Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları başlayır

08:24 - 5 Mart 2019 - İDMAN

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək.

İlk oyun günündə 1/4 finala yüksələcək ilk iki komandanın adına aydınlıq gələcək. Turnirin son qalibi İspaniyanın “Real Madrid” klubu doğma azarkeşlər önündə Hollandiya “Ayaks”ının müqavimətini qırmağa çalışacaq. Amsterdamdakı ilk görüşdə rəqibini 2:1 hesabı ilə üstələyən Madrid klubu bu görüşdə sərfəli nəticə əldə etməyə çalışacaq.
“Real Madrid”in aparıcı müdafiəçisi Serxio Ramos cəzalı olduğu üçün bu oyunu buraxacaq. Yarımmüdafiəçi Markos Lorentenin isə matçda iştirakı sual altındadır.

“Ayaks”ın heyətində isə hücumçu Hassan Bande zədə səbəbindən oyunda iştirak etməyəcək.

1/8 finalın digər cavab oyunu Almaniyada təşkil olunacaq. İlk qarşılaşmada İngiltərədə “Tottenhem”ə 0:3 hesabı ilə uduzan “Borussiya” məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Dortmund təmsilçisi zədəli olan müdafiəçisi Lukaş Pişekin xidmətindən yararlana bilməyəcək. Yarımmüdafiəçi Kristian Pulişiçin isə matçda iştirakı bəlli deyil.
London klubunda zədəli olan yarımmüdafiəçi Deli Allinin bu oyunu buraxacağı dəqiqdir. Erik Dayer və Hari Vinksin görüşdə iştirakı matç vaxtı bəlli olacaq.

Qeyd edək ki, 1/8 final mərhələsinin digər iki cavab oyunu sabah baş tutacaq.
PSJ (Fransa) - “Mançester Yunayted” (İngiltərə) və “Portu” (Portuqaliya) - “Roma” (İtaliya) qarşılaşmaları təşkil olunacaq. 1/8 finala martın 12-13-dəki oyunlarla yekun vurulacaq.

Çempionlar Liqası 1/8 final
Cavab oyunları
5 mart 24:00.
"Real Madrid" (İspaniya) – "Ayaks" (Hollandiya)
Baş hakim: Feliks Brix (Almaniya)
Madrid. “Santyaqo Bernabeu” stadionu
İlk oyun – 2:1

24:00.
“Borussiya” (Dortmund, Almaniya) – “Tottenhem” (İngiltərə)
Baş hakim: Danni Makkeli (Hollandiya)
Dortmund. “Siqnal İduna Park” stadionu
İlk oyun – 0:3
Report

Xəbər xətti