Vəkil adından qanunsuz istifadəyə görə inzibati məsuliyyət nəzərdə tutulub

18:17 - 4 Mart 2019 - KİVDF

Vəkil yol vermiş olduğu qanun pozuntularına görə intizam məsuliyyətinə cəlb edilə bilər

Məhkəmədə hüquqi yardımın peşəkar vəkillər tərəfindən göstərilməsi həm tərəflərin özlərinin hüquqlarının daha yaxşı müdafiəsinin təşkili baxımından, həm də ümumən ədalət mühakiməsinin daha səmərəli və ağlabatan müddətlərdə həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Yeri gəlmişkən qeyd etmək yerinə düşər ki, inkişaf etmiş əksər ölkələrdə də müəyyən istisnalar çıxılmaqla məhkəmələrdə təmsilçilik bir qayda olaraq yalnız vəkillər vasitəsilə həyata keçirilir. Bu hal bir daha göstərir ki, məhkəmədə təmsilçilik sıradan bir məsələ deyildir və hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsi baxımından ümumi konstitusion maraqlar naminə dövlət tərəfindən tənzimlənməli olan sahədir.

Vəkilin qanun pozuntusuna yol verməsi nəticəsində müdafiə edilən və yaxud təmsil edilən şəxsin əmlakına bilavasitə zərər dəyərsə, buna vəkil maddi məsuliyyət daşıyır. Müdafiə edilən və ya təmsil edilən şəxslər qarşısındakı məsuliyyətinə zəmanət vermək məqsədi ilə vəkillərin sığorta bank hesabı yaradılır. Hər bir vəkil hər ay həmin hesaba aylıq gəlirinin 2 faizini keçirir. Hər hansı vəkil tərəfindən vurulmuş ziyanın ödənilməsi üçün onun vəsaiti kifayət etmədikdə, məhkəmə qərarına əsasən vəkillərin sığorta bank hesabı vəsaitindən istifadə edilir. Belə hallarda Vəkillər Kollegiyasının Rəyasət Heyəti Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada sığorta bank hesabından ödənilmiş vəsaiti ziyan vurmuş vəkildən tələb etməlidir.  Vəkilin mülki və ya cinayət işləri üzrə müvafiq olaraq nümayəndə və müdafiəçi qismində iştirakını istisna edən hallar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə, inzibati xətalar haqqında işlər üzrə icraatda müdafiəçi və ya nümayəndə qismində iştirakını istisna edən hallar isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilir. Hüquqi yardımın göstərilməsi üçün müraciət etmiş fiziki və hüquqi şəxslərə məxsus və iddia obyekti olan əmlakın və hüquqların vəkil tərəfindən öz adına və ya başqa şəxslər üçün alınması və başqa yolla əldə edilməsi qadağandır. Vəkil öz peşə borcunu həyata keçirərkən fiziki və hüquqi şəxslərin hüquqlarını, fundamental azadlıqlarını və qanunla qorunan mənafelərini müdafiə etməli və həmin şəxslərə yüksək keyfiyyətli hüquqi yardım göstərməlidir.

"Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 22-ci maddəsi və Vəkillər Kollegiyasının 08 dekabr 2012-ci il tarixli Konfransı tərəfindən təsdiq olunmuş “Vəkillərin davranış qaydaları haqqında Əsasnamə”nin 14-cü maddəsinin göstərişləri nəzərə alınaraq vəkil peşə fəaliyyəti zamanı yol vermiş olduğu qanun pozuntularına görə intizam məsuliyyətinə cəlb edilə bilər.  Göründüyü kimi  “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda  vəkillərin intizam məsuliyyəti də nəzərdə tutulub və 22-ci maddə ilə tənzimlənir.  Bu maddənin I hssəsinə görə, vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir. II hissəyə əsasən, vəkil yalnız vəkillərin İntizam Komissiyasının rəyinə əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam məsuliyyətinə cəlb edilir.  Digər bəndlərdə qeyd olunub ki, vəkil haqqında intizam tənbehi intizam pozuntusunun aşkar edildiyi gündən altı ay, törədildiyi gündən isə bir il müddətində tətbiq edilə bilər.  Vəkillər barəsində intizam icraatı Vəkillər Kollegiyasının Rəyasət Heyətində başlanır. İntizam komissiyası intizam icraatının başlandığı gündən bir ay müddətində, bir qayda olaraq, vəkilin iştirakı ilə araşdırma aparır və müvafiq rəyini Rəyasət Heyətinə təqdim edir. Vəkillər Kollegiyasının Rəyasət Heyəti də öz növbəsində səsvermə yolu ilə vəkilin intizam məsuliyyətinə cəlb olunub olunmaması ilə bağlı qərar çıxarır”. 

 İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkilə aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: irad tutma; töhmət; üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması. Vəkilin hərəkətində pozuntu müəyyən edilmədikdə və ya icraata başlama müddəti keçdikdə intizam icraatına xitam verilir.  Barəsində vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması haqqında qərar qəbul edilmiş şəxs Vəkillər Kollegiyasının seçkili orqanlarında vəzifəyə seçilə bilməz. Üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması haqqında qərardan məhkəməyə şikayət vermək olarVəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər.

Qeyd edək ki, razılığımız olmadan vəkillik fəaliyyəti göstərənlər məsuliyyətə cəlb edilir. Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib ki, kollegiyaya daxil olunan şikayətlərin bəziləri özünü vəkil kimi təqdim edən digər hüquqşünaslardandır: "Bəzi hüquqşünaslar özlərinə vətəndaşlara vəkil kimi təqdim edirlər. Vətəndaşlar da inanır, pul ödəyir, müqavilə bağlayırlar. Ancaq sonradan onlar vəkil olmadığı müəyyənləşir. Nəticə etibarilə vəkilliyin nüfuzu aşağı düşür. Ona görə də Vəkillər Kollegiyası olaraq biz vəkilliklə bağlı olan bütün adları artıq hüquqi qeydiyyata almışıq. Həmin adlardan qanunsuz, yəni Vəkillər Kollegiyasının razılığı olmadan yararlananlar həm inzibati, həm də cinayət məsuliyyətinə cəlb olunacaqlar. Yəni biz bununla ciddi şəkildə mübarizə aparacağıq".

Kollegiya sədri bildirib ki, "İnzibati Xətalar Məcəlləsinin 399-cu maddəsində vəkil adından qanunsuz istifadəyə görə inzibati məsuliyyət nəzərdə tutulub. Təbii ki, burada cərimə nəzərdə tutulub və bu, pul ifadəsində özünü göstərir. Həmin maddədə bildirilir ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada vəkil statusunu əldə etməmiş şəxs tərəfindən gəlir əldə etməklə vəkil adından istifadə olunmasına görə-fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.

Amma nəzərə almaq lazımdır ki, məqsədimiz insanları cərimləmək deyil. Biz istəyirik ki, insanlar vəkil adından qanunsuz istifadə etməsinlər, vəkilliyi nüfuzdan salmasınlar. Vəkil adından yalnız Kollegiya üzvləri istifadə edə bilər. Çünki kollegiya üzvləri hər hansı pozuntuya yol verdikdə kollegiyanın müvafiq orqanları tərəfindən intizam icraatı başlana, həmin vəkil məsuliyyətə cəlb oluna bilər. Amma digər hüquqşünas haqqında isə belə bir tədbir görəcək qurum yoxdur. Digər tərəfdən, hər bir vəkil qazandığı vəsaitin 2%-ni sığorta-bank hesabına köçürür. Əgər həmin vəkil vətəndaşı aldatsa, o zaman vətəndaş Vəkillər Kollegiyasına qarşı iddia qaldıra bilər və dəymiş ziyanı təlb edə bilər. Sonra isə Vəkillər Kollegiyası ödədiyi vəsaiti vəkildən reqres qaydasında geri ala bilər

Xəbər xətti