Koronavirus Ermənistan iqtisadiyyatını daha bərbad vəziyyətə salıb- Politoloq

17:00 - 15 Aprel 2020 - SİYASƏT

Elxan Şahinoğlu: ““Nə danışıqlarda irəriləyiş olacaq, nə də separatçılar Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması fikrini qəbul edəcəklər”

“Üç nöqtə” xəbər verir ki, bunu aprelin 14 -də Dağlıq Qarabağda keçirilən “prezident seçkisinin” ikinci turu ilə bağlı şərhində politoloq Elxan Şahinoğlu bildirib. Politoloq bildirib ki, separatçıların yeni lideri separatçıların keçmiş baş naziri Araik Arutunyan təyinatla seçilib. “Ona görə ki, bölgədə koronavirusun yayıldığı vəziyyətdə ermənilərin “seçki məntəqələrinə” getməsi ağlabatan deyil. Təsadüfi deyil ki, “seçki” oyunçuları vətəndaşlara müraciət ediblər ki, “məntəqələrdə” sosial məsafəni qorusunlar. Hətta yaşı 65- dən yuxarı olan ermənilərə müraciət edilib ki, “seçki məntəqələrinə” gəlməsinlər”.

Politoloq eyni zamanda bildirib ki, Araik Arutunyanın “ikinci turda” rəqibi olmayıb. “İkinci tura” keçən separatçıların keçmiş “xarici işlər naziri” Masis Mailyan koronavirusun yayıldığı dövrdə seçkinin “ikinci turunun” keçirilməsinin əleyhinə olub. Masis Mailyan “ikinci tur” öncəsində tərəfdarlarını “seçkini” boykot etməyə çağırıb.

“Halbuki, seçkinin “ikinci turu” ərəfəsində Dağlıq Qarabağda onlarla virusa yoluxanlar var və bu say getdikcə artır. “Seçkidən” əvvəl Ermənistanla sərhədi bağlamağa məcbur olublar, üstəgəl bölgədə məktəblərin fəaliyyətini dayandırıblar. Separatçılar mayın 12-ə qədər bölgədə fövqəladə vəziyyət elan ediblər”.

E.Şahinoğlu separatçıların fövqəladə vəziyyət rejimində belə bir “seçki” keçirməsi ilə bağlı məqamlara diqqət çəkib.
“Separatçıların artıq keçmiş lideri Bako Saakyan Araik Arutunyanın xələfi seçilməsi üçün nə yolla olursa-olsun “ikinci turu”  keçirməyə qərar verib. Digər tərəfdən, Araik Arutunyanı Ermənistanın baş naziri Nikol Paşinyan da dəstəkləyirdi. “Seçkinin” təxirə salınması separatçılarla Ermənistan hakimiyyəti arasında suallar yarada bilərdi. Tamamən Ermənistandan asılı olan Dağlıq Qarabağ separatçıları “seçkini” keçirməklə İrəvanın da mövqeyini nəzərə alıblar.

Separatçıları qorxublar ki, “seçki” təxirə salınsaydı bölgədə xaos yarana və bundan Azərbaycan hərbi təzyiqi artırmaq üçün istifadə edə bilərdi. Araik Arutunyanı dərhal Ermənistan prezidenti Armen Sərkisyan “təbrik” edib”.
Politoloq bildirib ki, Dağlıq Qarabağda separatçıların hansı əməliyyatları etməsindən asılı olmayaraq münaqişə ilə bağlı heç nə dəyişməyəcək, vəziyyət getdikcə daha da qəlizləşəcəkdir.

“Arutunyanın separatçıların “yeni prezidenti” seçilməsiylə heç nə dəyişməyəcək. Nə danışıqlarda irəriləyiş olacaq, nə də separatçılar Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması fikrini qəbul edəcəklər. Dəyişən sadəcə, bu olacaq ki, Bako Saakyandan fərqli olaraq Araik Arutunyan Nikol Paşinyan daha çox asılı olacaq. Bako Saakyan Paşinyanın qatı düşmənləri Robert Köçəryanın və Serj Sərkisyanın namizədi idi. Saakyan Paşinyanla tez-tez görüşsə də, Robert Köçəryana dəstəkdən imtina etmir, eks-prezidentin həbsinin əleyhinə çıxırdı. Paşinyan da bunu ikiüzlülük kimi qiymətləndirirdi. Araik Arutunyanla Paşinyanın bu məsələdə problemi olmayacaq. Buna baxmayaraq, Dağlıq Qarabağ əvvəlk kimi Ermənistana həm siyasi, həm də iqtisadi yük olmaqda davam edəcək. Koronavirus Ermənistan iqtisadiyyatını daha bərbad vəziyyətə salıb. Belə vəziyyətdə Ermənistanın Dağlıq Qarabağ iqtisadi və hərbi baxımdan ayaqda tutması daha da çətinləşəcək”.

Tahirə

Xəbər xətti