Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Ağdam rayonunda mina partlayışı nəticəsində xəsarət alan əməkdaşı 1982-ci il təvəllüdlü Zaur Eldar oğlu Mahmudov dünən Gəncə şəhər Mərkəzi Klinikasından Bakıya təxliyə olunub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Zaur Mahmudov paytaxtda fəaliyyət göstərən Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının travmatologiya şöbəsinə yerləşdirilib.
İlkin məlumata görə, onun vəziyyətinin qənaətbəxş olduğu deyilib.
Qeyd edək ki, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı dünən, 26 dekabr tarixində işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb. O dərhal Ağdam Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Müayinə zamanı ona sol daban, ayaq daraq sümüklərinin açıq yarası diaqnozu təyin edilib. Z.Məmmədov həmin gün əvvəlcə Gəncə Şəhər Mərkəzi Klinikasına, daha sonra Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasına təxliyə edilmişdi.