Bu gün Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur. Azərbaycan milli mətbuatının əsası 151 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli maarifçi Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə qoyulub.
Azərbaycan dilində işıq üzü görən ilk milli qəzet olan “Əkinçi” cəmi 56 nömrə nəşr olunsa da, milli jurnalistikanın inkişafında əvəzsiz rol oynayıb. Maarifçilik ideyalarını təbliğ edən qəzet milli oyanışın və ictimai fikrin formalaşmasının əsas tribunasına çevrilərək Azərbaycan mətbuatının təməlini yaradıb.
Sonrakı dövrlərdə “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”nin yolunu davam etdirərək cəmiyyətin maariflənməsinə, milli şüurun inkişafına və ictimai problemlərin işıqlandırılmasına mühüm töhfələr veriblər.
Azərbaycan Xalq Cümhuriyyəti illərində azad mətbuatın inkişafı üçün əlverişli mühit formalaşsa da, sovet hakimiyyəti dövründə media uzun illər ciddi ideoloji nəzarət altında fəaliyyət göstərib. Buna baxmayaraq, jurnalistlər dövrün reallıqlarını müxtəlif bədii və sətiraltı üsullarla oxuculara çatdırmağa çalışıblar.
Müstəqilliyin bərpasından sonra Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm islahatlar həyata keçirilib. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli sərəncamı ilə senzura ləğv olunub, 1999-cu ildə isə beynəlxalq standartlara cavab verən “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanun qəbul edilib.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə də media sahəsinin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. 2008-ci ildə KİV-lərin inkişafına dövlət dəstəyi konsepsiyası təsdiqlənib, 2009-cu ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb.
2021-ci ildə isə media sahəsində aparılan islahatların davamı olaraq Medianın İnkişafı Agentliyi (MEDİA) təsis edilib. Agentlik medianın dayanıqlı inkişafı, peşəkar jurnalistikanın dəstəklənməsi və müasir texnologiyaların tətbiqinin genişləndirilməsi istiqamətində fəaliyyət göstərir.
Bu gün Azərbaycan mətbuatı çap mediası ilə yanaşı televiziya, radio və rəqəmsal platformalarda fəaliyyətini davam etdirərək cəmiyyətin operativ, dəqiq və obyektiv məlumatlandırılmasında mühüm rol oynayır.
Milli Mətbuat Günü münasibətilə hər il media nümayəndələrinin əməyi yüksək qiymətləndirilir, jurnalistlər fəxri adlar və dövlət mükafatları ilə təltif olunurlar.
151 illik zəngin tarixə malik Azərbaycan milli mətbuatı bu gün də peşəkarlıq, operativlik və cəmiyyətə xidmət prinsiplərini əsas tutaraq ölkənin informasiya məkanının inkişafına töhfə verməyə davam edir.
