavə olaraq daxil olması deməkdir.
Ucnoqta.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert, REAL Partiyasının sədri Natiq Cəfərli bildirib. Natiq Cəfərlinin sözlərinə görə, iki borudan asılı olan Azərbaycan iqtisadiyyatı üçün gələcəkdə problemlər yaranacağı açıq görünür – doğrudur, neftin qiymətinə günlük yox, ortalama baxmaq lazımdır:
"Hələlik 2025-ci ilin ilk 2 ayında orta qiymət 80 dollara yaxındır, amma, martda bu rəqəm 72-73 dollara, apreldə isə 70 dollardan aşağı düşə bilər. Bu isə o deməkdir ki, 2025-ci ilin ilk yarısını büdcədə nəzərdə tutulan neftin ortalama 70 dollar səviyyəsinə yaxın tamamlasaq da, 2025-ci ilin ikinci yarısında qiymətlər 70 dollardan aşağı düşə, ilin sonuna orta qiymət 60-65 dollar koridorunda sabitləşə bilər ki, bu da ölkəmiz üçün heç də yaxşı deyil".
İqtisadçı qeyd edir ki, neftin qiymətinin hər 1 dollar düşməsi, günlük olaraq Azərbaycanın valyuta gəlirlərinin 500 min dollar azalması deməkdir:
"Yəni, ilin sonuna illik ortalama qiymət 65 dollar olsa, bu gündə 2,5 mln., ayda 75 mln., ilə isə 900 mln. dollar daha az valyuta daxil olması deməkdir. Amma, bu da son deyil, neft şirkətlərinin qiymətin enməsinə görə qazancları, gəlirləri, mənfəəti azalacaq ki, bu da onların vergi şəklində büdcəyə ödədiyi vəsaitin düşməsinə səbəb olacaq".