Bütün seçkilər mətbuat üçün açıqdır

18:28 - 26 Fevral 2020 - KİVDF

Qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçkiqabağı təşviqatda iştirakı Seçki Məcəlləsinin on üçüncü fəsli ilə tənzimlənir

Azərbaycanda parlament seçkilərinin keçirilməsi və yeni parlamentin formalaşdırılması son illərdə daha intensiv xarakter almış islahatların tərkib hissəsi və bu islahatları bütövləşdirən vacib faktordur. İcra hakimiyyəti sistemində, sosial-iqtisadi sahədə aparılan struktur və kadr islahatlarının qanun yaradıcılığı sistemini və onun ən aparıcı institutu olan Milli Məclisi də əhatə etməsi mövcud reallığın obyektiv tələbi idi. Azərbaycanda parlament islahatı ölkənin indiki mərhələdə üzləşdiyi çağırışlara ən optimal cavab vermək baxımından misilsiz addım idi. Düşünürəm ki, parlament seçkiləri Azərbaycan Konstitusiyası və Seçki Məcəlləsinə uyğun keçirildi. Bunu Bəhruz Quliyev deyib. Onun sözlərinə görə, Azərbaycan Milli Məclisinə seçkilərin hələ də gündəmdə olması təbii prosesdir. “Çünki, parlament seçkiləri təkcə ölkə daxilində deyil, həm də beynəlxalq təşkilatların diqqətində olan siyasi hadisədir. Beynəlxalq ictimaiyyətin gözü Azərbaycana yönəlmişdi. Bunu ölkəmizə gələn beynəlxalq müşahidəçilərin həm sayında, həm də seçki ilə bağlı fikirlərində aydın şəkildə görmək mümkündür. Xatırladım ki, Milli Məclisə seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçmişdi ki, onlar 59 beynəlxalq təşkilatı və 58 ölkəni təmsil edirdilər. Beynəlxalq müşahidəçilərin sayı və geniş coğrafiyanı əhatə etməsi dünya ictimaiyyətinin Azərbaycanda keçirilən seçki prosesinə yüksək diqqət ayırdğını göstərir.

Bir sözlə ifadə etsək, seçki prosesi cəmiyyətimizdə həyata keçirilən bu islahatlar ölkəmizin inkişafının daha da sürətləndirilməsinə, insanların rifah halının daha da yaxşılaşdırılmasına xidmət etməklə yanaşı, həm də beynəlxalq aləmə təqdim edilən demokratiya nümunəsi, şəffaflıq etalondur. Hesab edirəm ki, Azərbaycanda həyata keçirilən islahatlar prosesinin tərkib hissəsi olan 9 fevral seçkiləri xalqın iradəsini əks etdirməklə yanaşı, qarşıda duran ən vacib vəzifənin -Vətənimizin daha da güclənməsinə və çiçəklənməsinə, eyni zamanda, hər bir vətəndaşımızın daha yaxşı yaşamasına istiqamətlənmiş vəzifənin yüksək səviyyədə yerinə yetirilməsinə öz güclü töhfəsini verəcək”. Bəhruz Quliyev qeyd edib ki,  seçkilərin azad və demokratik keçirilməsində mətbuat mühüm rol oynayır. “Beynəlxalq təşkilatların  seçkilərin işıqlandırılması ilə bağlı üzv ölkələrə verdiyi tövsiyələrdən biri məhz medianın rolu ilə bağlıdır. İstər seçkilərdən əvvəl, istər seçkilər zamanı, istərsə də seçkilərdən sonra media bu prosesdə fəal iştirak etməlidir. O ki qaldı, Azərbaycanda seçki prosesi KİV-lərə yaradılan şəraitə, tam əminliklə deyə bilərik ki, ölkəmizdə bütün seçki proseslərində mətbuat fəal iştirak edir. Bu da Azərbaycan dövlətinin şəffaf, demokratik seçkilərin keçirilməsi üçün ortaya qoyduğu siyasi iradənin ən bariz nümunələrindən biridir”.

Kütləvi informasiya vasitələri  Milli Məclisə seçkilər zamanı seçkiqabağı təşviqatın aparılmasında önəmli rol oynayır. Bu məqsədlə KİV qarşısında bir sıra tələblər qoyulur və bu məsələ Seçki Məcəlləsinin 155-ci maddəsi ilə tənzimlənir. Bu maddədə bildirilir ki,  qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçkiqabağı təşviqatda iştirakı bu Məcəllənin on üçüncü fəsli (Seçkiqabağı təşviqat) ilə tənzimlənir. Bu fəslin 74.2.1 məddəsinə əsasən seçkiqabağı təşviqat  aparmaq hüququna kütləvi informasiya vasitələri də malikdir. Seçki Məcəlləsinin155.2 maddəsində bildirilir ki, teleradio verilişləri təşkilatlarının ayırdıqları pulsuz efir vaxtının ümumi həcminin 1/3 hissəsi qeydə alınmış namizədlərə, birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına müzakirələrin, dəyirmi masaların, digər bu cür təşviqat tədbirlərinin keçirilməsi üçün ayrılır. Bu cür tədbirlərin keçirilməsi qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir. Bu Məcəllənin 77.2 və 77.3-cü maddələrində göstərilən teleradio verilişləri təşkilatlarının kanallarında birgə təşviqat tədbirlərinin keçirilməsi üçün qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları üçün efir vaxtı ayrılır, hesablanır və ayrı-ayrılıqda həyata keçirilir. Bu cür pulsuz efir vaxtından qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları bərabər əsaslarla istifadə etməlidirlər. Bu halda hər bir namizəd, siyasi partiya, siyasi partiyaların bloku tərəfindən istifadə edilən efir vaxtının həcmi ayrıca müəyyənləşdirilir.

77.2. maddəyə əsasən Bu Məcəllənin 77.1-ci maddəsində  (İctimai teleradio təşkilatları və ya dövri nəşrlərin redaksiyalarının təsisçiləri dövlət orqanları, təşkilatları, idarələri olduqda və ya onlar dövlət büdcəsindən maliyyələşdirilərsə, ictimai teleradio təşkilatları və dövri nəşrlərin redaksiyaları qeydə alınmış namizədlərə, siyasi partiyalara və siyasi partiyaların bloklarına seçkiqabağı proqramlarını təbliğ etməkdən ötrü, üzvlərinin sayı 20 min və daha çox olan referendum üzrə təşviqat qruplarına referenduma çıxarılan məsələlərin lehinə və əleyhinə təşviqat aparmaqdan ötrü dövlət hakimiyyəti orqanlarının ayırdığı vəsait hesabına bərabər şərait yaradırlar. Göstərilən təşkilatlar qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referenduma çıxarılan məsələlərin lehinə və ya əleyhinə öz təşəbbüsləri ilə seçkiqabağı təşviqat apara bilməzlər. Dövlətə məxsus olan teleradio verilişləri təşkilatları vasitəsilə seçkiqabağı təşviqat aparılmır )nəzərdə tutulan və verilişləri Azərbaycan Respublikası ərazisinin yarısına yaxud yarısından çoxuna yayımlanan teleradio verilişləri təşkilatları, habelə dövri nəşrlərin redaksiyaları prezidentliyə qeydə alınan namizədlərə, birmandatlı seçki dairələrinin 60-dan çoxunda və ya bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına, üzvlərinin sayı 40 min və daha çox olan referendum üzrə təşviqat qruplarına seçkiqabağı təşviqat aparmaq üçün şərait yaratmağa borcludurlar. Mərkəzi Seçki Komissiyası göstərilən teleradio verilişləri təşkilatlarının və dövri nəşrlər redaksiyalarının siyahısını seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edilməsi günündən 20 gün gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının təqdimatına əsasən dərc edir.

 Azərbaycan Respublikası ərazisinin yarısından az hissəsində verilişləri yayımlanan teleradio verilişləri təşkilatları, habelə bu Məcəllənin 77.2-ci maddəsində göstərilən teleradio verilişləri təşkilatlarının müvafiq bölmələri və bu Məcəllənin 77.1-ci maddəsində nəzərdə tutulan, Azərbaycan Respublikası ərazisinin yarıdan az hissəsində yayımlanan dövri nəşrlərin redaksiyaları birmandatlı seçki dairəsində qeydə alınmış namizədə, bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada seçicilərin zəruri sayda imzaları yığılmış müvafiq seçki dairəsinin əhatə etdiyi və üzvlərinin sayı 20 min və daha çox olan referendum üzrə təşviqat qruplarına, bələdiyyələrin 1/3-dən çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına müvafiq inzibati ərazi vahidində seçkiqabağı təşviqat aparmaq imkanı yarada bilərlər. Teleradio verilişləri təşkilatlarının və dövri nəşrlər redaksiyalarının siyahısı seçkilərin təyin edilməsi haqqında qərar (sərəncam) rəsmi dərc edildikdən ən geci 30 gün ərzində müvafiq icra hakimiyyəti orqanının təqdimatı ilə müvafiq dairə seçki komissiyaları tərəfindən dərc edilir(77.3).

Bu maddələr göstərir ki, Azərbaycanda keçirilən bütün seçkilər mətbuat üçün açıqdır və KİV-lər bu prosesdə önəmli rola malikdir. Bildiyiniz kimi Mərkəzi Seçki Komissiyası mətbuatla birgə işləməyə hər zaman xüsusi diqqət göstərir.


(ardı var)

Xəbər xətti