Taleyini əsasən qadın nəvazişinə bağlayan musiqi aləti, yaxud “sirlər sandığı” qanun

18:36 - 18 Sentyabr 2019 - Xəbər

Musiqi insan ruhunun təmizlənməsi, onun pərvazlanması üçün bir vasitədir. Elə bir vasitə ki, insana xeyirxahlığa, mənəvi kamilliyə gedən yolda yol bələçisi olur. Musiqi ruhumuzun qidasıdır. Bizi kövrəldən, həmçinin, qəlbimizdə xoş hisslər yaradan musiqiləri, ecazkar səsləri isə, əlbəttə ki, bizə musiqi alətləri çatdırır.

Bu gün sizə ən qədim xalq çalğı alətindən-qanundan söhbət açacağam. Bu musiqi aləti haqqında yazıma elə onun adından başlayıram: kanon yoxsa qanun ? Kanon kilsə musiqisində istifadə edilən bir termin olub rus və ingilis dilindən tərcümədə deyildiyi kimi səslənir. Alətin bizim dildə adı qanundur və qanun yunancadan “nizam”, “qayda”, “tərtib” deməkdir.

Qanun yastı sazlar ailəsinə mənsub olub dartımlı-simli musiqi alətidir. Yaxın və Orta Şərqdə, o cümlədən, ölkəmizdə geniş yayılmışdır. Azərbaycanda onun təxminən min ildən çox tarixi vardır. Trapesiya şəklində olan qanun aləti əsasən şam ağacından düzəldilir. Qanunun gövdəsi taxta qutunu xatırladır və üst taxta gövdənin böyük bir hissəsini örtür. Bu taxtada üç böyük rezonatorlu deşik vardır.

Musiqi aləti 72 simdən ibarət olub, sanki, bir sandığa bənzəyir. Bəlkə də elə buna, bəlkə də başqa bir xarakterik xüsusiyyətinə-sirrli dünyaya oxşarlığına görə onu “sirrlər sandığı” sanırlar. Bunu deyə bilmərəm, amma bir şeyi bilirəm ki, qanunun insanda yaratdığı xoş təəssüratı  və onun incə səslənişini heç bir musiqi aləti əvəz edə bilmir.

Simli musiqi alətlərinin tarixini araşdıran alimlərin fikrincə, qanun musiqi aləti çəng alətindən formalaşıb. Çəng alətinin özünün mənşəyi isə qədim türklərə aiddir və altay türklərində indiyə qədər folklor aləti kimi istifadə olunur. Deməli, öz tarixi kökü ilə çəng alətinə bağlı olan qanundan ilk dəfə türk dünyasında istifadə edilmiş və sonradan bu musiqi aləti şöhrətlənərək dünyaya yayılmışdır.
Bəzi tətqiqatçılar isə qanunun Azərbaycandan dünyaya miqrasiyası fikrini qeyd edirlər. Yəni, onlara görə qanun Azərbaycanda formalaşmış və daha sonra Orta Asiya, Əfqanıstan, Çin və Hindistan kimi ölkələrə yayılmışdır. Hər halda bunu deyə bilmərəm ki, qanun ilk dəfə Azərbaycandamı yaranıb, yoxsa digər Şərq ölkəsində, amma bir şeyi əminliklə yaza bilərəm ki, ölkəmizdə mövcud olan qanun istər səs qatarı, istərsə də simlərinin sayına görə şərq xalqları qanunundan fərqlənir.

Azərbaycan qanunun adına klassik ədəbiyyat nümunələrimizdə də rast gəlinir. Dahi şairimiz Nizami əsərlərindən birində bu musiqi alətini belə təsvir edirdi:

Sonra öz fikrinin üstündə durdu,
Öz istəyincə bir qanun qurdu.
Düzgün, ahəngdar səs çıxarmaq üçün,
Ona teller düzdü, baş-başa bütün.


Xaqani Şirvani, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və digər söz, fikir nəqqaşlarımızın əsərlərində də bu alətin adı ilə qarşılaşmaq mümkündür. Bunu da qeyd edim ki, 12-ci əsrdə yaşayıb yaradan ədibimiz, musiqi elmini dərindən bilən şairə Məshəti Gəncəvi qanunun məharətli ifaçısı olub.

Taleyini əsasən qadın nəvazişinə bağlayan, öz ecazkar səsini əsasən qadın əllərinin istiliyinə etibar edən qanun haqqında dahi bəstəkarımız Üzeyir Hacıbəyov qeyd etmişdir: “Bu gün hər bir musiqiçi üçün piano çalmaq vacib olan kimi, Şərq musiqiçiləri də öz çalğılarından əlavə qanun çalmağı özlərinə borc bilmişlər”.

Musiqi aləti haqqında yazmaq, onu bədii sözlərlə oxşamaq nə qədər vacibdirsə, onun ustadının fikirlərini öyrənmək də bir o qədər vacibdir. Elə ona görə də yazımda Milli Konservatoriyanın müəllimlərinin düşüncələrinə də yer ayırdım. Milli Konservatoriyanın Xalq Çalğı Alətləri kafedrasının qanun ixtisası üzrə baş müəllimi Çinarə xanım Heydərova deyir ki, qanun alətindən danışarkən Məhəmməd Füzulini qeyd etməsək, demək olar ki, qanun haqqında danışmamış olarıq. Ondan ötrü ki, Füzuli dünya ədəbiyyatında qanuna bir varlıq kimi yanaşan ədib olub. Onun “Yeddi cam” əsərinin “Qanun ilə söhbət” hissəsi bunun əyani sübutudur:

Xoş nəğmələr ilə edərək aləmi məmnun,
Bir huri, mələk üzlü çalırdı iri qanun.
Sirr sandığına xeyli onun oxşarı vardı,
Qapısını əql xəznədarı təkcə açardı.


Milli Konservatoriyanın İnsturmental muğam kafedrasının müəllimi Aysu xanım Sadıqova isə qeyd etdi ki, qanun aləti, həqiqətən, qədim alətdir. O, tarixin çətin sınaqlarından çıxaraq günümüzə gəlib çatıb. Sovetlər birliyi zamanı qanun türkçülüyü təbliğ etdiyindən onun istifadəsinə qadağalar qoyulmuşdur. Lakin İttifaqın dağıldığı illərdə bu alətdən yenidən istifadə edilməyə başlanıb və bu gün musiqi alətləri içərisində özünəməxsus yer tutur.

Qanun haqqında yazdıqca yazmaq istəyirəm, danışdıqca isə danışmaq, bir sözlə bu musiqi alətindən bəhs etməkdən doya bilmirəm. Ona görə ki, bu musiqi aləti ta qədimlərdən bu günədək bizim ürəyimizə yol tapmağı bacarıb. Özünün incə səslənişi, həzin səsi ilə, dinlədikcə insan ruhunu sakitləşdirən, bəzən keçmişi xatırladan, bəzənsə gələcəyi ümidlə səsləyən qeyri-adi səsi ilə ! Səni səndən alıb duyğular aləminin sakininə çevirən, bu dünyadan ayırıb xəyallar aləminə salan ecazkar səsi ilə!

Rövşən Tahir

Xəbər xətti