Bu gün saat 12:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində paytaxt sakini Nihad Allahverənovun idarə etdiyi motosikletlə Qəbələ rayon sakini İsa Rzayevin idarə etdiyi “Opel” markalı avtomobil toqquşub.
Ucnoqta.az xəbər verir ki, qəza nəticəsində hər iki sürücü, eləcə də İsa Rzayevin avtomobilində olan qadın sərnişin hadisə yerində həyatlarını itiriblər. Əraziyə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələri idarə edən sürücülərə müraciət edərək onları təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır!
