Göygöldə top mərmisi tapılıb- Foto

21:05 - 22 Oktyabr 2019 - Xəbər

22 Oktyabr tarixində saat 15:21-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Göygöl rayonu, Xasabağı kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Ucnoqta.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Göygöl rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Göygöl rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə yol kənarına baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 76 mm-lik top mərmisi (OF-343) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 200 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.


Xəbər xətti