Son vaxtlar Bakı metrosunda tez-tez səhhəti pisləşən sərnişinlərə rast gəlinir. Sosial şəbəkələrdə paytaxt sakinləri metrodakı havasızlıqdan şikayət edirlər. Qeyd edək ki, metropoliten üçün yeni kondisionerli qatarlar alınır, yenidənqurma işləri aparılır. Bəs vaqonlarda sərinlik yaradan kondisionerli qatarlar stansiyalarda havasızlığa səbəb ola bilərmi?
“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Ucnoqta.az-a bildirdi ki, metropolitendə sərnişinlərin səhhətinin pisləşməsi halları müxtəlif səbəblərdən baş verə bilər:
"Bu, əsasən, metropolitenin yeraltı nəqliyyat növü olması ilə əlaqədar sərnişinin fiziki durumu və sağlamlığı ilə bağlı ola bilər. Bununla belə, peşəkar izahı aidiyyəti sahənin mütəxəssis və ekspertləri dəqiq verə bilərlər. Metropoliten sərnişindaşıma xidməti göstərən müəssisədir və “Bakı Metropoliteni” QSC-nin tibbi fəaliyyəti təşkil və idarə etmək, eləcə də tənzimləmək səlahiyyəti yoxdur. Ən əsası, metropoliten stansiyalarında belə bir xidmətin təşkilinin kifayət qədər peşəkar yanaşmanı da özündə ehtiva edən bir sıra xüsusiyyətləri nəzərədə tutulmalıdır.
Bununla belə, Bakı metropoliteninin Təcili və təxirəsalınmaz tibbi yardım xidməti ilə mümkün ən operativ əlaqə imkanları var və birgə fəaliyyət əlaqələndirilmiş qaydada təmin edilir. Bu səbəbdən müraciətin daxil olduğu stansiyaya mümkün ən qısa müddətdə tibbi yardım briqadası göndərilir və bu günə qədər, əsasən, bununla bağlı problem yaşanmayıb. Təcili tibbi yardım briqadaları tərəfindən sərnişinə edilən yardımının xüsusiyyətləri barədə Bakı metropoliteninin hər hansısa peşəkar qiymətləndirilmə, müqayisəli təhlil aparması qeyri-mümkündür və metropolitenin fəaliyyəti sahəsinə aid olan məsələ olmadığından qiymətləndirmə və ya təşəbbüslər sahənin spesifikasına görə obyektiv olmaya da bilər. Bu səbəbdən təcili, ümumi, stasionar və yaxud hər hansısa başqa formada tibbi yardımın təşkili, texniki və maddi təchizatı, fəaliyyətin normativlərə uyğun tənzimlənməsi, bir sözlə, bu xidmətin funksional təşkili ilə bağlı məsələyə metropolitenin rəy verməsi xidmət növü, fəaliyyət istiqamətləri, hüquqi və etik baxımından doğru olmaz. Lakin belə aidiyyəti qurumların qənaəti ilə bir zərurət yaranarsa, istənilən stansiyada tibbi fəaliyyət üçün bu işin təşkili üçün “Bakı Metropoliteni” QSC lazım olan bütün şəraiti yaradacaq".
- Bəzi sərnişinlər metroda havasızlıqdan şikayət edir. Metronun havalandırma sistemində hansısa yenidənqurma işləri aparılırmı? Yeni havalandırma sistemləri qurulurmu?
- Bakı metropolitenində havalandırma və mikroiqlim şəraiti baxımından bağlı sistem, avadanlıq və qurğular son illərdə ən çox inkişaf etdirilən sahələrdəndir. Bu mənada 2018-ci ildə ventilyatorların iş qrafiki dəyişdirilib. Əvvəllər il ərzində iki dəfə dəyişdirilən qrafik, hazırda hər fəslin tələbinə uyğun tərtib olunur. Bununla belə, Bakının iqlim şəraiti nəzərə alınmaqla, hətta hər bir mövsüm ərzində hər gün xüsusi yanaşma ilə monitorinqlər aparılır, real hava şəraitinə uyğun ventilyatorların iş rejimi avtomatik tənzimlənir. Yay fəslində isə mümkün xüsusi tənzimləmə tədbirləri tətbiq edilir. Bu məqsədlə metropolitendə havalandırma sistemini vahid mərkəzdən idarəetmə prinsipləri tətbiq edilib. Bunun üçün fiberoptik kabelləşmə aparılıb, idarəetmə şkaflarında müvafiq komandaların avtomatik idarə edilməsi sistemləri qurulub. Eyni zamanda metropolitendə ventilyatorların yenilənməsi də müntəzəm aparılır. 2019-cu ildən bu günə qədər istismar müddəti başa çatmış 23 güclü ventilyatorun əvəzinə, 2-3 dəfə daha güclü olmaqla, yeniləri quraşdırılıb. Bu ventilyatorlar müasirliyi ilə yanaşı, rejimin ən qısa müddətdə dəyişdirilməsi xüsusiyyətlərinə malikdir. Bu isə fövqəladə hallarda ventilyatorun bir neçə saniyə ərzində axından sovurmaya, yaxud əksinə dəyişdirilməsinə imkan verir. Bu, metropoliten üçün ən mühüm məsələlərdən biridir. Bundan savayı, 2020-ci ildən metropolitendə təbii havalandırma sisteminin qurulmasına başlanılıb. Bu xüsusda dempferlər alınaraq quraşdırılır. Bununla qatarların hərəkətindən yaranan və şaxtalardan stansiyalara daxil olan hava kütləsinin bütün stansiya ərazisində optimal dövriyyəsi təmin edilir. Bütün bunlar, ümumən, metropolitendə havanın hərarətinin 1-3 Selsi dərəcə, yeni ventilyatorların tətbiq olunduğu stansiyalarda isə hətta 3-4 Selsi dərəcəyə qədər aşağı düşməsinə səbəb olub. Yeniləşmə tədbirləri müntəzəm olaraq planlı şəkildə aparılır.
- Bakı metrosunda hazırda neçə kondisionerli qatar xidmət göztərir?
- Hazırda Bakı metropolitenində mikroiqlim nəzarəti, o cümlədən kondisioner sistemi ilə təchiz edilmiş 115 vaqon və yaxud 23 qatar tərkibi var.
- Kondisionerli qatarlar metronun havasızlığına nə kimi təsir göstərir? Qarşısının alınması üçün hansı tədbirlər görülür?
- Son illərdə bütün dünyada iqlim dəyişiklikləri və hərarətin getdikcə artması halları müşahidə olunur və beynəlxalq müzakirələrdə ətraf mühit üçün əsas problemlərdən biri kimi qiymətləndirilir. Kondisionerli qatarlar, stansiyalarda iş yerlərində kondisionerlərin tətbiqi ayrılan istilik enerjisi ilə bağlı məsələni də aktuallaşdırıb. Ümumiyyətlə, sərnişin artımı, gələcək perspektivlər, kondisionerləşmə və s. kimi təsirlər də nəzərə alınmaqla, metropolitendə stansiya və tunellər üçün alınan güclü sənaye ventilyatorlarının sifarişi zamanı onların gücünün hesablanmasına xüsusi diqqət yetirilir. Bununla bağlı 2018-ci ildə müvafiq monitorinqlər aparılıb. 2018-2019-cu illərdə, ümumiyyətlə, bu sahədə olan yeniliklər, dünya metropolitenlərinin təcrübəsi geniş öyrənilib.
Əminliklə deyə bilərik ki, 40-50 il əvvəl fəaliyyətə başlayan metropolitenlər arasında bu mənada yenilikləri sürətlə tətbiq edən metropolitenlərdən biri də Bakıdadır. Bu monitorinqlər nəticəsində son illərdə Bakı metropoliteni üçün Abşeron yarımadasının coğrafi, iqlim və geoloji xüsusiyyətləri nəzərə alınmaqla, texniki cəhətdən ən uyğun xüsusiyyətlərə malik ventilyatorlar, eləcə də metropolitenin müvafiq texniki xüsusiyyətlərinə uyğun dempferlər tətbiq edilir. Onu da əlavə edək ki, metropolitenin bütün stansiya, tunel və qatarlarında müntəzəm olaraq mikroiqlim parametrləri ölçülür və normativlərə uyğun olmasına xüsusi diqqət yetirilir. Bu mənada nümunə üçün qeyd edə bilərik ki, oksigenin miqdarı, havanın hərarəti, rütubətlilik, tozluluq və s. parametrlər üzrə ölçmələr hər bir stansiyanın infrastrukturundan asılı olaraq, 15-20 nöqtədə aparılır. Ölçmələr nəticəsində operativ tədbir görülməsi zərurəti yaranmasının mümkünlüyü də diqqətdə saxlanılır. Yay fəslində isə monitorinqlərə xətlərdə əlavə reydlər də daxil olmaqla xüsusi yoxlamalar təyin edilir. Monitorinqlərin nəticələri müntəzəm təhlil edilir və addımlar atılır.