Oktyabrın 25-də Beynəlxalq Kulinariya Gününə həsr olunmuş tədbir keçirilib.
Ucnoqta.az xəbər verir ki, Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru Tahir Əmiraslanov Beynəlxalq Kulinariya Günü barədə ətraflı məlumat verib.
Tahir Əmiraslanov bildirib ki, Ümumdünya Kulinariya Təşkilatları Birliyi 2004-cü ildə İrlandiyanın Dublin şəhərində keçirdiyi beynəlxalq konfransda hər il oktyabrın 20-nin Beynəlxalq Kulinariya Günü kimi keçirilməsi haqda qərar qəbul edib. Beynəlxalq Kulinariya Günü Azərbaycanda 2007-ci ildən etibarən təntənəli şəkildə qeyd olunur. Bu günün ölkəmizdə keçirilməsi gənc nəslin Azərbaycanın milli kulinariyasının sirlərinə yaxından bələd olması və ölkənin hüdudlarından kənarda milli mətbəx nümunələrimizin təbliği və tanınması baxımından olduqca əhəmiyyətlidir.
Qeyd edilib ki, ölkəmiz 1998-ci ildən UNESKO-nun Xalq Yaradıcılığı Təşkilatının üzvüdür. Son illər ölkəmizdə AMKM-in təşəbbüsü, Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Plov”, “Dolma”, “Mürəbbə”, “Şirniyyat” və digər festivallar keçirilib. Bütün bunlar bir daha göstərir ki, Azərbaycanda milli mətbəx nümunələrinin yaşadılması, təbliği və gələcək nəsillərə ötürülməsi baxımından mühüm işlər görülür.
Daha sonra Tahir Əmiraslanov AMKM-in birillik hesabatını təqdim edib. O, həmçinin, Prezident İlham Əliyevin söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” cümləsini sitat gətirərək və bu devizə uyğun olaraq Cocuq Mərcanlıda baş tutan tədbir barəsində də məlumat verib.
Tədbirdə çıxış edən digər qonaqlar Azərbaycan Milli Kulinariya Mərkəzinin gördüyü işləri yüksək qiymətləndiriblər.
Rövşən Tahir