Deputatdan Paşinyanın feysbukda paylaşdığı şəklə Etiraz

12:47 - 28 Fevral 2019 - SİYASƏT

Millət vəkili Fazil Mustafa Ermənistan baş naziri Nikol Paşinyanın İranda “Ararat” klubunda baş tutan görüşdə selfi çəkdirərək feysbuk sosial şəbəkəsində paylaşdığı şəklə etiraz edib.

Ucnoqta.az-ın məlumatına görə, deputat bildirib ki, Paşinyanın ermənilərlə görüşündə açıq-aşkar qaldırılan şüara İran rəsmiləri mütləq açıqlıq gətirməlidirlər:
“Həmin plakatda “Qarabağ Ermənistanındır!” yazılması heç şübhəsiz ki, İran hakimiyyətinin razılığı ilə baş verib. Bununla İran, Azərbaycan ərazilərinin işğal olunmasına loyal münasibətini ortaya qoymuş olur.

Biz İrana qarşı sanksiyalara qarşı çıxdığımız halda, İranın Azərbaycana münasibətdə bu cür qonşuluq prinsiplərinə uyğun gəlməyən davranışına qarşı sözümüzü açıq şəkildə deməliyik. Doğrudur, bu cavablar Azərbaycanda bir çox İran sevdalılarının xoşuna gəlməyəcək, ancaq müstəqil dövlətimizin qırmızı cizgisini tapdalayanlara qarşı həm Güney Azərbaycandakı soydaşlarımız, həm də Müstəqil Azərbaycandakı vətəndaşlarımız bütün platformalarda sərt cavab verməlidirlər.

Biz İran-Ermənistan münasibətlərinə qarışmırıq, özünü müsəlman adlandıranların ermənilərə sevgisinə də bir söz demirik, lakin Azərbaycanın ərazi bütövlüyünü təhdid edən və rəsmi Tehran tərəfindən dəstəklənən bu siyasi tərbiyəsizliyə qarşı öz mövqeyimizi ortaya qoymalıyıq”.

Xəbər xətti