"Təhsil sistemi ilə bağlı bir çox suallar var və bunlara cavab axtarmaq lazımdır. Bu suallar 20 ildir verilir və onların da hansısa cavabları var. Lakin təhsilin irəliləyişinə bu sualların cavabları o qədər də təsir etmir".
Ucnoqta.az xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, düzgün suallar qoymaqla və bunun ətrafında müzakirələr aparmaqla təhsil sistemini daha sürətli inkişafa təhrik etmək olar: "Azərbaycan bir çox beynəlxalq elmi tədqiqatlarda iştirak edir və nəticələrimiz elə də yüksək olmur. Reytinqdə niyə aşağıdayıq və günahkar kimdir? Bu suallara cavab tapmaq lazımdır. Şikayət etməklə təhsil sistemi irəli getmir. Sistem o zaman irəli gedər ki, problemi tapıb onun həlli istiqamətində çıxış yolu tapmalıyıq".
O qeyd edib ki, Təhsil İnstitunun təhsil sahəsində müəyyən uğurları var: "Təhsil İnstitunda çalışdığım müddətdə 73-ə yaxın layihə idarə edirdik. Böyük təşəbbüslərə doğru irəliləyirik. İcma əsaslı məktəbəqədər təhsil müəssisələri ilə bağlı layihə bu gün 750-dən çox kənddə 15 mindən çox uşağa xidmət göstərir. Bu layihə vasitəsilə ucqar kəndlərdə olan 777 qadın işlə təmin olunub".
