“İki dəfə intihara cəhd edən qadın olmuşam”

12:33 - 7 Dekabr 2019 - Müsahibə

Tahirə xanım Məmmədqızı: “Ölüm mənim üçün vahiməli bir şey olmayıb”

“Zaman-zaman oğluma həm ata olmuşam, həm də ana. 19 ildir, onu tək böyüdürəm. Bu illər ərzində onun qarnını doydurmaq üçün, məktəb çantasında kitab-dəftərinin yerində olması üçün bəzən ona olan qayğımdan və ayıracağım vaxtdan azaltmalı olmuşam. Çünki, mən işləməsəydim, bunları edən olmayacaqdı”. Ucnoqta.az saytının qonağı illərini jurnalistikaya həsr edən qadın, öz imzası, dəsti-xətti ilə tanınan jurnalist Tahirə Məmmədqızıdır.

-Ömrünüzün hansı illəri sizə əzizdir?
-Qadın olaraq və jurnalist olaraq (ani pauza...). Hərəsinə ayrı-ayrılıqda cavab verəcəm. Əgər sırf jurnalist Tahirədən söhbət gedirsə, Azərbaycan mətbuatına çox cılız və utancaq gələn qızın qədəmləri mənim üçün unudulmazdır. Düzdür, tələbəlik illərində jurnalistika ilə məşğul olmuşam, amma peşəkar şəkildə fəaliyyətimə “525-ci” qəzetdə başlamışam. Müəllimim Cahangir Məmmədli məni ora aparmışdı. Allah ona ömür versin. Bir il orada çalışdım, sonra “Şərq” qəzetində jurnalistika fəaliyyətimə davam etdim. 20 ildir ki, o qəzetdə çalışıram. Mənim üçün “Şərq” qəzeti ikinci ata ocağımdır. Bunu tam ürəkdən deyirəm. Çünki, mənim jurnalist kimi tanınmağımda “Şərq” qəzetinin çox böyük rolu var. Akif müəllim Aşırlıya çox minnətdaram. Qadın olaraq ana olduğum günü heç bir zaman unutmaram. Oğlumun dünyaya gəldiyi 2000-ci ilin 25 iyul tarixi mənə doğmadır.

-Jurnalistikada başınıza gələn hansı maraqlı hadisələr olub?
-Maraqlı hadisə dediniz, mərhum Hüseyn Dəryanın toyu yadıma düşdü. Ola bilər, hazırda oturduğumuz məkan mənə o hadisəni xatırlatdı. Niyə? Çünki, o toyu iki qəzet işıqlandırmışdı. Biri “Şərq” qəzeti, digəri “Üç nöqtə”. O vaxt Aynurə xanım burada çalışırdı. Biz ikimiz Hüseyn Dəryanın toyunu çəkmək üçün bir-bir Bakının restoranlarını gəzməli olmuşduq. Hüseyn Dəryanın İdris adında prodüsseri vardı və o, bu toyu mətbuatın gözündən yayındırmaq üçün yalançı bir gəlin maşını hazırlatmışdı. Biz də o maşının arxasınca getmişdik ki, restoranı tapaq. 2 saat maşının arxasınca gəzdikdən sonra bildik ki, bizi aldadırlar. Daha sonra toyun keçiriləcəyi məkana gəldik və bizə dedilər ki, burada toy yoxdur. Mən o zaman pul verib məlumat aldım ki, toy, həqiqətən də, o restorandadır. Amma bizi restorana buraxmadılar və mən restoranın arxa tərəfindən yeməkxanaya daxil olub ofsianta telefonu verdim ki, şəkilləri çəksin. Materialı götürdük və işə qayıtdıq. Birinci “Üç nöqtə” qəzetinə gəldik, çəkilən şəkilləri “Üç nöqtə” redaksiyasında olan komputerə atdıq. Sonra mən taksiyə oturub öz redaksiyama getdim. Gecə ilə xəbəri hazırladıq və səhər bu xəbər səs-küyə səbəb oldu. Çünki, yalnız iki mətbu orqan onu işıqlandırmışdı. Belə maraqlı hadisələr çox olub.

-Tahirə xanım, heç olubmu ki, şəxsi münasibətlər qələminizə yansısın?
-Düşünürəm ki, jurnalistikaya gələn insan peşəkar təhsil alıbsa və vicdanla qələminə xidmət etməyə çalışırsa, şəxsi münasibətlərini kənarda qoymağı bacarmalıdır. İstənilən jurnalist istənilən bir şeyi yaza bilər. Unutmayaq ki, jurnalistin imzası onun simasıdır. Ona görə də dəqiq, qərəzsiz yazmasına diqqət yetirməlidir. Mən heç bir zaman imzama və simama hörmətsizlik etməmişəm və etmərəm də. Brilliant xanım Dadaşova, Flora xanım Kərimova ilə münasibətimiz yaxşı olmasa da, heç bir zaman bunu fəaliyyətimdə göstərməmişəm. Flora xanım haqqında dəfələrlə iri həcmli yazılar yazmışam. Brilliant xanımın hansı tədbiri olubsa, gedib işıqlandırmışam.

-“Məni gözləyən bir oğlum var, ayaq üstə durmalıyam”...
-Mənim həyatda oğlumdan başqa ikinci önəmli, dəyərli varlığım olmadığı üçün oğluma çox bağlıyam. Buna görə də mənim həyata baxış bucağım onun baxış bucağı ilə üst-üstə düşməlidir. Dediyiniz cümləni mən həyatımın ağır günlərində söyləmişdim. İnsan üçün övladından dəyərli kimsə varmı? Ana, ata, bacı, qardaş bunlar da dəyərlidir. Amma övladın da öz yeri var. Övlad fərqli bir varlıqdır. Mən onunla nəfəs alıram. Bəlkə də, məni həyata bağlayan yeganə amil onun mövcudluğudur. Ana olaraq üzərimdə çox böyük bir məsuliyyət var. Çünki, onun məndən başqa bir kimsəsi yoxdur. Ona görə də həyatda mübarizə aparıb ayaq üstə durmalıyam ki, o, tək-tənha qalmasın. Hazırda onun mənə çox ehtiyacı var.

-Heç olubmu, özünüzə deyəsiniz ki, niyə oğluma tam şəkildə qayğı, sevgi göstərə bilmirəm?
-Rövşən, mənim elə yaralı yerimə toxundun ki... Mən söz vermişdim, göz yaşlarımı heç kimə göstərməyəcəm. Amma həssas məqamlarda bacara bilmirəm. Mən zaman-zaman oğluma həm ata olmuşam, həm də ana. On doqquz ildir, onu tək böyüdürəm. Bu illər ərzində onun qarnını doydurmaq üçün, məktəb çantasında kitab-dəftərinin yerində olması üçün bəzən ona olan qayğımdan və ayıracağım vaxtdan azaltmalı olmuşam. Çünki, mən işləməsəydim, bunları edən olmayacaqdı. Onun yanında oturub “Ana sənə qurban” deməklə heç nə edə bilməyəcəkdim. Bizi evdə oturub izləyən evdar qadınlardan bəziləri qibtə edirlər ki, necə gözəl həyatları var?! Amma mən heç bir qadına Tahirənin yerində olmağı arzu etmirəm. Mən heç bir evdar xanıma Tahirə Məmmədqızı həyatı yaşamağı rəva bilmirəm. Soruşacaqsınız, niyə? Geyimliyəm, özümə baxımlıyam, amma inanın ki, bunlar hamısı maskadır. Çox təəssüf olsun ki, bizim kimi üzdə olan xanımlar çox zaman maskalanmağa məcburdurlar. Çünki, biz göz yaşımızla, problemimizlə izləyici qarşısınıza çıxa bilmərik.

-Çox insan sizi güclü qadın kimi qəbul edir. Bəs özünüz necə?
-Ötən ilin mart ayının 2-dək özümə etiraf eləmirdim ki, mən zəifəm. Həmişə deyirdim ki, qadınlar güclü varlıqdırlar. Sən demə, illər boyunca bu fikirlə özümü aldatmışam. Başqa çarəm də olmayıb. Çünki, özümü aldatmasaydım, ayaq üstə durmağı bacarmazdım. İndi anlayıram ki, güclü qadın deyilən bir anlayış yoxdur, zərif qadın var. Mən o zaman bunu başa düşdüm ki, ölümlə üz-üzə dayandım və xəstəlik məni imtahana çəkdi.

-İnsanlardan razısınız?
-Bu suala cavab verməzdən öncə bir şeyi deyim. Mənim üçün qadın və ya kişi anlayışı nisbidir. İnsan deyilən bir anlayış var mənə görə. Qadın kimi də, kişi kimi də sevirsənsə, insanlıq hisslərinə söykənib sevirsən. Bu hisslər insana məxsusdur, heyvanlarda insani duyğular yoxdur. Çalışıram, insanları sevə bilim, daxili dünyası çirkin olan insanları belə sevə bilim. Mən inanmıram ki, həyatda tam yaxşı və yaxud tam pis olan bir insan var. Mənim üçün yaxşı olan digərinə pis ola bilər və ya əksinə mən kiməsə yaxşıyamsa, digəri üçün pis ola bilərəm. Ümumiyyətlə, mən insanlığı sevməyi özümə öyrətmişəm. Düzdür, bəzi insanlardan zərbələrim də olub. Amma yenə də demişəm ki, insanlıqdır, eybi yox, qoy olsun.

-Tahirə xanım, heç olubmu ki, kimsə sizi incitsin, amma cavabını verməyəsiniz?
-Qətiyyən olmayıb. İmkan vermərəm ki, kiminsə yanında əzik qalam. Deyirlər, susmaq qızıldır. Xeyr, o sadəcə təsəllidir. Niyə, susmaq qızıl olsun? Elə vaxtında sözünü denən, sözün qızıl olsun da. Susmağı sevmirəm. Əgər gedib evdə özümə deyəcəmsə, kaş ki, bunu deyərdim, elə ondansa, yerində cavabını verib rahat evə gedərəm də.

-Səhhətiniz necədir?
-Yaxşıdır. Bu günümə şükür. Mən, ümumiyyətlə, şükür etməyi sevən insanam. Nəzərə alsaq ki, 7-8 ay mən ağır günlər keçirdim və mənim sağ qalmağım belə sual altında idi, bu günümə çox şükür. Müalicələrim gedir, amma o, elə bir xəstəlikdir ki, səninlə bir də salamlaşa bilər. Amma xəstəliyimlə yenidən salamlaşmaq istəmirəm. Mən heç bir zaman ölümdən qorxmamışam. Bilirsiniz ya yox, mən gənclik illərimdə iki dəfə intihara cəhd edən qadın olmuşam. Yəni ölüm mənim üçün vahiməli bir şey olmayıb. Amma bu dəfə ölmək istəmirdim. Çünki, oğlumu düşünürdüm.

-Dediniz ki, intihar etmək istəmisiniz. Buna səbəb nə idi ?
-Qadın üsyanları. Ətrafımdakılara və həyata qarşı olan bir qadın üsyanları. O dönəmlərdə həyatımda elə bir məqamlar oldu ki, mən o üsyanları etməyə məcbur oldum. Daha doğrusu, məni intiharlara məhkum elədirlər. Başqa çıxış yolu tapmadım və üsyanlarımı göstərdim.

-Hazırda ən böyük arzunuz nədir?
-Hərdən xəstəliklə üz-üzə duran insanlar deyir, can sağlığı, amma inanın səmimiyyətimə özümə onu arzulamıram. Mən Allahdan bir az zaman istəyirəm. O zamanı ki, oğlumu müəyyyən nöqtəyə gətirim və həyatla rahatlıqla sağollaşa bilim. İndi əlimi üzə bilmərəm. Çünki, oğlum var. Mənim atam rəhmətə gedəndə 35 yaşım var idi. Mən pis olmuşdum, amma atam məni həyata hazırlamışdı. Atam məndə o kənardan görünən güclü qadın obrazını formalaşdırıb həyata təqdim etmişdi. Onu itirəndə bütün dünyam dağılsa da, ayaq üstə dayanmağı bacardım. Mən isə oğlumu mənsiz, tənha qalmağa hazırladığımı düşünmürəm. Ona görə də Allahdan bir az ömür istəyirəm.

-Allah sizə bir az deyil, işlərinizi tam şəkildə başa vurmağa yetəcək bir ömür versin, Tahirə xanım. Dəvətimizi qəbul edib gəldiyiniz üçün təşəkkür edirəm.
-Siz də çox sağolun.

Rövşən Tahir

Xəbər xətti