"Araz"ın baş məşqçisi: "Qrupumuzun favoriti "Benfika"dır"

11:14 - 5 İyul 2019 - İDMAN

“Çətin qrupda yer aldğımızı deyə bilərəm. “Benfika” Portuqaliya çempionatının qalibidir. Özü də onlar pley-offda Çempionlar Liqasının son qalibi “Sportinq”i məğlub ediblər”.


Ucnoqta.az” Azərbaycan Futzal Federasiyasının rəsmi sayına istinadən xəbər verir ki, bunları “Araz”ın baş məşqçisi Joze Alesio Da Silva Çempionlar Liqasının püşkatmasını dəyərləndirərkən deyib. 51 yaşlı braziliyalı mütəxəssisin Naxçıvan təmsilçisinin “Benfika” (Portuqaliya), “Halle Gooik” (Belçika) və “Xerson”la (Ukrayna) birgə yer aldığı 2-ci qrupun favoritini də açıqlayıb: “Nəticələrə əsaslanıb, “Benfika”nın favorit olduğunu vurğulaya bilərəm. Belçika təmsilçisi də güclü komandadır. “Halle Gooik” ardıcıl 3 mövsümdür ki, ölkə çempionu olur. Üstəlik, elit-raunda da yüksəlib. Reytinq cədvəlində də üst sıralarda qərarlaşıb. Həm də qrup oyunlarına evsahibliyi edəcəklər. Ukrayna təmsilçisi də asan rəqib deyil. “Xerson” çempionatlarında aşkar favorit hesab edilən “Uraqan”ı “taxtdan” saldı. Heyətlərində 4-5 braziliyalı oyunçu var. Komandaya ispan baş məşqçi rəhbərlik edir. Bir sözlə, güclü rəqiblərlə qarşılaşacağıq. Bununla rəqiblərimizi böyüdüb, özümüzü kiçiltmirəm. “Araz” da rəqibləri üçün çətin komandadır”.

Azərbaycan millisinə də rəhbərlik edən Joze Alesio “Araz”ın mərhələ adlamaq üçün yaxşı şansının olduğunu deyib: “Çünki əvvəlki 2 ildən fərqli olaraq bu dəfə A yolunda mübarizə aparacağıq. Deməli, qrupumuzdan 3 komanda elit-raunda yükələcək. Bir qələbə qazanmaqla bu şansı böyük ölcüdə əldə edəcəyik. Digər yandan, heyəti formalaşdırmalıyıq. Hazırda “Araz”ın heyətindəki oyunçuların sayı azdır. Əlbəttə, keyfiyyətli futzalçılarla güclənməliyik. Planlarımız var. Yaxşı hazırlaşmalı, şansımızı qaçırmamalıyıq”.

Qeyd edək ki, 2-ci qrupun oyunları oktyabrın 8-dən 13-dək Belçikada keçiriləcək.

Xəbər xətti