Cəbhə bölgəsində işləyən müəllim: “Hər hansı qorxunu Vətənə olan borcuma qurban vermərəm”

18:51 - 21 Fevral 2020 - Müsahibə

Aytən İsayeva: “Uşağa öyrətdiyim bir hərf belə mənə əvəzolunmaz qürur hissi verir”

1996-cı il yanvar ayının 29-da Tovuz rayonunda dünyaya gəlib. Uşaq yaşlarından müəllimlik peşəsinə böyük sevgisi olub. Və bu sevgini içində bəsləyib, böyüdüb və  nəhayət müəllimlik peşəsinə yiyələnib. Müəllimlərin İşə Qəbulu imtahanında yüksək bal toplasa da çalışmaq üçün cəbhə bölgəsini seçib. Deyir ki, düşmənlə yaxın ərazidə müəllim olmaq istəyən az insan olar: “Düşündüm ki, orda da müəllimə ehtiyac var. Həm də mən xalqıma, xalqımın balalarına xidmət edirəm. Hər hansı qorxunu Vətənə olan borcuma qurban vermərəm”.

“Üç nöqtə” qəzetinin qonağı Tovuz rayon Ağdam kəndi Naiq Yusifov adına tam orta məktəbin ibtidai sinif müəlliməsi Aytən İsayevadır.

- Öz istəyinizlə bu məktəbi seçmisiniz?
- Bəli, bu məktəbdə işləmək öz istəyim idi. Balım yüksək olsa da, seçim zamanı ilk olaraq Ağdam kəndini yazmışdım.

- Bəs niyə məhz bu məktəb?
- Düşmənlə yaxın ərazidə müəllim olmaq istəyən az insan olar. Düşündüm ki, orda da müəllimə ehtiyac var. Həm də mən xalqıma, xalqımın balalarına xidmət edirəm. Hər hansı qorxunu Vətənə olan borcuma qurban vermərəm.

- Neçə müddətdir burda işləyirsiniz?
- 3 ildir ki, Tovuz rayonunun Ağdam kəndində işləyirəm.

- Nə vaxta kimi burda işləmək fikriniz var?
- Mənim istəyimə qalsa həmişəlik burda qalmaq, burdakı uşaqlara dərs demək istəyərəm. Ancaq qismət elədir ki, bilmək olmur. Allah qismət etdiyi müddətcə burda işləyəcəm.

- Müəllimlik peşəsinə yiyələnməyiniz barəsində danışardınız biraz...
- Müəllimə olmaq üçün müəllim ailəsində böyüyüb tərbiyə almağım böyük rol oynadı. Ən çox sevdiyim üç sənət var: müəllim, həkim, hərbiçi. Və bu üç sevdiyim sənətdən birinə yiyələndim.

- Müəllimliyə uşaq vaxtlarından həvəsiniz olub?
- Bəzən düşünürəm ki, insan hər şey edə bilər, yetər ki, içində istək olsun. Bəli, müəllimliyə uşaqlıqdan həvəsim var idi. Azyaşlı uşaqlara yazıb-oxumağı öyrədirdim və bir uşağa öyrətdiyim bir hərf belə mənə əvəzolunmaz qürur hissi verirdi. Və uşaq vaxtından müəllimliyə olan həvəsimi və arzumu reallaşdırdım. Bu gün artıq uşaq vaxtından arzuladığım peşə üzrə fəaliyyət göstərirəm.

- Cəbhə bölgəsinə yaxın ərazidə fəaliyyət göstərirsiniz. Atışmalar olanda dərsdə eşidilirmi?
- Bəli eşidilir.

- Bu uşaqlara necə təsir edir?
- Uşaqların demək olar ki 90 faizi çox cəsarətli və ağıllıdır. Onlar artıq bu atışma səsini məktəbəqədər dövrdə eşidiblər və buna öyrəşiblər. Ona görə də, demək olar ki, qorxmurlar. 

- Bu gün çox az sayda müəllimlər cəbhə bölgəsini seçirlər. Bəs sizə görə, cəbhə bölgəsində işləməyin çətinlikləri nələrdir?
- Bəli, həqiqətən də çətindir. Ermənilərlə yaxın məsafədəyik, atışma səsləri olanda burda eşidilir. Amma bütün bunlara baxmayaraq bu çətinliklərin özü də insana fərəh verir. Burda məktəbdə fəaliyyətə başladığım gündən etibarən iki dəfə atışma səsi səsi eşitmişəm. Şagirdləri milli ruhda tərbiyə etmək daha asandır. Çünki onlar özləri ermənilərin nə qədər azğın və amansız olduqlarını az da olsa müşahidə edirlər. Mən də müəllimələri olaraq əlimdən gələni edirəm. Bu barədə onları məlumatlandırıram.

- Cəbhə bölgəsində çalışan bir müəllim olaraq uşaqlara ordakı prosesləri necə izah edirsiniz? 
- Şagirdlərimə başa salıram ki, qorxmayın, düşməndən qorxmaq sizə yaraşmaz.  Oğlanlar böyüyüb əsgər gedəcək və onlarla üzbəüz dayanıb bizi qoruyacaqlar. Necə ki, indi əsgərlərimiz bunu edir. Bu gün dərs keçdiyim balaca şagirdlərim gələcəyin əsgərləridir. Şagirdlərimə milli qəhrəmanlarımızın göstərdiyi şücaətlərdən danışıram, nümunələr göstərirəm. Bu, şagirdlərimdə vətənə, torpağa qayğı, inam hissini gücləndirir.

- Peşənizi, xüsusilə də uşaqları çox sevirsiniz. Bu nədən qaynaqlanır?
- Ümumiyyətlə, uşaq məsumluq simvoludur. Belə bir deyim eşitmişəm “Yer kürəsi adlanan bu qübbənin altında uşaqlardan başqa heç kim məsum deyildir”. Həqiqətən də elədir. Onlar hələ dünyanın bütün pisliklərindən uzaqdırlar, məsumdurlar.

- Müəllimlər adətən yazı işlərinin çoxluğundan şikayət edirlər. Deyirlər ki, bu vaxtı təhsilə sərf etsək daha yaxşı olar. Siz nə düşünürsünüz bu barədə?
- Oxu ilə yanaşı yazı da lazımdır. Əlbəttə, dövlətimiz hər halda bunu nəzərə alaraq yazı dərslərinə də vaxt ayırıb.

- Heç ruhdan düşdüyünüz, yorulduğunuz vaxtlar olurmu?
- Yorulduğum vaxtlar olur, ancaq ruhdan düşdüyüm xeyr. Çünki işimə sevgi ilə yanaşıram. Müəllimlik peşəsi mənim uşaqlıqdan arzuladığım peşə olub. İşlər çox olanda insanın yorulmağı normaldır, amma ruhdan düşməkdən söhbət gedə bilməz. Axı mən bu peşəyə sevərək, istəyərək gəlmişəm.

- Sevdiyiniz bu peşədən qazandığınız əmək haqqı ehtiyaclarınızı ödəməyə yetirmi?
- Şükür, qazandığım əmək haqqı çox yaxşıdır, heç bir narazılığım yoxdur. Hətta deyərdim ki, çox razıyam. Pul çox şey ola bilər, amma hər şey demək deyil.  Uşaqların mənə baxan sevgi dolu gözləri daha dəyərlidir.

-Bəzi kənd yerlərində qızların təhsili vacib hesab edilmir, orada vəziyyət necədir?
- Ağdam kəndində əsasən qızların təhsilinə əhəmiyyət verirlər. Mən özüm şəxsən əla qiymətlərlə oxuyan çoxlu qız uşağını tanıyıram. Bir çoxu da mənim şagirdimdir. Bu həm də validyenlərin qızlarını təhsilə yönləndirməsi ilə də bağlıdır. Digər yerlərdən fərqli olaraq bu kənddəki valideynlərin əksəriyyəti demək olar ki, qızlarının təhsilinə önəm verir. Bununla yanaşı, qız uşaqları özləri də oxumağa, öyrənməyə həvəslidirlər. Bir müəllim olaraq bu halı müşahidə etmək məni qürurlandırır.

- Əksər müəllimlər valideynlərdən şikayət edirlər. Valideynlərlə yola getmək çətin olmur?
- Valideynlərlə münasibətim yaxşıdır. Əlbəttə, onların da hamısı eyni xasiyyətli deyillər. Amma hər hansı valideynlə aramda ciddi narazılıq olmayıb. Valideyn müəllim münasibətlərində əsas məsələ balansı düzgün saxlamaqdır. Belə olan halda arada böyük narazılıq olmur. Valideyn səni başa düşür, sən də valideyni.

- Bir qədər də şagirdlərin tədrisə münasibətindən danışaq. Çox vaxt deyirlər ki, kənddə oxuyan uşaqların dünyagörüşü az olur və dərslərə həvəslə yanaşmırlar. Sizcə, bu fikirlər nə dərəcədə düzgündür?
- Xeyr, bu fikirlə razı deyiləm. Əksinə kənddə oxuyan uşaqlar daha sağlamdır. Hər şey ilə maraqlanıb, daha çox öz üzərində işləyirlər. Mənim şagirdlərim də belələrindəndir. Hansısa məsələ onlar üçün qaranlıq qalanda soruşub öyrənirlər. Mən şagirdlərimlə aramda elə bir bağ qurmuşam ki, onlar məni özlərinə dost bilirlər. Nəyisə bilməyəndə soruşmağa çəkinmirlər. Ümumiyyətlə, düşünürəm ki, müəllimin şagirdləri ilə dost münasibətində olması vacib məsələdir. Belə olan halda uşaqlar daha özgüvənli, azad fikirli, müstəqil şəkildə böyüyürlər. Sabahı gün hardasa çıxış etməkdən, öz fikrini deməkdən çəkinmirlər. 

- Bildiyim qədərilə yaxşı əl qabiliyyətiniz də var. Məşğul olursunuzmu?
- Bəli, əl qabiliyyətim pis deyil. Şəkil çəkməyi sevirəm. Ancaq mənim əsas məşğuliyyətim bədii kitablar oxumaqdır. Boş vaxtlarım olan kimi bunu kitab oxumağa sərf edirəm. Kitab oxumaqdan doymuram. Elə kitablar var ki, onları dəfələrlə oxumuşam. Bir kitabı ən çoxu 17 dəfə oxumuşam. Həmçinin məktəbdəki yuxarı sinif şagirdləri ilə də əlaqələrim çox yaxşıdır. Onlar da nəsə lazım olanda mənə müraciət edirlər, məndən bədii kitablar alıb oxuyurlar. Mən də uşaqları kitab oxumağa həvəsləndirirəm. Çünki kitab uşaqların beyninin, zehninin formalaşmasına və inkişaf etməsinə, söz ehtiyatının artmasına kömək edir.

- Məktəbə ilk dəfə müəllim kimi gələndə sizi necə qarşıladılar?
- Çox yaxşı qarşılandım. O qədər mehribanlıq göstərdilər ki, heç yadlıq hiss etmədim. Kollektivim çox mehribandır. Ümumiyyətlə, insan kimə necə münasibət göstərirsə elə də münasibət görür. Mən müəllim yoldaşlarıma hörmətlə yanaşdığım üçün onlar da mənə belə münasibət göstərirlər. Müəllim yoldaşlarımızla bir-birimizi yaxşı başa düşürük. Kiminsə köməyə ehtiyacı olanda ona kömək edirik. Necə deyərlər, sanki bir ailəyik.

- Fikrinizcə, müasir dövrün müəllimi necə olmalıdır?
- Düşünürəm ki, yaxşı müəllim hər dövrün müəllimidir. Yetər ki, öz üzərinə düşən vəzifənin məsuliyyətini dərk etsin.

- Öz üzərinizdə işləyirsinizmi?
- Bəli, davamlı olaraq üzərimdə işləyirəm. Bu gün təhsil sistemimiz elə qurulub ki, əgər müəllim öz üzərində işləməsə yeniliklərdən geri qalar. Bu isə bir müəllim üçün heç də xoşagələn hal deyil. Bəzən müəllimlər olur ki, deyir ki, çətini işə qəbul olana qədərdir. Amma mən bunun tamamilə əksinəyəm. Müəllim hər zaman yeniliklər axtarışında olmalı və bunu dərsində tətbiq etməlidir. Məhəmməd peyğəmbər demişkən, beşikdən qəbr evinə qədər öyrənmək lazımdır.

- Gənc bir müəllim olaraq sonda müəllim olmaq istəyən şəxslərə hansı tövsiyələri verərdiniz?
- Müəllim olmaq istəyənlərə tövsiyəm odur ki, “Müəllim olmaq istəyin”. Əgər ürəkdən istəyib, bu peşəni sevsəniz, öz üzərinizdə çalışıb müəllim olacaqsınız.

Könül Oruc


Xəbər xətti