İsveçrədə bir qrup şəxs qar uçqunu altında qalıb

23:44 - 19 Fevral 2019 - Xəbər

Fevralın 19-da İsveçrə Alplarında xizəksürmə mərkəzlərinin birində bir neçə nəfər qar uçqunu altında qalıb.

 Krans Montana qəsəbəsi yaxınlığında yerləşən xizəksürmə mərkəzində baş vermiş hadisədən az sonra xilasedicilər helikopterlərin köməyi ilə axtarışa başlayıblar. Polis qar uçqunu altında dəqiq neçə nəfərin qaldığı barədə məlumat verməyib. Yerli əhalinin mətbuata verdiyi açıqlamada isə qar uçqunu altında qalan şəxslərin sayının azı on nəfər olduğu qeyd edilib.

Krans Montana qəsəbəsi və Violett stansiyası arasında liftlərin hərəkəti turistlər üçün dayandırılıb və kanat xətti yalnız xilasedicilərin hərəkəti üçün işləyir. Dəniz səviyyəsindən 3000 metr yüksəkdə baş verən faciə nəticəsində qar uçqunu xizəksürmə zolaqları istiqamətində hərəkət edib və həmin ərazidə xizək sürən şəxslər qar altında qalıblar.

Son günlərdə havaların istiləşməsi Alp dağlarında qar uçqunu təhlükəsini artırıb. Hazırda qar uçqunu altında qalmış şəxslərin axtarış və xilas edilməsinə İsveçrə ordusunun əsgərləri də cəlb edilib.AzərTac

Xəbər xətti