“Auditoriyanı ciddi məzmunlu verilişlərə də öyrəşdirməliyik”

19:01 - 12 Oktyabr 2019 - Müsahibə

Vüqar Zifəroğlu: “Jurnalist auditoriyanı öz arxasınca aparmalıdır”

“Jurnalist o qədər maraqlı və dünyagörüşü zəngin bir insan olmalıdır ki, qarşısındakı müsahibi yormasın. Burada bir məqama da toxunum. Heç bir halda bu sırf marağı cəlb etmək üçün deyilən sözlər olmalı deyil. Yəni, jurnalist sözün məsuliyyətini dərk etməli və onu deməlidir”. “Üç nöqtə” qəzetinin qonağı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğludur.

- Vüqar müəllim, başlayaq sosial şəbəkələrdən. Sosial şəbəkələr cəmiyyətimizə nə dərəcədə faydalı, nə dərəcədə zərərlidir?
- Ümumiyyətlə, bildiyiniz kimi sosial şəbəkələr ilk növbədə tanışlıq, ünsiyyət qurmaq vasitəsi kimi yaradılıb. Məsələn, “Facebook”un özü ali məktəb tələbələrinin bir-biri ilə ünsiyyət qurması, tanışlığı məqsədilə yaradılan bir sosial şəbəkə idi. Amma zaman keçdikcə sosial şəbəkələr həm miqyasına görə böyüdü, həm də funksiyalarını dəyişdi. Bu gün sözün əsl mənasında sosial şəbəkələr ciddi bir kommunikasiya vasitəsinə çevrilib. Məsafədən asılı olmayaraq fərqli fikirli, müxtəlif görüşlü, düşüncəli insanları bir araya gətirir. Hal-hazırda milyonlarla insan öz asudə zamanını sosial şəbəkələrdə keçirir.

Müasir dövrdə sosial şəbəkələr fərqli məqsədlər üçün istifadə olunan mürəkkəb alətdir. Burada həm informasiyalar paylaşılır, reklamlara yer verilir, təbliğat məsələləri öz əksini tapır, siyasi-ideoloji təbliğat platforması funksiyasını belə icra edir. Təbii ki, bunun həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət tərəfləri odur ki, insanlar asudə vaxtlarını səmərəli keçirə, bir-birilə fikir mübadiləsi edə bilərlər.

O ki, qaldı mənfi tərəflərinə, bir çəkic təsəvvür edək. Onunla nəyisə qurmaq da olar, nəyisə dağıtmaq da. Bax, sosial şəbəkələr də belədir. Sənin məqsədindən asılı olaraq ya faydalı olur, ya zərərli. Bu gün danılmaz faktdır ki, sosial şəbəkələrdə əxlaqsızlıq, zorakılığın təbliği, ekstremizm hallarına da rast gəlinir. Bunlara qətiyyən yol vermək olmaz.

- İnformasiya mənbələri çoxdur. Bəs Vüqar müəllim bunlardan hansını ən alternativi sayır?
- Peşəkar jurnalistlər üçün informasiya mənbəyi bir mənalı olaraq rəsmi qaynaqlardır. Jurnalistikanın qızıl bir qaydası var. İnformasiya 3 mənbədən dəqiqləşdirildikdən sonra təqdim edilə bilər. Bu, informasiya ilə iş prosesində professionallığın ən vacib elementidir.

Amma müasir dövrdə biz  informasiya bumu yaşayırıq. Baxın, informasiyada operativlik və rəqabət baxımından bəzilərimiz o informasiyaların dəqiqləşdirilməsinə ehtiyac duymuruq. Əslində, bu doğru hal deyil. İstənilən şəkildə informasiya dəqiqləşdirilməlidir. Bir də jurnalistikada informasiyanın leqallaşdırılması məsələsi var. Bu artıq jurnalistin sosial məsuliyyət anlayışından və peşə etikasından irəli gələn bir məqamdır ki, biz buna riayət etməyə borcluyuq.

- Bir az da TV-lərdən danışaq. Bilirik ki, televiziya vizuallığa əsaslanır. Ona görə də sən burada ən yaxşısını göstərməlisən. Fikrinizcə, televiziyalırımız bu gün tamaşaçını qane edirmi?
- Azərbaycan televiziyasında, İctimai televiziyada, eləcə də bəzi özəl kanallarımızda bu mövsümdən başlayaraq gedən dəyişikliklər imkan verir ki, mən deyim, bəli qane edir. Yeni layihələrin, intelektual, düşündürücü verilişlərin, fərqli formatlı proqramların ortaya çıxması onu göstərir ki, kanallarımızda müsbət dəyişikliklər gedir və gedəcək. Biz bəzən televiziyalarımızın üzərinə çox düşürük, çox qınayırıq, amma auditoriya deyilən bir anlayış var.

Düzdür, mən onun qəti əleyhinəyəm ki, jurnalist auditoriyanın dalınca qaçmalıdır. Bunu qəbul etmirəm. Jurnalist auditoriyanı öz arxasınca aparmalıdır. Jurnalistikanın 3 funksiyası var: bilgiləndirmə, maarifləndirmə və əyləndirmə. Şübhəsiz ki, əyləndirmənin ön plana çıxması doğru deyil. Amma bəzən auditoriyanın istək və tələblərini nəzərə almaq məcburiyyətində qalır kanallarımız. Biz auditoriyanı ciddi məzmunlu verilişlərə də öyrəşdirməliyik.

PR-da belə bir anlayış var. Bəzən brendin özünün qiyməti istehsal etdiyi məhsulun qiymətindən daha artıq olur. Məsələn, bir intelektual veriliş efirə gedir. Mütləq deyil ki, ona yüz minlərlə tamaşaçı baxsın. Dünyanın heç bir yerində belə bir tələb yoxdur. Onun özünün kiçik də olsa, intelektual bir auditoriyası var. Bu cür məzmunlu verilişlər olmasa, o auditoriya da itəcək.

- Vüqar müəllim, jurnalistika elə bir elmdir ki, burada daim öyrənməlisən. Amma bəzi jurnalistlər var ki, onlar sadəcə bildikləri ilə kifayətlənirlər, yəni öz üzərlərində çalışmırlar. Bir mütəxxəssis olaraq onları necə qiymətləndirirsiniz?
- Mən bir şey deyim. “Bir insan mən artıq peşəkarlaşmışam, mən artıq hər şeyi bilirəm” deyərsə, həmin anda bitər. İnsan daim oxumalı, maariflənməlidir. Nə qədər çox bilirsənsə, bil, sən yenə də öz üzərində işləməlisən. Hələ sən jurnalistsənsə, bu mütləqdir. Jurnalist olmaq böyük bir məsuliyyətdir. Sən, cəmiyyəti bilgiləndirirsən, maarifləndirirsən. Bu, jurnalistikanın mahiyyətindən, fəlsəfəsindən irəli gələn başlıca meyarlardır.

Zaman dayanmır, inkişaf edir, hər gün adi həyatdan tutmuş elmin müxtəlif sahələri də olmaqla yeniliklər baş verir. Bütün bunlar haqqında məlumatlı olmaq lazımdır. Hələ bunun aparıcı tərəfini demirəm. Bir aparıcı hansı sahəyə aid veriliş aparırsa, onu incəliklərinə qədər bilməlidir. Əgər aparıcı bilgili olmasa, qonaqları da danışdırmağı bacarmayacaq. Sözü jurnalist almalıdır. Sözü almaq üçün isə maraqlı suallar olmalıdır, maraqlı gedişlər olmalıdır. Əgər sənin məlumatın azdırsa, o sualları necə verəcəksən? Bu mənada dünyagörüşünü daim təkmilləşdirməlisən.

- Jurnalistikada təqdimat. Bununla bağlı nə deyə bilərsiniz?
- Təqdimatdan çox şey asılıdır. Məsələn, sən çox gözəl ideya ortaya ata bilərsən. Amma onu istər aparıcı, istər format baxımından uğursuz təqdim etsən, bu nəticə verməz. Təqdimat uğurlu olmadığı zaman isə auditoriya yığılmayacaq. Nə qədər ideya gözəl olsa belə, qəbul edilməyəcək.

- Düşürmürsünüz ki, sanki, araşdırma jurnalistikasına maraq son illər azalıb?
- Bildiyiniz kimi jurnalistikada xəbər janrı həmişə birinci yerdə olub, ümumiyyətlə jurnalistika xəbərdən başlayır. Bu səbəbdən araşdırma və analitik jurnalistikaya maraq və meyl bir qədər az olur, adətən. Həm də bu bir peşəkarlıq göstəricisidir. Hər jurnalist analitik təhlillər və ya araşdırma yazılar təqdim edə bilmir. Bunun üçün illərin peşəkarlığı, sahə üzrə dərin bilgilərə yiyələnmək lazımdır. Məsələn, mən beynəlxalq  jurnalist olaraq Yaxın Şərq üzrə analitik təhlillər verirəm. Amma mən həyatımın 20 ilini məhz bu bölgəni öyrənməyə, izləməyə həsr etmişəm. Son illərdə araşdırma və analitik jurnalistikada irəliləyiş hiss olunur.

- 2 ildir ki, jurnalistika fakültəsinə dekan təyin olunmusunuz. Bura qəbul qaydalarının dəyişdirilməsi ilə bağlı təklifləriniz olubmu?
- Məsələ bundadır ki, ali məktəblərə qəbul prosesi ali məktəblərin özləri tərəfindən aparılmır. Bu Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir. Təqribən yeddi ildir ki, Jurnalistika fakültəsinin bakalavr pilləsinə qəbulda ikinci tur olaraq qabiliyyət imtahanı - esse yazı müsabiqəsi tətbiq edilir. Bu müsabiqə də birbaşa DİM tərəfindən təşkil edilir, aparılır. Müsabiqənin keçirilməsinin təklifi o zaman bizdən – yəni ali məktəbdə dərs deyən jurnalistlərdən, Mətbuat Şurasından, media kapitanlarından gəlmişdi. Onu da niyə etdik? O zaman jurnalistikaya qəbul sadəcə testlə aparılırdı və bu ixtisasa qəbul olan tələbələrin 70-80 faizini balı arzuladıqları ixtisaslara çatmamış abituriyentlər təşkil edirdi. Lakin indi vəziyyət dəyişib. Bu gün qəbul olunanların böyük qismi bu ixtisası sevib gələnlərdən ibarətdir.

- Kənardan sizi sezmişəm. Bildiklərinizi tələbələrinizə çatdırmaq üçün can atırsınız. Bəs tələbələr necə öyrənməyə səy göstərirlərmi?
- Bəli, çalışırlar ki, məndən və digər müəllimlərdən nəsə öyrənsinlər. Son 2 ildə biz maksimum dərəcədə çalışdıq və hələ də çalışırıq ki, tədrisdən əlavə praktik kursların, seminarların, treninqlərin sayını artıraq. Çünki, tələbələri peşəkar jurnalist kimi hazırlamaq istəyirik. Bilirsiniz ki, jurnalistika nəzəriyyə ilə praktikanın vəhdətini sevən bir ixtisasdır. Yəni bunlardan biri olmazsa, peşəkar jurnalist olaraq yetişmək mümkün deyil. Çalışırıq ki, 4 illik bakalavr təhsili yalnız akademik bilik və nəzəri savadla deyil, həmçinin praktik vərdişlər və peşə fəaliyyətinə tam hazırlıq kursu kimi də yadda qalsın.

Bu gün Tədris teleradio studiyamızda tələbələrimiz 3 dildə xəbər bloku hazırlayır, müəllif proqramları təqdim edirlər. Professional montaj işindən tutmuş çəkiliş texnikasına qədər bütün işləri tələbələrimiz edir. Fakültədə “Jurnalist” qəzeti yayımlanır, həm müxbir, həm redaktor tələbələrimiz olur. Bütün bunların nəticəsidir ki, fakültəmizdə son iki ildə onadək kastinq keçirilib və yuxarı kurs tələbələrimizin əksəriyyəti bu gün mediada həm də çalışırlar. Bundan əlavə dərs saatlarından kənar müxtəlif treninqlər təşkil edirik.
Məsələn, “Beynəlxalq jurnalistika məktəbi”, “Jurnalistlər klubu”, “Tələbədən tələbəyə” treninqlərimiz tələbələrimizin peşəkar vərdişlərinin artırılmasına istiqamətlənib. Bizim həm də dövlət orqanları ilə birlikdə keçirdiyimiz treninqlər var. Keçən il Kənd Təsərrüfatı Nazirliyi ilə “Aqrar jurnalistlər” və Vergilər Nazirliyi ilə “Maliyyə jurnalistikası” adlı müştərəq treninqlərimiz də keçirildi. Digər nazirliklərlə də profil istiqamətinə uyğun olaraq bu tip treninqlər təşkil etməyi planlaşdrırıq.

- Deyirlər ki, insanı 11 saniyədə dinləyirlər. Yəni 11 saniyədən bir insan, ələlxüsus, jurnalist yeni bir fakt deyib hakimiyyəti ələ almalıdır ki, maraqlı olsun. Bu fikirlə razısınız?
- Tamamilə, razıyam. Jurnalist o qədər maraqlı və dünyagörüşü zəngin bir insan olmalıdır ki, qarşısındakı müsahibi yormasın. Burada bir məqama da toxunum. Heç bir halda bu sırf marağı cəlb etmək üçün deyilən sözlər olmalı deyil. Yəni, jurnalist sözün məsuliyyətini dərk etməli və onu deməlidir.

- Vüqar müəllim, elə siz də dediyiniz bütün sözlərin məsuliyyətini dərk edərək 11 saniyədən bir dominantlığı ələ ala bildiniz. Dəvətimizi qəbul etdiyiniz, dəyərli fikirlərinizi bölüşdüyünüz üçün sizə minnətdaram.
- Siz də çox sağolun.

Rövşən Tahir

Xəbər xətti