Müsəlmanların müqəddəs ayı olan Ramazan ayına və ya yay istisinə düşməməsi üçün Səudiyyə Ərəbistanında keçiriləcək 2034-cü il Dünya Kubokunun 2035-ci ilə təxirə salınması lazım gələ bilər.
Ucnoqta.az xəbər verir ki, bu iddia Politico nəşri tərəfindən bildirilib.
Nəşr yazır ki, güclü istilər səbəbindən tədbir yayda keçirilməyəcək. Politico qeyd edir ki, 2034-cü ildə Ramazan ayı təxminən 12 noyabrda başlayacaq və 12 dekabrda başa çatacaq. Martın əvvəlində təxminən 2 milyon insan İslamın ən müqəddəs yerlərinə illik Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedəcək.
2034-cü ilin fevral və yanvar ayları da Dünya Kubokuna ev sahibliyi etmək üçün əlverişsiz ola bilər, çünki bu müddət ərzində Qış Olimpiya Oyunları ABŞ-ın Solt Leyk Siti şəhərində keçiriləcək ki, bu da “ictimaiyyətin diqqətini və sponsorluq pullarını yayındıra” bilər. “Politico”nun məlumatına görə, bu vəziyyətdə Dünya Kuboku 2035-ci ilin əvvəlində keçirilə bilər. Qeyd olunur ki, Beynəlxalq Futbol Federasiyası (FIFA) belə bir addımı nəzərdən keçirdiyini açıqlamayıb, lakin nəşr belə bir ssenarinin istisna edilə bilməyəcəyinə inanır.
Dünya Kuboku adətən yayda keçirilir, lakin 2022-ci ildə ev sahibi Qətərdə yüksək temperatur səbəbindən ilk dəfə payız-qış mövsümündə keçirilib.
