Yaşlı sakinlərə zor tətbiq edib pullarını apardılar - Foto

17:14 - 12 May 2020 - HADİSƏ

Yevlax rayonunda silsilə şəkildə quldurluq edən şəxslər saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, cari ilin mart və aprel aylarında tənha yaşayan yaşlı sakinlərə qarşı quldurluq edərək pullarını ələ keçirən dəstə üzvləri saxlanılıb.

Belə ki, əvvəlcədən əlbir olub mütəşəkkil dəstə şəklində tənha yaşayan yaşlı sakinlərə zor tətbiq edərək - mart ayının 12-də 1943-cü il təvəllüdlü Ş. Cəbrayılovanın 600 manat pulunu, aprel ayının 5-də 1961-ci il təvəllüdlü M. İbrahimovun 8 600 manat pulunu və aprel ayının 28-də 1942-ci il təvəllüdlü Z.Məmmədovanın 1000 manat pulunu quldurluq yolu ilə ələ keçiriblər.

Cinayət əməllərini törətməkdə şübhəli bilinən rayon sakinləri Ceyhun Qaçayev, Emin İsmayılov, Elçin Rzayev və əvvəllər məhkum edilmiş Amil Qənbərov saxlanılıb. Dəstənin digər üzvlərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslərin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 


Xəbər xətti