Bayrağımız altındakı günəşimiz – Müstəqillik

11:08 - 18 Avqust 2019 - Ədəbiyyat

2019-cu il dövlətimizin müstəqillik qazanmasının 28-ci ili tamam oldu. Əvvəllər çiçəkli diyarımız SSRİ-nin tərkibində respublika idi. Sovet imperiyası dağıldıqdan sonra tarixi diyarımız suverenlik əldə etdi. Bu şanlı tarixə və azadlığa nail olmaq üçün minlərlə vətən övladı canlarından keçmişdir. Canlarını Vətən yolunda qurban verən,gözlərindəki Vətən sevgisi ilə yaralanan,qəlbindəki dumanlı hislərlə torpağa qovuşan şəhidlərimizin önündə baş əyirəm.

Əgər bəstəkar olsaydım, şəhidlərimizin son nəfəsindəki ahından bir nəğmə, “ Vətən,Vətən!” – deyə hıçqıran tellərindən saz melodiyası, “ Müstəqilliyimiz əbədidir,əbədi olacaq!” deyə bir musiqi bəstələyərdim. Elə bir musiqi ki, Mikayıl Müşfiqin şeirində “ Oxu tar, oxu” deyildiyi kimi, şəhidlərimizin qanıyla da “ Yaşa Vətən! Yaşa!” deyə sızlanan nəğmələr kimi...

 Əgər yazıçı olsaydım, qələmin mürəkkəbini qanla yazardım tozlu səhifələrin misralarına. Şəhidlərimizin müstəqillik yolundaki qanıyla boyanardı şeirlərim,məqalələrim. Dastanlar yaradardım,şəhidlərimizin ağlar analarından,bacılarından. Saçlarına gənc yaşda bəyaz qarlar süzülmüş, kirpiklərini buz qılıncı kəsmiş o gənc gəlinlər ki, həyat yoldaşlarının şəhid xəbərini eşitdiyində, o qılınc kirpiklərindən gözlərini kəsərək, görməz etmişdir o masum çöhrələri. Gözlərini açmaq istəyərkən,yaş yerinə qan damlamış bir zamanlar parlayan o gözlərdən. O gənc qadının gözlərindəki qan şəhidinin qanıyla qovuşaraq, əbədi müstəqilliyimizin ilk carçısı olmuşdur. İndi deyin görüm? Belə bir Böyük dövləti kim yıxa bilər? O Vətən ki, igid oğullar – Cavanşirlər, Babəklər, Xətailər yetişdirmiş...

Vətən bizim tarixi salnaməmizdir. Tarix,bütün həqiqətləri öz ümman dəryalarında saxlayan par-par parlayan bir gövhərdir. Ona görə də, Vətənimiz tarixi dəryamızdakı əvəzedilməz bir mirvaridir.Dənizlərin rəngi ilə min bir rəngə boyanan bu mirvari Vətənimizin ömür səhifəsidir. Dənizdəki yosunların al yaşıl rəngi mirvariyə toxunarkən, vətənimizin yaşıl yamaclı dağlarında qaçan cüyürləri görürük sanki.Hər bəzəyi insanı valeh edən,yumru xalları ilə insanın qəlbindəki Qarabağ xalını xatırladan,gözlərinin badamı ilə qovuşan çayları xatırladan bu cüyür, əslində ayrı düşmüş,həsrətli gözlərlə Şimali və Cənubi Azərbaycanı xatırladır.Bir zamanlar bir olan o bulaqlar artıq ayrılaraq keçmişin kölgəsinə sığınmışdır.

Doğrudur əsrlər boyu yağı düşmənlər Vətənimizin təbiətinə,sərvətinə göz dikmişlər. Çoxlu mübariz övladlarımız vətəni ana südü kimi qoruyub,saf və təmiz saxlamağa çalışıblar. Ancaq düşmən pusqudadır. Azərbaycan xalqına ən böyük pusqu,ilk dəfə xalqı bir-birindən ayrı salmaq oldu. Tariximizin səhifələrini həzin küləklə 1813-cü ilə varaqlayaq. Ona görə həzin külək deyirəm ki, o gün həqiqətən də həzinli bir gün idi. 1813-cü il, ilk dəfə Azərbaycan xalqını, millətini bir millət olaraq qəddarcasına ayırdılar. Vətən həsrəti bütün yaralı qəlblərdə xaniman qurdu.Bir canı iki cana ayırdılar.Ancaq yenədə mərd oğullarımız bir ovuc torpaq üçün,torpağa qovuşdular. Doğrudur,cismən torpağa qovuşdular, fəqət mənən yaralı qəlblərin ürək kərpiclərindən divar hördülər..

“ Şəhidlər ölməz! Ölməyib! Ölməyəcək də!”


Nurcahan İsmayil

 

 

Xəbər xətti