“Ölümü ilə barışmayıb öz külündən doğulan səməndər quşu”

17:02 - 4 Fevral 2020 - Müsahibə

Səbinə Məmmədova: “Yenidən başlamaq üçün ölməliyəm”

“Tənha qalanda özüm oluram. Mənim əgər hansısa insanla bir problemim varsa belə, yenə də tənha qalıb özümü günahlandırıram. Təklik yaxşıdır, o zaman düşünürəm, müəyyən qərarlar verirəm, nəticələr çıxarıram”. “Üç nöqtə” qəzetinin qonağı Gənc Tamaşaçılar Teatrının istedadlı aktrisası Səbinə Məmmədovadır.

-Həyatın döyüşlərində çox məğlub olmusunuz ?
-Maraqlı sualdır. Mən hələ gəncəm, həyatın döyüşləri ilə bir o qədər də üz-üzə qalmamışam. Düzdür, nələrsə olub ki, uduzmuşam, amma sonradan əldə etdiyim hansısa bir uğurum o məğlubiyyəti kölgədə qoyub. Suala cavabım isə, xeyr, çox da uduzmamışam.

-Gecələri sevən insan, sizcə, niyə həm də səhərlərin açılmağını gözləyir ?
-Hər gecənin bir sabahı var. Gecələri sevən insan növbəti gecənin gəlməsi üçün səhərlərin açılmağını gözləyir. Gecələri mən də sevirəm, ondan ötrü ki, bütün günü yaşadıqlarımı təklikdə analiz edə bilirəm.

-Yaşamadığınız, lakin insanların yaşadıqları müxtəlif həyatları canlandırmaq çətindir ?
-Bilirsiniz, elə bir rol, obraz mümkün deyil ki, aktyorun özünün həyatından hansısa bir ştrix olmasın onda. Elə sizin sevdiyiniz “Mən öləndə ağlama” tamaşasından deyim. Demirəm ki, “Leyla”nın həyatını yaşamışam, amma o tamaşada bir cümlə deyirəm, ölümü ilə barışmayıb öz külündən doğulan səməndər quşu. Bu mənim həyat devizimdir. O səməndər quşu Səbinədir. Bəli, mən hər gün ölürəm və yenidən dirilirəm. Mənim bir barmağım yanıb, bu barmaq xeyli müddətdir ki, sağalmaq üçün mübarizə aparır. İlan qabığını dəyişməsə, yaşaya bilməz. Nitşenin fəlsəfəsidir bu. Ölürük ki, dirilək. Mən yenidən başlamaq üçün ölməliyəm, özümü öldürməliyəm.

-Deməli, çox ölüb-dirilirsiniz...
-Bəli, çox olur. Deyim ki, hər gün ölürəm, bu yalan olar. Elə gün olur, gün ərzində bir neçə dəfə ölüb dirilirəm, elə gün isə olur ki, heç ölmürəm. Bunu da əlavə edim ki, yatanda da ölürəm. Ümumiyyətlə, yuxu yarı ölüm halıdır, ölürük və dirilirik. Amma dirilməyə də bilərik. Sabah olmaya da bilər.

-Hansısa rolu canlandıranda heç daxili dünyanız didilib-parçalanır ?
-Belə obrazlar var. “Leyli və Məcnun” tamaşasında “Leyli” obrazım var ki, həqiqətən, o, məni məhv eləyir, öldürür. Sonra yenə dirilirəm. Dirilirəm ki, başqa bir rolu canlandırım. “Cəhənnəm məktubları” tamaşasında da, həmçinin. Bir tamaşa var, “Arzu və Murad”. Orada da “Arzu” ölür və sonra yenidən dirilir. Çətindir. Sizə deyim ki, indiyə qədər bir dəfə də texniki ağlamamışam, rolu hiss edib göz yaşlarımı axıtmışam.

-Tamaşaya hazırlıq prosesində də obrazı tamaşaçıya təqdim etdiyiniz gündəki kimi duyursunuz ?
-Bu sualı aktyor sənətinin dili ilə izah edim. Çexovun belə bir ifadəsi var: “aktiv gözlənti”. Əgər sən bir rolu məşq edəndə o “aktiv gözlənti” səni bürüyürsə, deməli, o rol alınacaq. Elə bilin ki, zərrə-zərrə nəyisə ərsəyə gətirirsən. Yəni nəyi deyirəm, çalışıram, obrazı mükəmməl canlandırım, onun üçün də məşqlərə ciddi yanaşıram. Amma bir şey var. Hər tamaşa bir-birindən fərqləndiyi kimi, hər məşq də bir-birindən və ya tamaşanın təqdimat günündən fərqlənir. Bir də, görürsən, məşq zamanı elə gözəl bir şey edirsən ki, deyirsən, kaş bu təqdimatda da belə ola, lakin olmur. Düzdür, tamaşaçı səndən zövq alır, ancaq sən özündən razı qalmırsan.

-Oynadığınız bir rolu yenidən canlandırırsınız. O zaman həmin rolun təkmilləşməsi baş verir ? Məsələn, “Mən öləndə ağlama”nın “Leyla”sında ?
-İlk olaraq onu deyim ki, ayın 10-nu bu tamaşa ilə Türkiyədə beynəlxalq festivala qatılacağıq. Allahın izni ilə 9-cu dəfə “Leyla”nı canlandıracam. İndi sualınıza cavab verim. Bəli, rolun təkmilləşməsi baş verir. Sizə bir şey deyim ki, tamaşa tamaşaçı ilə bişir. Axırıncı, yəni 8-ci dəfə bu obrazı canlandıranda hiss edirdim ki, tamaşaçılar qorxurlar məndən. Mən tamaşaçıya tərəf gedirdim, onlar məndən çəkinirdilər. Elə bilirdilər ki, həqiqətən də ruhi xəstəyəm. Bu bütün rollarımda belədir. Ona görə də deyə bilərəm ki, hansısa rolu dəfələrlə canlandıranda o rol bir az da təkmilləşir. Amma bunun üçün iki şey də vacibdir, birincisi, məsuliyyət, ikincisi, diqqət. Bunlar oldusa, rol daha da uğurlu olacaq.

-Dediniz ki, tənha qalırsınız...
-Bəli, çünki tənha qalanda mən özüm oluram. Mənim əgər hansısa insanla bir problemim varsa belə, yenə də tənha qalıb özümü günahlandırıram. Təklik yaxşıdır, o zaman düşünürəm, müəyyən qərarlar verirəm, nəticələr çıxarıram.

-“Mən”inizlə tez-tez vuruşursunuz ?
-O qədər vuruşuram, sayı bəlli deyil. “Mən”imdən söz düşmüşkən deyim, mən o insanlarla rahat ola bilirəm ki, mənim sevdiyim “mən”i üzə çıxara bilirlər və ya bunun üçün cəhd göstərirlər.

-Doğulmayan Səbinələr çoxdur ?
-Bəlkə, sevəcəyim birisi olsa, ondan ortaya çıxacaq, bəlkə, gələcəkdə övladım dünyaya gələrsə, ondan doğulacaq, “fədakar ana” hissləri formalaşacaq məndə, bunu deyə bilmərəm, amma bir şeyi bilirəm ki, mənə elə gəlir ki, bəli, doğulmayan Səbinələr çoxdur.

-Dərdinizi heç kimə deməyin, çünki...
-Bilinmir, o dərdin oduna kim bir az da kömür atacaq, kim yox. Dərdlərimi kiməsə demirəm, ondan ötrü ki, kimisə yükləmək istəmirəm. Düzdür, böyük bir dərdim yoxdur, Allah verməsin də. O zaman dərdim olar ki, valideynlərimin sağlamlığı yerində olmaz. Allah bu dərdi mənə verməsin.

-Sevgi əzablı bir şeydir. Bəs biz niyə sevirik ?
-Sevgi gözəl bir şeydir. Bəlkə də biz xalq olaraq çox emosianalıq deyə, sevgiyə soyuqqanlı yanaşa bilmirik, hisslərimizi daha çox biruzə veririk və buraya əzab da daxildir. Mən bir şeyi bilirəm, sevgi bambaşqa bir şeydir.

-Qadın olmaq çətindir ya kişi ?
-Mənim üçün kişi olmaq daha çətindir və kişilik missiyası daha məsuliyyətlidir. Allah belə birinci Adəmi yaradıb, yəni kişi qadından bir neçə saniyə öncə dünyaya gəlib. İstənilən halda, mənə görə, kişi qadından daha üstündür.

-Bu gün nəyi etiraf etmək sizə ağır olar ?
-“Sevmisənmi ?” sualına cavabı etiraf edə bilmərəm. Ağırdır mənə. Nə zamansa düşünmüşəm ki, mən sevmişəm, ancaq indi baxıram ki, xeyr, heç sevməmişəm.

-Arzu gəminizin mayakı haradadır ?
-Teatr (xüsusi intonasiya və vurğu ilə deyir). Mən heç bir zaman teatr qala-qala şəxsi həyatımla bağlı nəyisə düşünməmişəm. Əksinə həmişə nələrisə qurban vermişəm. Mən bütün arzularımı teatrda gerçəkləşdirirəm və orada xoşbəxt oluram.

-Qurbanlara görə peşimansınız ?
-Qətiyyən deyiləm. Əldə etdiyim uğurlara baxanda sevinirəm, yaxşı ki, qurban vermişəm. O qurbanların sayəsində mən bu gün müsahibə verirəm. 2 ay qaranlıq otaqda “Mən öləndə ağlama” tamaşasını məşq elədim, siz gəldiniz, tamaşaya baxdınız, obrazı bəyəndiniz və məni müsahibəyə dəvət etdiniz. Baxın, əgər mən boş-boş gəzsəydim, siz məni nə görəcəkdiniz, nə də sizin müsahibiniz olacaqdım.

-Uçuruma doğru getdiyiniz anda geri qayıda bilirsiniz ?
-Uçurumu heç sevmirəm. Çalışıram ki, getməyim də. Amma olub, o zaman isə geri qayıtmışam. Uçurumdan geri qayıdan da belə özümü günahkar sayıram, kimlərisə yox ki, məni ona doğru apardı. Bax o zaman da özümü danlayıram.

-Təsadüf ya zərurət ?
-Mənə görə, hər bir təsadüf zərurətdən doğur. Heç bir şey təsadüfi deyil. Kiməsə yol verməyin belə təsadüfi deyil. Ona görə də zərurət deyirəm.

-Səbinə xanım, sonuncu sualı verim. Hazırda hansısa seriala çəkilirsiniz ?
-ARB Tv-də yayımlanan “Atılmışlar” serialına çəkilirəm. Serila yayda təklif almışam. İstedadlı rejissor Elvin Rüstəmzadənin ekran işidir.

Rövşən Tahir

Çəkilişdə yaratdığı şəraitə görə “Azərkitab” kitab mərkəzinə təşəkkür edirik.

Əlaqə nömrələri: +99450 260 90 20, +99412 530 22 33

 

Xəbər xətti