Dairə seçki komissiyasının qərarı 24 saat ərzində dərc edilir

19:07 - 24 Fevral 2020 - Xəbər

 Qərar dərc olunduğu gündən qüvvəyə minir

Mərkəzi Seçki Komissiyasının son iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar müraciətlərə baxılıb. 34 saylı Xətai ikinci seçki dairəsi ilə bağlı Komissiyaya müraciət edən namizəd Baxışov Qəzənfər İsamməd oğlu həmin dairə üzrə bütün seçki məntəqələrində seçki prosesinin pozulduğunu iddia edib. MSK üzvü Ramiz İbrahimov müraciət haqqında məlumat verərkən bildirib ki, şikayət aidiyyatı üzrə dairə seçki komissiyasına göndərilib. DSK tərəfindən aparılan araşdırmalar zamanı şikayətdə göstərilən hallar təsdiqini tapmayıb. Beləliklə, ekspert qrupunun rəyi ilə namizədin müraciəti təmin edilməyib. Qeyd edək ki, şikayətçi Qəzənfər Baxışov Müsavat Partiyasının namizədidir.  Həmin dairə üzrə lider namizəd Mixail Zabelindir.

Iclasda 11 saylı Qaradağ və 43 saylı Sumqayıt 3-cü Seçki Dairəsi ilə bağlı müraciətlərə  də baxılıb. Araşdırma zamanı səsvermə günü qanun pozuntuları öz əksini tapmayıb və seçicilərin iradəsinə təsir edəcək hər hansı bir hal qeydə alınmayıb. Bu dairələr üzrə şikayətlər əsassız hesab edilib.
12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi ilə bağlı müraciətə baxılarkən qanun pozuntuları aşkar edilib və həmin dairə üzrə 11 məntəqədə səsvermənin nəticələri ləğv edilib. 10 saylı Binəqədi üçüncü seçki dairəsində isə bir məntəqədə səsvermənin nəticələrinin ləğv edilib.

Fevralın 22-də MSK-nın iclasında isə Milli Məclisə seçkilərlə əlaqədar 57 saylı Kürdəmir Seçki Dairəsindən qeydiyyata alınmış namizəd Kamal Səlimovun müraciətinə baxılıb. Məsələ barədə MSK üzvü Qabil Orucov məlumat verib. Q.Orucov bildirib ki, qanunvericiliyin tələbinə zidd olaraq namizədin müraciətinə 57 saylı Dairə Seçki Komissiyasında (DSK) baxılmayıb. Buna görə də MSK müraciətin müvafiq qaydada DSK-ya göndərilməsinə qərar verilib. Q.Orucov eyni zamanda DSK tərəfindən namizədin müraciətinə baxılmamasına da gələcəkdə MSK-nın qiymət verməsini zəruri sayıb.

MSK sədri Məzahir Pənahov DSK üçün belə bir halı yolverilməz sayıb və həmin DSK-nın gələcəkdə buraxıla biləcəyini söyləyib.  Bu iclaslardan da aydın olur ki, Dairə Seçki Komissiyalarının üzərinə böyük məsuliyyət düşür.  Bəs, dairə seçki komissiyası necə formalaşır? Qeyd edək ki,  Dairə Seçki Komissiyasının formalaşdırılması qaydaları Azərbaycan Respublikası Seçki Məcəlləsinin  19.7-ci, 22-ci və 30-cu maddələri və Dairə seçki komissiyasının formalaşdırılması qaydaları haqqında Təlimatla müəyyən edilir. Seçki Məcəlləsinin 30-cu maddəsi ilə Dairə seçki komissiyalarının təşkili tənzimlənir.  Bu maddə əsasən Dairə seçki komissiyaları bilavasitə seçkilərdən (referendumdan) əvvəl yaradılarsa, onlar səsvermə gününə azı 50 gün qalmış təşkil edilməlidir. Bu seçki komissiyası 9 üzvdən ibarətdir. Dairə seçki komissiyasının üzvləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilirlər.

Dairə seçki komissiyasının 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən təqdim edilir. Dairə seçki komissiyasının üzvlüyünə namizədləri Mərkəzi Seçki Komissiyasında siyasi partiyaları təmsil edən komissiyanın üzvlərinə müvafiq siyasi partiyaların yerli təşkilatları da təqdim edə bilərlər. Heç bir siyasi partiyaya mənsub olmayan deputatları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən dairə seçki komissiyasına irəli sürülmüş namizədlərin 2-si maraqlı tərəflərlə razılaşdırılır: 1 namizəd deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri ilə, digər namizəd deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri ilə. Dairə seçki komissiyalarının üzvləri Mərkəzi Seçki Komissiyasından müvafiq vəsiqə alırlar.

Aydındır ki, Dairə seçki komissiyası Milli Məclisin deputatlarının seçkilərinin hazırlanması və keçirilməsi zamanı bir sıra səlahiyyətlərə malikdir. Bu Seçki Məcəlləsinin 32-ci maddəsi ilə tənzimlənir.  Bu 32-ci maddənin 32.2 bəndi ilə tənzimlənir. Bildirilir ki, Dairə seçki komissiyası müvafiq birmandatlı seçki dairəsi üzrə irəli sürülmüş namizədlər barəsində məlumatların alınmasını təmin edir, qeydə alınmış namizədlər barəsində məlumatları dərc edir, birmandatlı seçki dairəsi üzrə namizədləri, onların səlahiyyətli nümayəndələrini, vəkil edilmiş şəxslərini qeydə alır, onlara Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi nümunədə vəsiqə verir, seçki dairəsinin ərazisində namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondları vəsaitinin xərclənməsinə nəzarəti, seçki dairəsinin ərazisində bütün namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları üçün bu Məcəllə ilə müəyyən edilmiş seçkiqabağı fəaliyyət şərtlərinə əməl olunmasını təmin edir. Bundan başqa,  birmandatlı seçki dairəsi üzrə seçkilərin yekunlarını müəyyənləşdirir, təkrar və əlavə seçkilər keçirir.

Qeyd edək ki, Dairə seçki komissiyasının sədri və katibləri öz səlahiyyətləri dövründə dövlət büdcəsi hesabına əmək haqqı alırlar. Dairə seçki komissiyasının üzvləri seçkilərin təyin edilməsi haqqında səlahiyyətli dövlət orqanının qərarının (sərəncamının) dərc edildiyi gündən seçkilərin nəticələrinin dərc edildiyi günədək olan müddətdə, habelə hər il seçici siyahılarının hazırlandığı dövrdə dövlət büdcəsi hesabına pul təminatı alırlar. Dairə seçki komissiyasının tərkibinə seçilən, dövlət və ya yerli büdcələrdən maliyyələşdirilən orqanlarda, müəssisələrdə, təşkilatlarda və ya təsisatlarda qulluq edən üzvün iş yeri üzrə aldığı əmək haqqı saxlanılır.

Seçkilər dövründə dairə seçki komissiyasının üzvü müvafiq rayon prokurorunun razılığı olmadan cinayət məsuliyyətinə cəlb edilə bilməz tutula bilməz və ya məhkəmə qaydasında müəyyənləşdirilən inzibati tənbeh tədbirlərinə məruz qala bilməz (bu maddədə «rayon prokuroru» dedikdə, seçki dairəsi ərazisinin çox hissəsinin əhatə etdiyi rayonun prokuroru başa düşülür). Dairə seçki komissiyasının üzvü cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda, dairə seçki komissiyasının üzvünü tutan orqan bu barədə dərhal Mərkəzi Seçki Komissiyasına və müvafiq rayon prokuroruna xəbər verir.

Dairə seçki komissiyası üzvünün seçkilər dövründə seçki dairəsinin ərazisində gediş-gəliş üçün hər cür ictimai nəqliyyatdan (taksi və sifarişli reyslər istisna olmaqla) istifadə xərcləri gediş-gəliş sənədləri təqdim olunduqda dairə seçki komissiyasının ayırdığı vəsait hesabına ödənilir.

Dairə seçki komissiyası isə öz işini Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş dairə seçki komissiyasının reqlamenti əsasında qurur.  Dairə seçki komissiyasının katibliyi öz işini Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş Əsasnamə əsasında qurur. Qərarlar komissiyanın iclasında 9 üzv iştirak etdikdə – azı 6 üzvün, 8 və ya 7 üzv iştirak etdikdə — azı 5 üzvün, 6 üzv iştirak etdikdə — azı 4 üzvün lehinə səs verməsi nəticəsində qəbul edilir. Bu qərar 24 saat ərzində dərc edilməlidir və dərc olunduğu gündən qüvvəyə minir.

Xəbər xətti