Mərkəzi Gömrük Hospitalında koronavirus xəstələrinin müalicəsində ilk dəfə olaraq sepsis kolonundan istifadə olunub.
Reanimasiya şöbəsinə daxil olan ağır xəstələrdə rast gəlinən ciddi problemlərdən biri də sepsisdir. Sepsislə bağlı kəskin böyrək zədələnmələri və böyrək çatışmazlığı müşahidə olunan xəstələrin müalicəsində sepsis kolonundan istifadə edilməyə başlanılıb. Sepsis kolonu eyni zamanda sitokin hemosorbsiyası da adlandırılır. Belə ki, dərman preparatlarının tətbiqi effektsiz olduqda, sepsis kolonundan istifadə edilir. Bu üsul həkimlərə vaxt qazandırır və xəstəliyin müalicəsində daha effektiv nəticələr əldə etməyə imkan verir.
Mərkəzi Gömrük Hospitalının Efferent Terapiya şöbəsinin rəisi, nefroloq Mirmənsim Məmmədov “Həkimlə görüş” rubrikasında böyrək zədələnmələrinin müalicəsində həyata keçirilən yeniliklər barədə Ucnoqta.az-a məlumat verib.
Dr.Mirmənsim Məmmədov rubrika iştiakçılarının – ATV-nin “Səhər” proqramının müxbiri Ülviyyə Qarayeva və Ucnoqta.az saytının redaktoru Emin Nəbilinin bu mövzu ilə bağlı suallarını cavablandırıb.

– Xroniki böyrək çatışmazlığı COVID-19 xəstəliyi üçün nə dərəcədə risk faktorudur?
– Xroniki böyrək çatışmazlığı xəstələri, immun sisteminin cavab mexanizmində olan problemlər səbəbindən risk qrupuna aid edilirlər. Bu səbəbdən bu qrupa aid olan xəstələrin peyvənd olunmasına öncəlik verilir və daha diqqətli olmaları tövsiyə olunur.
– Sepsis kolonu nədir?
– Sepsis (sepsis bədənimizin hər hansı bir infeksiyaya qarşı verdiyi reaksiyanın səbəb olduğu, bəzi hallarda potensial ölüm təhlükəsi daşıyan bir haldır) antibiotik və digər dərman maddələri ilə nəzarət altına alına bilmədikdə, sepsis kolonundan istifadə olunur. Bu prosedur həkimə xəstəliyi müalicə etmək üçün zaman qazandırır və digər orqan və sistemlərin zədələnməsini azaldır.
– Reanimasiyada olan xəstələrdə terminal böyrək zədələnməsinin müalicəsi necə aparılır?
– Bu tip vəziyyətlərdə böyrək əvəzedici cihazların tətbiqinə qədər, xəstələrin günlük və saatlıq böyrək funksiyası testləri aparılır, maye balansına, istfadə olunan antibiotiklərin və digər dərmanların dozalarına ciddi nəzarət olunur. Ehtiyac olduqda gündəlik laborator müayinələrin nəticələrinə və klinik vəziyyətə əsasən böyrək əvəzedici müalicədən (hemodializ, günlük hemodializ, yavaş və uzunmüddətli hemodializ, hemodiafiltrasiya və s.) istifadə olunur.
– Böyrək transplantasiyası olan xəstələrdə covid infeksiyası zamanı qəbul olunan ummunosupressiv dərmanların dozasının dəyişilməsinə ehtiyac varmı?
– Qəbul olunan ummunosupressiv preparatlar və digər dərmanların dozası nefroloq nəzarəti altında dəyişilməlidir.
– Xroniki böyrək yetməzliyi və böyrək transplantasiyası zamanı peyvənd oluna bilərmi?
– Hər iki xəstə qrupuna daxil olan insanların ölkəmizdə olan istənilən peyvənd vasitəsilə peyvənd olunması məsləhət görülür.
– Xroniki böyrək çatışmazlığı olan və böyrək transplantasiyası edilmiş xəstələrə isti havalarla əlaqədar tövsiyələriniz.
– Uzun müddət susuz qalmamaq, maye balansına ciddi nəzarət etmək, günün pik saatlarında müvafiq qoruyucu vasitələrdən istifadə edərək günəş şüalarından qorunmaq, mövsümi məhsulların (qarpız, yemiş, üzüm və s.) qəbulunda diqqətli olmaq.

– Hemodializ xəstələrində sepsis təhlükəsi varmı?
– Bəli, hemodializ xəstələri də immunsupressiv (bədən müqaviməti zəif olan) xəstələr qrupuna aid edildiyi üçün COVID-19 törədicisi və ya digər infeksiyalar səbəbindən sepsis yaranması təhlükəsi var. Hemodializ prosedurları zamanı infeksiya damar yollarından daxil ola bilər və belə vəziyyət ölümcül sepsisə gətirib çıxara bilər.
– Xroniki böyrək xəstəliyi üçün risk qrupunda olanlar kimlərdir?
– Xroniki böyrək xəstəliyi üçün risk yaradan hallar aşağıdakılardır:
Şəkər xəstəliyi, yüksək qan təzyiqi, ürək-damar xəstəlikləri
Piylənmə (bədən kütlə indeksi >30kq/m2)
Siqaret çəkmə
Böyrək daşı xəstəliyi, təkrarlanan sidik yolları infeksiyası
Tez-tez ağrıkəsici dərmanlardan istifadə edilməsi
Revmatoloji xəstəliklər
Yaşın 60-dan yuxarı olması
Yuxarıda sadalanan risk faktorları olan insanların şikayətlərinə əsasən müəyyən zaman aralıqlarında nefroloq müayinəsində olmaları məsləhət görülür.
