“Ana laylam yallı musiqisi olub”

14:25 - 27 İyun 2019 - Müsahibə

Novruz Əfsər: “Məqsədim budur ki, bütün Azərbaycan təkayaq yallı oynasın”

Artıq 20 ildən çoxdur ki, bu sahədədir. Doğulub boya-başa çatdığı Çərçiboğan kəndi yallının beşiyidir. Deyir ki, bu kənddə yallını bilməyən adama rast gəlmək olmaz. Burda nə zaman el şənlikləri, toy məclisləri olsa, son nöqtə məhz yallı ilə vurulur.

Deyir ki, bu sənət onun üçün çox maraqlıdır, əzizdir. Qoy gələcək nəslimiz milli ruhda böyüsün. “Şərur” yallısını həm öz ölkəmizdə, həm də xarici ölkələrdə yetərincə layiqli şəkildə təmsil edirlər. Hətta “Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESKO-nun Təcili Qorunma Siyahısına da daxil edilib. Müsahibim deyir ki, qarşıdakı əsas məqsədi isə “Şərur” yallısının “Ginnesin Rekordlar Kitabı”na düşməsidir.

“Üç nöqtə” qəzetinin qonağı “Şərur” Xalq Yallı Ansamblının bədii rəhbəri, Azərbaycan Respublikasının Əməkdar Artisti, iki dəfə prezident mükafatçısı Əfsər Novruzovdur. Ə.Novruzovla “Şərur” Xalq Yallı Ansamblının fəaliyyətindən, söhbət açdıq.

- “Şərur” yallısının tarixindən danışardınız bir qədər. Neçə hissədən ibarətdir?
- “Şərur”  Xalq Yallı Ansamblı 1924-cü ildə balaca bir qrup şəklində yaranmış bir kollektivdir. İllər keçdikcə bu kollektiv dünyanın bir çox ölkələrini gəzib, dolanıb, milli mədəniyyətimizi böyük səhnələrdə təbliğ edib. Bu el sənətinin ilk vaxtlar yüzə yaxın növü olub.

Amma illər keçdikcə bu yallı növləri unudulub. Dövrümüzə gəlib çatan yallı növünün sayı 40-dır. Bu yallı növlərinin hazırda Şərurda üç kollektivi fəaliyyət göstərir. Bunlar 60 yaşdan yuxarı “Nurani yallı qrupu”, uşaqlardan təşkil olunan “Şərur qönçələri” və gənc və orta yaşlıları əhatə edən “Şərur”  Xalq Yallı Ansamblı üç nəsli əhatə edir. Şərurda yeddidən yetmiş yeddiyə hamı yallını bilir. Bu yallının bəstəkarı, müəllifi olmayıb, eldən gələn bir sənətdir.

- Bu yaxınlarda Ukraynada səfərdə idiniz. Səfəriniz necə keçdi? 
- Bəli, bir neçə gündür ölkəyə dönmüşük. Səfər çox uğurlu və yüksək səviyyədə keçdi. Bu kollektiv bütün ölkələri gəzir, yallının sirrlərinin gələcək nəsilə çatdırılması üçün əlindən gələni edir. 2015-ci ildə bu sahədə yenilik edərək, bağçada yallını tətbiq etməyə başladım. Balaca fidanlardan ibarət kollektiv hazırlayıram. Şərur rayonunda bütün mədəniyyət müəssisələri, klublar, musiqi məktəbləri və s. bunların hamısında kollektivlər hazırlanır.

-  “Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilib. Bu, Yallıya nə qazandırıb?
- Biz buna çox sevindik. Muğamımız, xalçamız, aşıq sənətimiz və s. qədim sənətlər olduğu kimi, yallı da qədimdir. Və Yallının beynəlxalq təşkilatlara qəbul olunması bizim üçün qürurvericidir. “Şərur”  Xalq Yallı Ansamblının bədii rəhbəri olaraq çox sevinc hissləri keçirdim. Babalarımızdan qalan mirasımız beynəlxalq təşkilatlarda öz yerini tutdu.

- Ermənilər Yallının onlara məxsus olduğunu deyirlər. Onlarla necə mübarizə aparırsınız?
- Bəli, mənfur qonşularımız deyir ki, “Köçəri”, “Yallı” bizimdir. Onlar həmişə oğru millət olub və ona görə də həmişə oğurluğa can atıblar. Qərbi Azərbaycanda  yaşayan azərbaycanlılar toylarına, el şənliklərində bizim azərbaycanlı musiqiçiləri dəvət edirdilər və bizimkilər də bu yallını el şənliklərində oynayırdılar. Ermənilər də azərbaycanlılara qoşulub toy məclislərinə gedərək bu yallını oğurlayıblar.

Onların dediklərinin heç bir əsası yoxdur. Bu yaxınlarda “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində yaşdan asılı olmayaraq 500 nəfərə yaxın insanla bir musiqi altında “Köçəri” yallısına oynadıq. Orda televiziya filmi də çəkilib. Bu istiqamətdə işlərimiz var. Öz  Yallımızı təbliğ etmək vasitəsilə onlarla mübarizə aparırıq. Şükürlər olsun ki, öz sahəmizdə qalib gəlmişik. Bizim “Köçəri”, “Tənzərə” yallısı ötən il dekabr ayının 24-də Madriddə keçirilən iclasda YUNESKO-nun Təcili Qorunma Siyahısına alınıb. 24 noyabr-1 dekabr tarixində Muxtar respublika rəhbərliyi cənab Vasif Talıbov “Yallının təbliği və qorunması” haqqında sərəncam imzalamışdı.

Hər zaman dövlətimizin qayğısını, diqqətini üzərimizdə hiss edirik. Müsahibələrimdə də həmişə demişəm ki, mənim babalarımın oynadığı bu “Köçəri” yallısını erməni heç vaxt öz adına çıxara bilməz. Çünki bizim bu Yallıda oğuz babalarımızın möhürü var. Ona görə də ermənilər nə qədər desələr də, oğurlamağa çalışsalar da bu həqiqətdən tamamilə uzaqdır. Bu, sadəcə oğurluqdan başqa bir şey deyil. Yallını layiqincə təmsil etmək üçün əlimizdən gələni əsirgəmirik.

- Bu yallının digər yallılardan fəərqləndirən xüsusiyyətləri nələrdir?  
- Bütün bölgələrdə yallı növləri var, amma sayı azdır, bir ya, ikidir. Amma “Şərur” yallısının 40-a yaxın növü var. Biri var, ancaq “Tello” yallısına oynayasan, biri də var ki, bunun “Tənzərə”, “Köçəri”, “Urfanı” və s. saymaqla bitməyən növlərinə oynayasan. Bunların hamısı bizim repertuarımızdadır, layiqincə təbliğ olunur. Maraqlı yallılarımız çoxdur. Misal üçün, bunlardan biri də “Urfanı” yallısıdır. Bu yallıda əlində qılınc olan iki dəstə olur və savaşırlar.

Qol güləşi, qılınclaşma olur, axırda bir qadın gəlib yaylığını açıb savaşanların arasına atır, bununla da sülh yaranır. Çünki bizdə yaylıq müqaəddəs hesab edilir. Bu cür maraqlı yallılar saymaqla qurtarmır.

- Yallıların maraqlı növlərindən danışdınız. Bəs fikrinizcə, bu cür maraqlı yallılar, paytaxtımızda insanlar tərəfindən yetərincə tanınırmı?
- Hər zaman deyirəm ki, yallı çox dərin sənətdir, oxunmamış bir kitabdır. Çox istəyərik ki, bu yallı paytaxtda yaxşı tanınsın. Orta nəsilin müəyyən qədər məlumatı var, bilir. Amma gənc nəsil o qədər bayağı musiqiyə meyillidir ki, bu yallını tam tanımırlar. Hələ “Qobustan ritmləri” adı altında bayağı musiqilərə rəqs edən gənclər də var. Burda tak-tukdan başqa heç nə yoxdur. Qobustanın da adını biabr edirlər, axı o, bizim tarixi abidəmizdir. Bu məni çox narahat edir, belə olmaz. Qoy bizim gələcəyimiz, balalarımız öz milli rəqslərimizlə böyüsün. Paytaxtda tədbirlərdə iştirak etmək istəyərik ki, insanlar yallının nə demək olduğunu görsünlər. Milli bayramımız olan Novruz bayramında payxtaxta gələrək orda çıxış etməyi çox istəyirik.

- Neçə ildir bu sahədəsiniz?
- 1998-ci ildən bu sahədəyəm, artıq 20 ildir. Axtardıqca, araşdırdıqca bitib-tükənmir, çox dərin sənətdir. Özüm Çərçiboğan kəndindənəm. Demək olar ki, bura yallının beşiyidir. Bu kənddə hamı yallını bilir, hıtta yallıdan dərs belə deyə bilərlər. Mənim ana laylam yallı musiqisi olub. Çərçiboğan kəndində nə vaxt el şənliyi, toy olsa, axırda nöqtəni yallı ilə vururlar. Bu bizdə bir adətdir.

Məqsədim budur ki, bütün Azərbaycan təkayaq yallı oynasın. Ona görə də bacardığım qədər hər yerdə bu yallını təbliğ etməyə çalışıram və burda hər hansı bir təmanna güdmürəm. Bu sənət mənə çox maraqlıdır, əzizdir. Qoy gələcək nəslimiz milli ruhda böyüsün. Bu yaxınlarda Paşinyan Şuşaya gedib “Köçəri” yallısı ilə bağlı özünü göstərdi, bəzi xoşagəlməyən şeylər danışdı. Bunlar mənə çox pis təsir etdi. Bundan bir gün sonra  Naxçıvan Dövlət Radiosuna getdim, orda çıxış etdim. Onun babası, əsili məlum deyil, amma gəlib bizim “Köçəri” yallımız haqqında danışır. Belə şeylərə çox həssasam, ürək yanğısı ilə yanaşıram. Çünki bu yallıda bizim ulu babalarımızın möhürü var.

- Bu yallının gələcək üçün əsl variantı qorunub saxlanılırmı?
- Bu yallının dövlət tərəfindən diskləri çəkilibdir. Naxçıvan Muxtar Respublika rəhbərliyinə minnətdarıq ki, bizə bu diqqət və qayğını göstərir. Ümumilli liderimiz hər zaman görüşlərində, Bakıda konsert proqramlarındakı çıxışlarında qeyd edib ki, “Yallı bizim dünənimiz, bu günümüz və gələcəyimizdir. Yallını qoruyub saxlamaq lazımdır”. Biz də ulu öndərimizin bu sözlərinə sadiq qalaraq işlər görürük. “Naxçıvan-Şərur el yallıları” adlı kitabımız çapdan çıxıb. Hazırda da işlər gedir, gündəlik məşqlər olur. Unudulmuş yallıları bərpa edib həyat veririk, səhnəyə çıxarırıq, repertuarımıza əlavə edirik. Yəni bu istiqamətdə dayanmadan çalışırıq, gecəmiz-gündüzümüz yoxdur. Bu işləri görürük ki, yallımız daha da beynəlxalq səhnələrdə nümayiş olunsun. Bu yallını gələcək nəsilə olduğu kimi çatdırmağa çalışırıq.

- Qarşıda hansı işlər gözlənilir?
- Yallı ilə bağlı yeni bir fikrim var, bunu həyata keçirmək istəyərəm. Amma təbii ki, buna dövlət dəstəyi lazımdır. “Şərur” yallısının Ginnesin Rekordlar kitabına düşməsini istəyirəm. Cənab Vasif Talıbovla görüşüb fikirlərimi ona çatdırmaq istəyirəm. Belə bir kompozisiya düşünmüşəm. Yallı musiqisinin sədası eşidiləndə həyət belləyən baba yavaşca beli yerə sancıb, gəlib bu yallıya qoşulur. Yaxud nənə təndirdə çörək yapır, o da üstün başını çırpır, gəlib yallı oynamağa başlayır. Yaxud hər hansı bir peşə sahibi işini yerə qoyub gəlib yallıya qoşulur. Bu ideyanı çox həyata keçirmək istəyirəm. Fikrimdə ideyalar çoxdur, amma bir qədər dövlət dəstəyi lazımdır. İndinin özündə də kitablar çıxır, disklər çəkilir, işlər gedir. İşimizi daha da genişləndirmək istəyirik. Çünki dünya səhnəsində “Şərur”yallısı hər zaman olub. O vaxtı SSRİ dövründə “Şərur yallısı” SSRİ bayrağı altında çıxış edirdi, amma indi Şükürlər olsun ki, müstəqil dövlətimizin öz bayrağı altında təqdim edirik.

Könül Oruc


Xəbər xətti