“QHT-lər Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırır”

18:26 - 18 Mart 2020 - KİVDF

Nüşabə Məmmədova: “Onların qarşısında duran prioritet istiqamətlərdən biri Dağlıq Qarabağ  həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır”

Torpaqlarımızın işğaldan azad olunması, eləcə də dünyada baş verən kataklizmlərdən daha az zərərlə çıxmaq əsas hədəflərimizdən biridir və bu, həm də dövlət strukturları ilə ictimai həmrəyliyin qurulmasından keçir. Hazırda Vətəndaş Cəmiyyətləri olan QHT-lərin bu istiqamətdəki rolu maraqla izlənir. Bu və ya digər məsələlərlə bağlı “Üç Nöqtə”-yə danışan Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri, Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti Nüşabə Məmmədova bir çox nüanslara aydınlıq gətirib. Onun sözlərinə görə, bu gün Azərbaycan dövlətinin QHT-lərə dəstək verəcəyi prioritet istiqamətlərdən biri də Dağlıq Qarabağ məsələsi və Azərbaycan gerçəkliyinin dünya ictimaiyyətinə çatdırılması durur. Bu günə qədər milli donorların maliyyə dəstəyi ilə QHT-lər tərəfindən Qarabağ məsələsinə həsr olunmuş yüzlərlə  layihə həyata keçirilib və bu layihələr çərçivəsində xeyli sayda kitab, broşür, buklet çap olunub, bir neçə film çəkilib, onlarla sayt hazırlanıb. Bundan əlavə bir çox beynəlxalq tədbirlərdə, forumlarda QHT-lərin iştirakı təmin olunub və QHT-lər də öz növbəsində Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılması üçün bu forumlardan maksimum dərəcədə faydalanmağa çalışmışdır. Bu fəaliyyətlər  hazırda da davam etdirilir və Dağlıq Qarabağ məsələsi yenə də prioritet mövzu olaraq saxlanılır.

Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti Nüşabə Məmmədovanın sözlərinə görə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu böyük işlər görür. “ 2005-ci ildən Heydər Əliyev Fondu Qarabağ haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Qarabağın tarixi, Ermənistan-Azərbaycan Dağlıq Qarabaş münaqişəsi, Ermənistanın torpaqlarımıza iddiaları və işğalçı siyasəti, ermənilərin işğal olunmuş torpaqlarımızda maddi-mədəniyyət abidələrimizə qarşı terrorçu fəaliyyəti, həmçinin Qarabağ musiqi tariximizin, muğamlarımızın, milli mətbəximizin tanıdılması istiqamətində gördüyü işlər, həyata keçirdiyi layihələr çox dəyərlidir. Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla xanım Əliyevanın “Xocalıya Ədalət” kompaniyası bütün dünyada yaşayan azərbaycanlılar, bütövlükdə türk milləti üçün hərəkata çevrilmişdir. “Xocalıya Ədalət” Kompaniyası çərçivəsində Xocalı Soyqırımı dünyanın 16 ölkəsində, ABŞ-ın 22 ştatında rəsmi olaraq tanınmışdır. Bu, Heydər Əliyev Fondunun, ölkəmizin beynəlxalq diplomatiyasının uğurlardandır.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemləri ilə bağlı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması bu gün də qarşımızda olan ən vacib məsələlərdən biridir və bu istiqamətdə Azərbaycan dövləti ilə yanaşı digər vətəndaş cəmiyyəti institutları – QHT-lər fəallıq göstərirlər. “Qeyd edim ki, vətəndaş cəmiyyəti institutlarının beynəlxalq aləmdə apardığı təbliğatların ciddi olaraq qarşılanması, Dağlıq Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində QHT-lərin fəaliyyətinin önəmini daha da yüksəldir. Beynəlxalq arenada QHT xətti ilə həyata keçirilən təbliğatın effekti heç də rəsmi siyasətin tərkib hissəsi kimi deyil, xalqın iradəsini, yaşamını əks etdirən təbliğat olaraq qəbul edilir. Buna görə də, 30 ildən çoxdur xalqımızın yaşadığı Dağlıq Qarabağ probleminin həlli istiqamətində, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini əsil mahiyyəti, tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırılması istiqmətində QHT-lərin aktiv mövqe tutması olduqca vacibdir və bu yolda faydalı nəticələr əldə edilməkdədir. Azərbaycan Qarabağ həqiqətlərinin təbliğatı məqsədilə dünyanın müxtəlif ölkələrində, beynəlxalq təşkilatların zirvə toplantılarında, sessiyalarında stentlər təşkil olunur, silsilə tədbirlər, aksiyalar, sərgilər keçirilir, filmlər nümayiş olunur. Lakin xarici havadarlarının dəstəyinə arxalanan hiyləgər  düşmənlə üz-üzə qalan ölkənin vətəndaş cəmiyyəti institutları olaraq biz bu istiqamətdə fəaliyyətimizi daha da genişləndirməliyik. Beynəlxalq arenada, xarici ölkə QHT-ləri, KİV-ləri, beynəlxalq təşkilatlarla daha geniş formada əlaqələr yaratmalı və inkişafı istiqamətində səylərimizi artırmalıyıq”.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin təbliğatlı, həyata keçirdiyimiz işlər o vaxt yetərli, qənaətbəxş olacaq ki, Dağlıq Qarabağ və ərafında olan 7 rayon işğaldan azad olunsun, qaçqın və məcburi köçkünlərimiz öz torpaqlarına qayıtsın, erməni silahlı qüvvələri tərəfindən girovluqda saxlanılan daima bizlərdən kömək gözləyən əsir və girovlarımız, o cümlədən Dilqəm Əsgərov, Şahbaz Quliyev azad olunsun, Xocalı Soyqırımını törədən cinayətkarlar öz cəzalarını alsın. O zaman bu istiqamətdə görülən işlərin nəticəsi olacaqdır.

Nüşabə xanım bildirib ki, ,2020-ci il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Könüllülər ili” elan olunub. Bu xalqı əsrlər boyu könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır.  Bu fəaliyyətin təşviqi məqsədilə hüquqi baza yaradılmış, QHT-lərə dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının-milli donorun yaradılması ölkəmizdə QHT-lərin xarici donorlardan, ölkəmizə qarşı əks həmlədə maraqlı olan bəzi siyasi dairələrdən asılılığının qarşısını alınmasında mühüm tarixi addımlardan biri idi. Bu addım cəmiyyətin bütün siyasi və qeyri-siyasi təbəqəsi üçün açıq olması ilə yanaşı QHT-lərin inkişafında yeni mərhələnin başlanğıcı, eyni zamanda demokratik dövlət quruculuğunun sürətləndirilməsi baxımından mühüm əhəmiyyətli idi. Lakin milli donorun yaradılması ilə xarici donorların ölkəmizdə azad fəaliyyəti məhdudlaşdırılsa da, QHT-lərin layihələrinin xarici donarlar tərəfindən maliyyələşdirilməsinin hüquqi əsaslarla təmin edilməsi barədə hüquqi baza yaradıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən  ilə xarici donorların Azərbaycan QHT-lərinə qrant verməsinə dair yeni “bir pəncərə” prinsipinin  tətbiq olunması, Nazirlər Kabineti tərəfindən "Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası"nda dəyişikliklər edilməsi barədə verdiyi qərar Azərbaycanın vətəndaş cəmiyyətinin layihələrinin xarici donorlar vasitəsilə həyata keçirmələri üçün zəmin yaratmışdır. Hazırda ölkəmizdə dövlət qeydiyyatında olan QHT-lər layihələrini həm milli donorlar, həm xarici donorlardan ayrılan vəsaitlə həyata keçirirlər.  Xüsusi bir məqamı qeyd etmək istərdim, bir çox QHT-lər var  onlar öz ideyalarını müəyyən formada heç bir maliyyə dəstəyi olmadan, öz şəxsi vəsaitləri ilə keçirirlər. Bu xalqımızın əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənələrinin yaşadılması nümunələrindəndir.

Onun sözlərinə görə,  digər təbliğat formaları, qarşılıqlı səfərlər, görüşlər, beynəlxalq tədbirlərdə iştirak, xüsusi nəşrlərin çapı və digər bu kimi mühüm məsələlər daim QHT-lərin diqqət mərkəzindədir. QHT-lər beynəlxalq təşkilatların üzvü olmağa, onların tribunasından istifadə etməyə daha çox cəhd göstərmələri, ikitərəfli və çoxtərəfli əlaqələrin qurulmasına üstünlük vermələri təqdirə layiqdir. Bu, ölkəmizi beynəlxalq arenada lazımi səviyyədə təmsil və təbliğ etmək üçün önəmli bir fürsətdir. Azərbaycan həqiqətləri ilə bağlı xarici dillərdə keyfiyyətli internet resurslarının sayı daha da çoxaldılmalıdır. Eləcə də yerləşdirilən materialların məzmunca keyfiyyətinə və həcminə diqqət yetirilir.

Tahirə Qafarlı

Xəbər xətti