Şəxsin əməlində residivin mövcud olması üçün iki şərt tələb olunur

18:18 - 28 Fevral 2019 - KİVDF

Bura şəxsin əvvəllər qəsdən cinayət törətməyə görə məhkumluğunun olması, şəxsin qəsdən cinayət törətməsi daxildir

Cinayətlərin təkrar törədilməsi Cinayət Məcəlləsinin Ümumi hissəsində müstəqil normada nəzərdə tutulub. Əvvəlki CM-də cinayətlərin təkrar törədilməsi Məcəllənin Xüsusi hissəsinin normalarında cinayət tərkibinin əlaməti kimi və ağırlaşdırıcı halları nəzərdə tutan zəruri tərkib əlaməti kimi müəyyən edilmişdi. Hazırda qüvvədə olan CM-in 16-cı maddəsində ümumi təkrarlıq anlayışından imtina edilib, xüsusi təkrarlığın isə iki müstəqil növü müəyyən olunub.

Bu maddəyə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir.

Maddənin mahiyyətindən göründüyü kimi, təkrar cinayətlər eyni və həmcins cinayətlərə bölünür. CM-in eyni tərkib əlamətlərinə malik olan cinayətlərin təkrar törədilməsi eyni cinayətlər hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir).
Həmcins cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan cinayətlərin qəsdən və ya ehtiyatsızlıqdan təkrar törədilməsi kimi qəbul edilir (CM-in 177-185-ci maddələri). CM-in 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq- həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı; cinayətləri təkrar törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmadığı halda;- şəxsin iki və ya daha artıq cinayət törətməsi zamanı; - eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır.

Cinayətlərin çoxluğunun digər forması cinayətlərin məcmusudur. CM-in 17.1-ci maddəsinə əsasən,  bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır.

Göstərilən maddənin mahiyyətindən belə nəticəyə gəlmək olar ki, cinayətlərin məcmusu aşağıdakı əlamətlərlə səciyyələnir:- şəxsin iki və ya daha artıq cinayət törətməsi; - ona daxil olan cinayətlərin hər birində müstəqil cinayət tərkibi əlamətlərinin mövcudluğu;- cinayətlərin məhkumluğu olmayan şəxs tərəfindən törədilməsi;- yalnız müxtəlif cinsli cinayətlərin törədilməsi; - cinayətlərin müxtəlif vaxtlarda və ya eyni vaxtda törədilib-törədilməməsindən asılı olmayaraq yaranması.

Cinayətlərin məcmusu təkrar cinayətlərdən onunla fərqlənir ki, cinayətlərin təkrar törədilməsi Məcəllənin eyni və ya oxşar maddələri ilə nəzərdə tutulan cinayətin iki və ya iki dəfədən çox törədilməsi ilə əlaqədar yarandığı halda, cinayətlərin məcmusu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsi ilə yaranmış olur.

Keçmiş cinayət qanunvericiliyindən fərqli olaraq, qüvvədə olan CM ilk dəfə olaraq cinayətlərin çoxluğu kimi cinayətlərin residivinin anlayışını və növlərini tənzimləyir. CM-in 18-ci maddəsinə əsasən, şəxsin əməlində residivin mövcud olması üçün iki şərt tələb olunur: şəxsin əvvəllər qəsdən cinayət törətməyə görə məhkumluğunun olması, şəxsin qəsdən cinayət törətməsi.

Bununla yanaşı, cinayətlərin residivi özünəməxsus xüsusiyyətlərə malikdir və  qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə təhlükəli sayılır.

Bu maddənin 3-cü bəndində isə qeyd olunub ki, cinayətlərin residivi aşağıdakı hallarda xüsusilə təhlükəli sayılır: qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə, qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə.

Residivin müəyyən edilməsi böyük ictimai təhlükə törətməyən cinayətlə,. yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər,. bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlarnəzərə alınmır. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir.

Göründüyü kimi, CM-in 18-ci maddəsində residivin 3 növü müəyyən olunmuşdur: sadə, təhlükəli və xüsusilə təhlükəli. Məhkumluğun və törədilən cinayətlərin ağırlıq dərəcəsinə görə residiv sadə və mürəkkəb residivə bölünür. Bu barədə CM-in 18-ci maddəsində ətraflı açıqlama verilib.

Cinayətlərin xarakteri baxımından residiv ümumi və xüsusi residivə bölünür.

Eyni obyektlərə yönəlməyən və müxtəlif təqsir formalarına malik cinayətlər ümumi növ cinayətlərin residivi hesab edilir. Tərkibinə eyni və ya həmcins cinayətlərin daxil olduğu cinayətlər isə xüsusi növ cinayətlərin residivi hesab edilir. Qeyd edildiyi kimi, eyni cinayətlər eyni tərkib əlamətlərinə malik olan, həmcins cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan qəsdən törədilən cinayətlərdir.

Konstitusiya Məhkəməsinin Plenumu diqqəti ona cəlb edir ki, qanunverici qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsini birmənalı olaraq cinayətin residivi kimi qeyd edir. Qəsdən cinayət törətməyə görə əvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi də məhz cinayətin residivi kimi qəbul edilir və bu halda onun əməli cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Qeyd edildiyi kimi, CM-in 16-cı maddəsinin mənasına və mahiyyətinə görə, bu maddədə nəzərdə tutulmuş cinayətlər o zaman təkrar törədilmiş hesab olunur ki, şəxs həmin cinayətlərin heç birinə görə məhkum olunmamış olsun. Belə nəticə cinayət qanununun tələblərindən, eləcə də Konstitusiya Məhkəməsi tərəfindən formalaşdırılmış hüquqi mövqelərdən irəli gəlir.

 

Xəbər xətti