Bu gün “Qarabağ” APOEL klubu ilə qarşılaşır

08:39 - 24 Oktyabr 2019 - İDMAN

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti matçını keçirəcək. APA-nın məlumatına görə, Ağdam klubu Avropa Liqasının qrup mərhələsinin III turunda meydana çıxacaq. Qurban Qurbanovun yetirmələri Kiprin APOEL klubu ilə görüşəcək. Bu, əyalət təmsilçisinin ikinci ev oyunu olacaq. İlk turda İspaniya “Sevilya”sına 0:3 hesabı ilə uduzan “Qarabağ” ilk ev qələbəsini qazanmağa çalışacaq. Ötən tur Lüksemburqda “Düdelanj”ı məğlub edən çempion ardıcıl ikinci qələbə ilə 1/16 finala doğru daha bir addım atmaq əzmindədir. Bakıda baş tutacaq görüş həm də revanş xarakteri daşıyır. “Qarabağ” Çempionlar Liqasına məhz APOEL-ə uduzaraq (2:1, 0:2) vida etmişdi. Avrokuboklar tarixində ilk dəfə Azərbaycan klubu eyni mövsümdə bir rəqiblə 3-cü dəfə görüşəcək. Bu da evdə alınan 0:2 hesablı məğlubiyyətin əvəzini çıxmaq üçün imkan yaradır. Keçirdiyi hər iki qrup matçında uduzan APOEL isə şanslarının minimuma enməməsi üçün Tofiq Bəhramov adına Respublika stadionunda xal qazanmağa məhkumdur. Almaniyalı baş məşqçi Tomas Dollun yetirmələri üzərindəki bu təzyiq də meydan sahiblərinin lehinə işləyəcək. Dolu tribunların verəcəyi dəstək də “Qarabağ”ı ardıcıl ikinci qələbəsinə kömək edəcək. Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionundakı “Qarabağ” – APOEL matçı saat 20:55-də başlayacaq.

Xəbər xətti