Azərbaycanlı qızla koreyalı oğlanın yaratdığı təşkilat

16:01 - 7 Dekabr 2019 - Xəbər

Azərbaycanlı Zeynəb və koreyalı Eo İnkyu... İkisi birləşərək Azərbaycan mədəniyyəti ilə Koreya mədəniyyətini birləşdirən bir təşkilat yaradıblar. Artıq bir ildən çoxdur ki, bu təşkilatı fəaliyyət göstərir: “Məqsədimiz Koreya sevərləri bir arada toplamaq, Koreya mədəniyyətini Azərbaycanda yaxşı bir şəkildə tanıtmaq, eləcə də gələcəkdə ən böyük hədəflərimizdən biri Azərbaycan mədəniyyətini, adət-ənənələrini Koreyada yaxşı şəkildə tanıtmaqdır. Harang təşkilatı İnkyu və mənim rəhbərliyim altındadır. 9 nəfərdən ibarət baş üzvümüz var və daima bir komanda şəklində çalışırıq. Hər birimiz fərqli-fərqli işlərə baxır, səylə çalışırıq. Ümid edirəm ki, yeni olan təşkilatımız gələcəkdə öz sözünü demiş və uğurları ilə 2 ölkənin də sevgisini qazanacaq bir təşkilat olacaqdır”.

Ucnoqta.az saytının qonağı “Harang Entertainment” təşkilatının yaradıcısı Zeynəb Camalovadır.

- Necə oldu ki, belə bir təşkilat yaratmaq fikrinə gəldiniz?
- Açığı, bir dəfə Şimali Koreya prezidenti Kim Joung-un barəsində məqalə oxudum və Koreyanın iki hissədən ibarət olduğunu öyrəndim. Daha sonra Koreya tarixini araşdırmağa başladım. Araşdırdıqca Cənubi Koreya mədəniyyətinə heyran oldum. Və sonra ən önəmlisi mən Jonghyun sayəsində Kpop dünyası ilə tanış oldum, Koreya musiqisini və mədəniyyətini daha çox sevməyə başladım. Jonghyun Kpop dünyasında öz sözünü demiş ve səsi ilə hər kəsi heyran eden bir musiqiçi idi. Bunlar mənim Koreyaya maraq göstərməyimin və sevməyimin əsas səbəbləridir.

- Harang təşkilatı necə müddətdir fəaliyyət göstərir?
- Bu yaxınlarda 1 yaşımızı qeyd etdik. Baxmayaraq ki, yeni fəaliyyətə başlamış bir təşkilatıq, amma hədəflərimiz yüksəkdir, onlara çatmaq üçün həvəslə, səylə çalışırıq. Artıq bizi sevən, bizimlə birgə həm Azərbaycan mədəniyyətinin Koreyada, həm də Koreya mədəniyyətinin Azərbaycanda daha çox tanınması üçün bizə dəstək olan bəlli bir kütləmiz var. Hətta gün keçdikcə ailəmiz daha da böyüyür. Əlbəttə, bu işlər onların dəstəyi olmadan mümkünsüzdür.

- Təşkilatın adı maraqlıdır...
- Harang - Azərbaycan və Koreyanın birlikdə yüksəlməsi deməkdir.

- Təşkilatın adını kim seçdi, siz, yoxsa nişanlınız?
- Düzünü deyim, görəsən? (Gülür) Nişanlım Koreya vətəndaşıdır. Mən bu təşkilatı yaradanda nişanlımla tanış deyildik. Açıqcası o zaman başqa adla təşkilatı yaratmağı düşünürdüm. Ancaq nişanlımla tanış olandan sonra o, mənim təşkilat barədə fikirlərimi bəyəndi və bu işlərdə hər zaman yanımda olacağını, mənə dəstək, kömək olacağını bildirdi. Və məsləhət gördü ki, adı Harang olsun və mən də mənasını öyrənəndən sonra bu adı daha məqsədə uyğun gördüm. Beləliklə, təşkilatın adı Harang Entertainment olaraq təsdiqləndi.

- Bəs nişanlınızla tanışlığınız necə olub?
- Keçən ilin iyul ayı idi. Mən Koreya dilini öyrənmək üçün kursa gedib-gəlirdim. O dönəmdə nişanlım da Bakıya yeni gəlmişdi və Azərbaycan dilini öyrənməyi çox istəyirdi. Xarici dil öyrənməyin ən yaxşı üsullarından biri də təbii ki, həmin dilli insanlarla ünsiyyət qurmaqdır. Müəlliməm mənə bildirdi ki, Azərbaycana Koreyalı vətəndaş gəlib, ona şəhəri tanıtmaq və Azərbaycan dilində praktik üçün kömək etmək lazımdır. Eyni zamanda bunun mənim Koreya dilini öyrənməyim üçün də yaxşi bir təcrübə olacağını söylədi. Beləcə razılıq verdim. Birinci görüşümüz çox maraqlı idi. İnkyu mənim şəklimi Koreyalı dostlarına göndərərək mənə Azərbaycan dilin öyrədəcək xanım deyib. Dostları da ona bu sənin orqanlarını satacaq deyiblər (gülür). Görüş günü bəzi problemlər olduğuna görə gecikmişdim. Görüş saatında dəyişiklik edilməsini və mümkünsə Xətai metrosunda görüşməyimizi xahiş etmişdim. O an İnkyu dostlarının sözünü xatırlayıb, biraz qorxu hiss keçirib. Həmin vaxt mənə bildirdi ki, Xətai metrosunda deyil, ora yaxın bir əyləncə mərkəzində görüşmək istəyir. Sonradan öyrəndim ki,  həqiqətən çıxıb getmək istəyirmiş (gülür). Və görüşdüyümüz zaman sadəcə bir-birimizə gülümsədik və çox həyəcanlı idik. Çünki Koreya dilini az bilirdim, İnkyu da Azərbaycan dilini bilmirdi. Onunla necə ünsiyyət quracağımızı fikirləşirdim. Hətta həyəcandan “annyonghaseyo” - salam sözünü belə unutmuşdum. Sonradan çətin də olsa ünsiyyət qurmağa, zamanla bir-birimizi tanımağa başladıq. Və İnkyunu tanıdıqca onun mədəniliyi, hörməti, mənə qarşı olan diqqəti, ölkəmi sevməsi, ölkəmizdəki adət-ənənələri həvəslə öyrənmək istəməsi aramızdakı sevgi körpüsünü yaratdı və möhkəmləndirdi.

- Təşkilatın məqsədi nədir?
- Harang, Azərbaycan mədəniyyəti ilə Koreya mədəniyyətini birləşdirən bir təşkilatdır. Koreya sevərləri bir arada toplamaq, Koreya mədəniyyətini Azərbaycanda yaxşı bir şəkildə tanıtmaq, eləcə də gələcəkdə ən böyük hədəflərimizdən biri Azərbaycan mədəniyyətini, adət-ənənələrini Koreyada yaxşı bir şəkildə tanıtmaqdır. Həmçinin Koreyanın digər Asiya ölkələrindən necə fərqləndiyini insanlara göstərmək və insanlar arasında yanlış bilinən məlumatları düzgün şəkildə, ətraflı onlara çatdırmaq və iki ölkə arasında turizmin inkişafına dəstək olmaqdır. Koreyada azərbaycanlı tələbələr və eyni şəkildə Azərbaycanda da Koreyalı tələbələr varr. Bu sahədə də doğru informasiyalar verməklə tələbələrin sayınl artırmaq istəyirik. Gəncləri motivasiya edərək, başqa ölkələrlə tanış olmaq və onların mədəniyyətini daha dərindən öyrənməyə sövq etmək istəyirik.

- Dediniz ki, Koreya haqqında ölkəmizdə yanlış bilinən məlumatlar mövcuddur. Bu yanlışları düzəltmək üçün nələr edirsiniz?
- Yanlış məlumatları düzəltmək üçün əlbəttə ki dolğun, tam və düzgün bir şəkildə həmin məlumatları insanlara çatdırmaq lazımdır. Bununla bağlı tədbirlərimizdə videoçarxlar hazırlayır və eyni zamanda öz instaqram səhifəmizdə gündəlik postlar şəklində paylaşır, insanları maarifləndirir, doğru şəkildə bilgiləndiririk.

- Yanlış bilinən məlumatlar sırasında koreya mətbəxi də var. Deyirlər ki, ölkəmizlə müqayisədə bir qədər fərqlidir. Bu sahədə hansı işləri görürsünüz?
- Bəli, hər bir dünya mətbəxi bir-birindən ağız dadlarına görə tamamilə fərqlidir.  Amma bunu bilmədən, sadəcə əsassiz informasiyalarla danışanlar var ki, Koreyalılar it əti yeyirlər və ya böcək yeyirlər kimi ifadələr işlədirlər. Bu doğru deyil. Koreyalılar itləri özlərinə ən yaxşı dost bilirlər və küçədə olan itləri belə sahiblənirlər. Koreya mətbəxi daha çox dəniz məhsullarından ibarətdir və daha çox düyüdən istifadə edirlər, bol acılı və ədviyyatlı yeməklərə üstünlük verirlər. Ən məhşur yeməkləri kimchi və ramyondur. Mən şəxsən Koreya yeməklərini çox sevirəm.

- Təşkilat olaraq hansı işləri həyata keçirirsiniz?
- Koreya mədəniyyətini ətraflı tanıtmaq üçün tədbirlər təşkil edirik. Bu günə qədər 2 tədbir təşkil etmişik. Və hələ bir çox layilələr üzərində çalışırıq bununla. Eyni zamanda bayram öncələri xeyriyyə aksiyası təşkil edirik və gələcəkdə hər iki ölkədə həyata keçirəcəyimiz daha gözəl planlarımız, layihələrimiz var. Bunların nə olduğu hələ ki sürpriz olaraq qalsın. Amma onu deyə bilərik ki, bu layihələr hər iki ölkəyə böyük səs gətirəcək. Hal-hazırda bunun üçün çalışırıq.

- Əvvəlki dövrlərə nisbətən son zamanlarda Koreyaya ölkəmizdə maraq yaranıb. Bu nə ilə əlaqədardır?
- Belə düşünürəm ki, bu əsasən Kpop və Kdrama yəni, Koreya musiqisi və Koreya seriallarına olan maraqla bağlıdır. Bu gün dünyaya səs salan EXO, BTS kimi Kpop dünyasından olan qruplar gənc nəslin sevimlisinə çevrilib və musiqiləri ilə, yazdıqları mahnılardakı mənaları ilə onları motivasiya edirlər. Bununla yanaşı, Koreya öz kosmetik məhsulları ilə də dünyada son zamanlar brende çevrilib. Bu məhsullar öz təbiliyi ilə, keyfiyyəti ilə seçilir. Ölkəmizdə də yetəri qədər həmin məhsullara təlabat var. Və ən önəmlisi Cənubi Koreya ilə tanış olduqda Koreya mədəniyyətinin, tarixinin, mentalitetinin, insanlarının bizimlə bir çox oxşar xüsusiyyətə malik oldugunu görürük və daha çox sevir, daha yaxın, daha doğma hiss edirik.

- HARANG təşkilatı olaraq yardım kompaniyaları da edirsiniz. Bir qədər də bu barədə danışardınız...
- Qeyd etdiyim kimi, bayram öncəsi imkansız ailələrə ərzaqla, geyimlə yardım etməyə çalışırıq. Bununla yanaşı uşaqlar evinə, qocalar evinə əlimizdə gələn dəstəyi göstərməyə çalışırıq. Təbii ki, bunu təkbaşımıza deyil, yardım etmək istəyən digər insanlarla birlikdə edirik. Qeyd edim ki əgər dəstək olmaq istəyən insanlar olarsa instaqramdan @harang.ent səhifəsində bizimlə əlaqə saxlaya bilərlər. Hətta gəlib bizimlə birlikdə həmin ailələri ziyarət edə bilərlər. Hər xeyriyyə aksiyamızda istəyən bir neçə nəfəri özümüzlə apara bilərik, həm bununla da qəlblərində hər hansı bir şübhə qalmasını istəmərik.

- Koreyanın digər Asiya ölkələrindən fərqi nədir?
Ümümiyyətlə bütün Asiya ölkələri bir-birinə mədəniyyət, tarix, adət-ənənə, mətbəx, dil, din cəhətdən, hətta insanlar bəzən onları görünüşlərinə görə bir-birinə bənzətsələr də tamamilə fərqlidirlər. Şəxsən mən onları ilk görüşdə belə ayırd edə bilirəm. Və bilinəndən fərqli olaraq üzləri oxşar deyil. Hər birinin özlərinə məxsus üz cizgiləri var. Birinə yapon demək, və yaxud koreyalı birinə çinli demək bu nə dərəcədə düzgündür? Bəli araşdırmayan insan ayırd etməkdə problem yaşaya bilər, amma düşünürəm ki, bunu mədəni sürətdə hara vətəndaşı olduğunu və lağa qoymadan soruşaraq həmin insandan öyrənmək olar.

Könül Oruc


Xəbər xətti