Bu gün Azərbaycanın Xalq artisti Afaq Bəşirqızının doğum günüdür.
Afaq Bəşir qızı Səfərova 1955-ci ildə Bakı şəhərində anadan olub. 1974-1979-cu illərdə İncəsənət Universitetində təhsil alıb. Aktyorluq fəaliyyətinə 1973-ci ildə Lənkəran Dövlət Dram Teartında başlayıb. İlk rollarından özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək tamaşaçıların dərin rəğbətini qazanıb.
1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrında işləməyə başlayıb. Əsasən komik rolların ifaçısı kimi daha da püxtələşən Afaq Bəşir qızı, Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək şöhrət qazanıb. Onun "Bəxt üzüyü" tamaşasında yaratdığı Söylü obrazı öz koloritinə, tutumuna, yüksək bədii keyfiyyətlərinə görə nümunədir. Eyniadlı filmin xalq tərəfindən sevilməsində də aktrisanın xidmətləri böyükdür.
1989-cu ildə Afaq Bəşirqızı Musiqili Komediya Teatrına (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrına) dəvət alıb. Bu illər ərzində o, Səməni (S. Ələsgərov, İ. Məlikzadə "Subaylarınızdan görəsiniz”), Sənəm (Hacıbəyli "O olmasın, bu olsun”), Minnət (Ü.Hacıbəyli "Ər və arvad”), Nisə (E. Sabitoğlu, T.Vəliyeva "Bankir adaxlı”), Səltənət (C. Quliyev, Q.Rəsulov "Məhəbbət oyunu”), Məleykə (C.Quliyev "İtgin ər”), Məsmə (R.Mustafayev, C. Məmmədov "Məsmə xala dayımdır”), Qəmzə xanım (Fərəcov, Ə. Nesin "Şəhərdə manyak var”),
Zalxa (C.Quliyev, Ə. Əmirli "Yeddi məhbusə anası”), Güldəstə (Sücəddinov, T.Vəliyeva "Mən dəyərəm min cavana”), Xanuma (Dolidze, A. Saqarelli, "Xanuma”), Kimyagər (S.Kərimi, Ə. Ol "Kimyagər”), Qadın "Toya bir gün qalmış" (Ə.Səmədli) və digər müxtəlif rolları ilə bir-birindən maraqlı obrazlar yaratmağa nail olub.
A. Bəşirqızı teatr yaradıcılığı ilə yanaşı bir sıra kino və televiziya tamaşalarında da çəkilib. Bunlardan "Bəxt üzüyü", "Evləri köndələn yar", "Yaşıl eynəkli adam", "Nekroloq" və.s. adlarını qeyd etmək olar. Yaradıcılığının ən müdrik çağlarını yaşayan Afaq xanım Bəşirqızı bu gün də fəal yaradıcılıq axtarışındadır.
O, uzun illərdir ki, Mədəniyyət və İncəsənət Universitetində pedoqoq kimi çalışır. A.Bəşirqızı, 1989-cu ildə "Əməkdar artist", 1993-cü ildə "Xalq artisti" fəxri adlarına, 1993-cü ildə və 2003-cü ildə "Qızıl Dərviş" mükafatına layiq görülüb. Prezident mükafatçısıdır. 2013-cü ildə "Şöhrət” ordeni ilə təltif olunub.
Afaq Bəşirqızı Akademik Musiqili Teatrının 109-cu mövsümünün yekununda "İlin ən çox sevilən aktrisası" nominasiyasında mükafata layiq görülüb.