Avtomobillərin səkilərdə dayanması və durması qanunla qadağandır. Səkilərin kənarında durmağa icazə verilən hallarda belə, piyadaların hərəkətinə mane olmamaq tələbi qoyulub. Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxt küçələrində avtomobillərin səkilərdə park edilməməsi üçün tumbalar quraşdırılıb. Lakin hələ də bəzi sürücülər belə tumbaların olmadığı səkilərdə avtomobillərini park edirlər.
Ucnoqta.az xəbər verir ki, belə qayda pozuntularından biri də bu gün qeydə alınıb. Belə ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "UAZ" markalı 90 JK 247 qeydiyyat nişanlı avtomobil Səbayel rayonu, Bünyad Sərdarov küçəsində səkidə park edilib. Səkidə hərəkət edən piyadalar isə bu səbəbdən yolun avtomobillər hərəkət edən hissəsinə çıxmalı olur ki, bu da onların təhlükəsizliyinə şərait yaradır.
Səkidə avtomobil saxlayan sürücülər, görünür, xəbərdar deyillər ki, piyadanın yolunda bir dəqiqəlik belə olsun dayanmaq qayda pozuntusudur. Sürücü piyadadan onun yoluna çıxmamağı tələb etdiyi kimi, piyada da qanunla sürücüdən öz haqqını tələb edə bilər.
“Yol Hərəkəti Haqqında” Qanunun 52-ci maddəsi “Dayanma və durma” qaydalarını müəyyən edir. Bu qada pozuntusu İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən iyirmi manat, 346.2-ci maddəsinə əsasən qırx manat məbləğində cərimə nəzərdə tutur.
Emin
