Millət vəkili Hikmət Babaoğlu: “Hadisələr bir-biri ilə zəncirvari bağlıdır”
Hər kəsə bəllidir ki, ABŞ-ın 11 sentyabr 2001-ci il sabahı dünyanın ən yüksək binalarından olan New Yorkdakı Dünya Ticarət Mərkəzinin ekiz qüllələrinə yönəlik, yerli saatla 09.00-da baş verən terrorla açıldı. Qeyd edilən tarixdə ABŞ soyuq müharibənin başa çatmasından sonra formalaşan “təkqütblü sistemdə” öz gücünü ən üst səviyyədə hiss edərkən tarixin böyük sınağı ilə üz üzə qaldı.
Amerikanın New York və Manhattan əyalətlərində gerçəkləşən 11 sentyabr hadisələri dünyada yeni bir əsrin başlamasına səbəb oldu. Pentaqon və Dünya Ticarət Mərkəzinə edilən bu hücumlar ilə birlikdə Soyuq müharibə sonrası təkqütüblülüyü müdafiə edən fikirlər aradan qalxdı və beynəlxalq münasibətlər sistemi yenidən nəzərdən keçirildi. ABŞ-ın öz torpaqlarında belə bir hücüma məruz qalması onun hegomon gücünü sarsıtdı.
11 Sentyabr hücumları beynəlxalq münasibətlər sistemində “tarixin sonunun sonu” olaraq qiymətləndirilmiş, XXI yüzilliyin dönüş nöqtəsi olaraq dəyərləndirilmişdir. Bu hücumlardan sonra dünya siyasətində baş verən əsaslı dəyişikliklər barədə danışan millət vəkili, politoloq Hikmət Babaoğlu Ucnoqta.az-a bildirdi ki, müxtəlif müəmmalar və qaranlıq məqamlarla səciyyələnən 11 sentyabr hadisələrindən sonra dünya siyasətində yeni nizam özünü göstərdi: "Belə ki, 11 sentyabr hadisələri müsəlman Şərqinin yenidən dizayn edilməsi prosesinə start vermiş oldu. O vaxtdan bu günə qədər cərəyan edən proseslər belə bir qənaətə gəlməyə imkan verir ki, hadisələr bir-biri ilə zəncirvari bağlıdır. Çünki, 2001-ci il sentyabr hadisələrindən sonra ABŞ ətrafında ciddi bir antiterror koalisiyası yaradıldı və oraya ayrı-ayrı beynəlxalq aktorların, milli dövlətlərin qoşulması sonrakı mərhələdə Yaxın Şərq siyasətinin paradiqmalarını müəyyənləşdirdi. Politoloq Hikmət müəllim bunu da əlavə etdi ki, bu gün Yaxın Şərqdə baş verənlərin dünya siyasətinə təsiri çox böyükdür. Bu hadisələrdən sonra biz postbipolyar dünya nizamından multipolyar dünya nizamına keçidin şahidi olduq və hazırda bunu izləyirik".
Mövzu ilə bağlı siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Könül Şıxiyeva ABŞ-dakı hadisələrdən sonra dünya sisteminin müasir geosiyasi strukturunun konfiqurasiyasında əsaslı dəyişikliklərin özünü göstərdiyini deyir. Belə ki, ABŞ-ın Mərkəzi Asiya və Yaxın Şərqdə fəaliyyəti nisbətən zəiflədi. Bu bölgələrdə Çin, Rusiya, Hindistan, Yaponiya və Avropa Birliyi kimi aktorlar ABŞ-ın qlobal rəqibləri halına gəldi. Bu dövlətlərlə yanaşı Türkiyə, Venesuella, İran, Cənubi Afrika, Meksika, Braziliya, İndoneziya kimi ölkələr də beynəlxalq münasibətlər sistemində əsaslı yer almağa, dünya siyasətində rollarını müəyyən etməyə başladılar.
11 sentyabr hadisələri ABŞ-ın xarici siyasətində yeni bir səhifə açdı. Bu hadisələrdən sonra rəsmi Vaşinqton terrorizmə qarşı mübarizəni özünün xarici siyasət kursunun əsas istiqaməti kimi müəyyənləşdirdi. 11 sentyabr hadisələri ilə ABŞ-ın geosiyasi stratergiyasında da müəyyən dəyişikliklər özünü göstərdi. Belə ki, Yaxın və Orta Şərq onun xarici stratergiyasının əsas hədəfinə çevrildi. Qeyd etməliyəm ki, Yaxın və Orta Şərq hər zaman ABŞ-ın diqqət mərkəzində olub. Bu regionun zəngin neft, qaz ehtiyatlarına sahib olması onu daima ABŞ-ın qlobal geostratergiyasında istinad nöqtəsinə çevirib. Günü bu gün belə ABŞ Yaxın Şərqdə və İraqda əldə etdiyi nefti nəyin bahasına olursa, olsun, qoruyub saxlamağa çalışır. Ona görə də bu regionda münaqişələrin yaranmasında maraqlıdır. ABŞ-ın dəstəyi ilə Yaxın Şərq ölkələrinin bir qismində baş verən hakimiyyət dəyişiklikləri və burada təzahür edən münaqişələr məhz buna hesablanıb.
Rövşən Tahir