Ölkənin ilk mobil operatoru “Bakcell” şirkəti 04-05 oktyabr tarixində Şabran rayonunda media nümayəndələri üçün iki günlük seminar təşkil etdi.
“Mobil telekommunikasiya sənayesində son həllər və yeniliklər” mövzusunda keçirilən seminarda "Bakcell" şirkətinin ən son yenilikləri və tətbiqləri barəsində jurnalistlər məlumatlandırıldı.
İlk öncə Məhsulların İdarə edilməsi Departamentinin rəhbəri Cəlil Xəlilov çıxış edib. O, telekommunikasiya sahəsində “Big data”: Tətbiqlər və son tendensiyalar” barədə seminar iştirakçılarına məlumat verdi. Cəlil Xəlilov çıxışında böyük telekom qruplarda dünyanın inkişaf etmiş ölkələrində olan misallardan və növbəti illər üçün gözlənilən perspektivlər barədə danışdı.
Şirkətin problemlərin araşdırılması və dəstək xidmətinin rəhbəri Oruc Sadıqov seminar iştirakçılarına “Mobil şəbəkənin inkişafı” mövzusunda danışdı. Onun sözlərinə görə, “Bakcell” daha yüksək sürətli mobil internet xidmətini təqdim etməklə yanaşı, müştəri məmnuniyyətini təmin etmək, əhatə dairəsini genişləndirmək və şəbəkə keyfiyyətini artırmaq istiqamətində işləri davam etdirir: ““Bakcell” 4G mobil şəbəkə sahəsində liderlik edir. Belə ki, 2019-cu il ərzində 1000dən çox yeni 4G texnologiyalı baza stansiya istifadəyə verilib. “Bakcell” müştəriləri artıq ultra-sürətli LTE-A (LTE-Advanced) şəbəkəsi üzərindən 225 Mbps sürəti təcrübə edə bilərlər. Şirkətin 8500-dən çox baza stansiyası 99 faiz əhalini, 93 faiz coğrafi ərazini əhatə edir. Cari ildə 138 yeni 3G texnologiyalı baza stansiyası istifadəyə verilib”- Oruc Sadıqov qeyd etdi.
“Tədbirlər və şəbəkənin hazırlığı” mövzusunda çıxış edən Biznesə dəstək üzrə layihə rəhbəri Nahid Şükürov mobil rabitə şəbəkəsində hazırlıq, radio rabitə şəbəkəsinin təhlili, istismar qrupları və baza stansiyalar, eləcə də mobil baza stansiyalari mövzusunda ətraflı məlumat verib.
"Bakcell” şirkətinin Xidmətlər və texnologiyalar üzrə eksperti Hüseyn Ziyadov "Mobil rabitənin əsasları” barədə, Müştəri təcrübəsi və rəqəmsal kanalların idarə edilməsi üzrə bölmə rəhbəri Elşən Sadıqov isə rəqəmsal texnologiyaların müştəri xidmətlərinə tətbiqindən danışdı. E. Sadıqovun sözlərinə görə, bu tətbiq həm müştərilər üçün həm də onu tətbiq edən şirkət üçün yeni imkanlar yaradır.
Daha sonra çıxış edən təlimçilər də “Bakcell” şirkətinin müxtəlif sahələrində tətbiq edilən yeniliklər barədə media nümayəndələrinə məlumat verdilər.
Emin Nəbili