“BMW”ni dərədən aşıran şəxslə bağlı - Rəsmi açıqlama

14:52 - 12 May 2020 - HADİSƏ

Daxili İşlər Nazirliyi Bakıda “BMW” markalı avtomobilin dərədən vurularaq aşırılması ilə bağlı açıqlaya yayıb.

Nazirliyin mətbuat xidmətinin rəisi, polis olkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə avtomobilin dərəyə aşırılmasını əks etdirən videogörüntülərlə bağlı araşdırma aparılıb:

“Bakıxanov qəsəbə sakini Zamin Babayev polisə ərizə ilə müraciət edərək, ona məxsus “BMW” markalı avtomobilin tanışı, dəfələrlə məhkum olunmuş Elnur Abbasov tərəfindən qaçırılması və həmin şəxs tərəfindən dərəyə atılması barədə məlumat verib. Zamin Babayev qeyd edib ki, Elnur onun avtomobilini almaq istəyib və maşını yoxlamaq məqsədilə aparıb, lakin daha sonra qaytarmayıb.

O bildirib ki, Elnur Abbasov pul axtardığını və tapan kimi avtomobili alacağını deyib. Lakin mayın 11-də avtomobili dərədən aşırıb”.

Suraxanı rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 186-cı (başqasının əmlakını məhv etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxsin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, Elnur Abbasov kriminal aləmdə “Kürd Elnur” ləqəbi ilə tanınır.

Xəbər xətti