Vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən şikayət edilə bilər

19:00 - 28 Fevral 2020 - KİVDF

Şikayətlərin araşdırılması məqsədi ilə MSK nəzdində 9 nəfərdən, dairə seçki komissiyasının nəzdində isə 3 nəfərdən ibarət müvafiq ekspert qrupları yaradılır

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına bir sıra şikayətlər daxil olmuşdu. Bu şikayətlərə MSK-nın iclaslarında baxıldı və müxtəlif qərarlar verildi. Məsələn, 61 saylı Neftçala seçki dairəsi üzrə qeydə alınmış namizədlər Əsədov Kamran Alim oğlu 2020-ci il fevralın 24-də və Məlikov Soltanhəmid Hilal oğlu 2020-ci il fevralın 25-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi üzrə dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 23/68 saylı qərarını mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişlər. Müraciətlər eyni məzmunlu olduğundan və 61 saylı Neftçala seçki dairəsini əhatə etdiyindən bir icraatda birləşdirilmişdir. Bəs, bu şikayətə baxılması qanunvericiliklə necə tənzimlənir? 

Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci (Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayət edilməsi), 112-1-ci (Vətəndaşların seçki hüquqlarının pozulması haqqında şikayətlərin araşdırılması) maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır. Mərkəzi Seçki Komissiyasının iclasının qərarına keçmədən əvvəl şikayətin verilməsinə aydınlıq gətirək. Yuxarıda qeyd edildiyi kimi  Seçki Məcəlləsinin 112-ci maddəsi vətəndaşın şikayəti ilə bağlıdır. 112-ci maddədə qeyd olunub ki, seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. Şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilər. Əgər sikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsinə ikayət edə bilərlər.  Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasında şikayətə baxmaq və rəy vermək məqsədilə ekspert qrupu yaradılır.  Bu barədə Seçki Məcəlləsinin 112-1 maddəsində aydınlıq gətirilir. Bildirilir ki, vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində 9 nəfərdən, dairə seçki komissiyasının nəzdində isə 3 nəfərdən ibarət müvafiq ekspert qrupları yaradılır. Həmin qrupların tərkibinə hüquq təhsili olan komissiya üzvləri daxil edilə bilərlər. Ekspert qruplarının yaradılma qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir. Ekspert şikayəti araşdırarkən Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməllərin və ya ehtimalın olmasını müəyyən etməkdə çətinlik çəkərsə, dairə seçki komissiyası öz səlahiyyətlərinə aid olan hissədə bu Məcəllə ilə müəyyən edilmiş hərəkətlərin edilməsini tövsiyə etməklə yanaşı, həmin məsələ ilə əlaqədar rəy verilməsi üçün şikayətin Mərkəzi Seçki Komissiyasına göndərilməsinə dair rəy verməlidir. Dairə seçki komissiyasına seçki subyektləri tərəfindən və seçki ilə əlaqəsi olan cinayət xarakterli şikayət daxil olarsa, ekspert şikayətdə göstərilən qanun pozuntularında Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş əməllərin əlamətlərinin olduğu qənaətinə gələrsə, həmin əməllər barədə müvafiq prokurorluq orqanına dairə seçki komissiyası tərəfindən məlumat verilməsinə dair rəy verir. Məlumata şikayətin surəti əlavə edilir. Əgər şikayət ona baxan ekspert qrupunun səlahiyyətlərinə aid deyilsə, şikayətin aidiyyəti üzrə göndərilməsi barədə müvafiq seçki komissiyası qərar qəbul edir.  Ekspert rəyi verildikdən dərhal sonra elan olunur və ya növbəti 18 saatdan gec olmayaraq müvafiq seçki komissiyasının qərarı ilə birlikdə dərc olunur.

Yuxarıdaki şikayət dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 23/68 saylı qərarını mübahisələndirilməsi ilə bağlı olub və bu səbəbdən şikayətə MSK-da baxılıb.  Müraciətin əsasında nə dayanır? Namizədlər K.A.Əsədov və S.H.Məlikov müraciətlərində iddia etmişlər ki, 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə səsvermə günü 61 saylı Neftçala seçki dairəsinin bir sıra seçki məntəqələrində müşahidəçilərə müşahidənin aparılmasına şərait yaradılmamış, seçki qutusuna topa bülletenlər atılmış, həmin seçki dairəsinin seçiciləri olmayan vətəndaşların səs verməsinə şərait yaradılmış, səsvermədə iştirak edən seçicilərin sayının az olmasına baxmayaraq məntəqə seçki komissiyaları tərəfindən bu say artırılmış və səslərin hesablanması zamanı qanun pozuntularına yol verilmişdir. Eyni zamanda namizəd S.H.Məlikov seçkilər elan edilən vaxtdan namizədliyin qeydə alınması üçün imza toplama mərhələsində, həmçinin namizədliyin qeydə alınması və seçkiqabağı təşviqat dövründə həmin seçki dairəsi üzrə pozuntuların olmasını iddia etmişdir. Yuxarıda qeyd olunanlarla əlaqədar şikayətçilər 61 saylı Neftçala seçki dairəsi dairə seçki komissiyasına müraciət etmiş, komissiya tərəfindən şikayətlər araşdırılmış, həmin dairə seçki komissiyasının yuxarıda gostərilən müvafiq qərarları ilə müraciətlər əsassız hesab edilərək təmin olunmamışdır.

Məcəlləyə uyğun olaraq araşdırma prosesində K.A.Əsədovla əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, S.H.Məlikovla isə əlaqə yaratmaq mümkün olmamışdır. Onlar Komissiyanın iclasında iştirak etməmişlər. Dairə seçki komissiyasından araşdırma materialları tələb edilərək digər sənədlərlə birlikdə təkrarən araşdırılmışdır.

Namizəd S.H.Məlikovun müraciətinin səsvermə gününədək iddia edilən qanun pozuntuları hissəsi ilə bağlı qeyd edilməlidir ki, həmin pozuntular Seçki Məcəlləsi ilə müəyyən edilmiş şikayətvermə müddəti ötürülməklə mübahisələndirildiyindən onlar üzrə araşdırma aparılması istisna olunur.

Araşdırma ilə seçki dairəsinin bir sıra seçki məntəqələrində səsvermə günü baş verməsi iddia olunan qanun pozuntuları öz təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolu Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuş və bir nüsxəsi məlumat lövhəsində asılmışdır. Bu hal ayrı-ayrı seçki məntəqələri üzrə səsvermənin və səslərin sayılmasının müşahidəsini həyata keçirmiş müxtəlif maraqları təmsil edən çoxsaylı müşahidəçilərin, məntəqə seçki komissiyaları sədrlərinin, katiblərinin, üzvlərinin və digər seçki subyektıərinin verdikləri izahatlarla, həmçinin tərtib edilmiş aktlarla təsdiq olunmuşdur. Daha sonra verilmiş izahatlar, aktlar və əlavə edilmiş digər sənədlərdən görünür ki, səsvermə günü seçki məntəqələrində müvafiq müşahidəçilər tərəfindən seçki qanunvericiliyinin tələblərinə əməl olunmaqla müşahidə aparılmış, Seçki Məcəlləsinin 41-ci maddəsi ilə müəyyən edilmiş müşahidənin aparılması prinsiplərinə əməl olunmuşdur.

Qeyd edək ki, bu maddə ilə müşahidə aparılmasının prinsipləri tənzimlənir. 41-ci maddəyə əsasən, müşahidələrin aparılması aşağıdakı prinsiplərə əsaslanır: seçki prosesinə bir namizədin və ya siyasi partiyanın mənafeləri naminə təsir göstərilməməlidir; müşahidə edilən hərəkətlərə aid olan bütün hallar və faktlar nəzərə alınmalıdır; müşahidə açıq aparılmalıdır; müşahidənin yekunları faktlara əsaslanmalıdır. Müşahidə seçkilərin (təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən başlana bilər və müvafiq məhkəmələrdə seçkilərlə  əlaqədar bütün mübahisələrə baxıldıqdan sonra, seçkilərin yekunlarının (ümumi yekunlarının) rəsmi dərc edildiyi gün bitir.

Seçki prosesində  yuxarıda qeyd olunan prinsiplərə əməl edilib. Məlum olub ki, sosial şəbəkələrdə yayılan görüntülər nəzərdən keçirilərkən 61 saylı Neftçala seçki dairəsi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi ilə bağlı hallar müəyyən olunmayıb. Beləliklə, 61 saylı Neftçala seçki dairəsinin bir sıra seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları ilə bağlı iddialar öz təsdiqini tapmadığından, həmçinin səsvermənin keçirilməsi və ya nəticələrinin müəyyənləşdirilməsi zamanı həmin seçki dairəsi üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hal müəyyən edilmədiyindən namizədlər K.A.Əsədovun 24 fevral 2020-ci il tarixli 398 saylı və namizəd S.H.Məlikovun 25 fevral 2020-ci il tarixli 416 saylı müraciətləri əsassız hesab edilərək təmin edilməyib. Dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 23/68 saylı qərarı dəyişdirilmədən saxlanılıb.

 

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü (Seçki komissiyaları öz səlahiyyətləri daxilində qərarlar qəbul edirlər), 28.2-ci (Mərkəzi Seçki Komissiyasının qərarları açıq səsvermə yolu ilə Mərkəzi Seçki Komissiyasının iclasında komissiya üzvlərinin 12-si iştirak edərsə — azı 8 üzvün; 13-ü iştirak edərsə — azı 9 üzvün; 14-ü və ya 15-i iştirak edərsə — azı 10 üzvün; 16-sı iştirak edərsə — azı 11 üzvün; 17-si və ya 18-i iştirak edərsə — azı 12 üzvün səs çoxluğu ilə qəbul edilir.), 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 23/68 saylı qərarı dəyişdirilmədən saxlanılıb. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minib

Xəbər xətti