“Hərbi xidmətdə papaq qoymadığım üçün tez-tez cərimələr alırdım”

12:06 - 25 Yanvar 2019 - Müsahibə

Ələddin Qarabağlı: “Öz ailəm üçün səhər yeməyi hazırlamaq mənə xoşdur”

“Həyat yoldaşımla bir sinifdə oxumuşuq. O, ixtisasca pediatrdır, hazırda isə təqaüdə çıxıbdır. Bizim yalnız bir həyat yoldaşı kimi deyil, həm də orta məktəb yoldaşı kimi bu günə qədər münasibətimiz davam edir. İki qızımız, bir oğlumuz var. Hər üç övladımız ali təhsil alıb. Balaca qızım anasının davamçısıdır. Adətən səhər yeməyini özüm hazırlayıram. Çox nadir hallarda olur ki, evdə olmayanda səhər yeməyini həyat yoldaşım hazırlayır. Bunun üçün qürur hissi keçirirəm. Baxmayaraq ki yaşlı adamam, amma öz ailəm üçün səhər yeməyi hazırlamaq mənə xoşdur”. Bu sözləri bizimlə söhbətində “Maarif” qəzetinin baş redaktoru, “Tumurcuq” qəzetinin təsisçisi, Gürcüstan Beynəlxalq Akademiyasının həqiqi üzvü Ələddin Qarabağlı dedi.

“Atamızın zəhməti əsasında böyümüşük”

Müsahibimiz Gürcüstanın Qardabani rayonunun Ağtəhlə kəndində anadan olub və həmin kəndin orta məktəbində təhsil alıb. Deyir ki, uşaqlıq yaşlarından pedaqoji sahəyə böyük marağı olub: “Kənddə böyümüşəm, 70-ə yaxın yaşım var. Sağlamlığımdan bu günə qədər narazılığım, giley-güzarım olmayıb. Çünki kənd uşağı ilə şəhər uşağı arasında fərqlər çoxdur. Kənd uşağı yarımçılpaq şəkildə belə, hava şəraitindən asılı olmayaraq həyətdə oynayır. Canı möhkəm, sağlam olur. Yay mövsümündə tez-tez dağ yerlərinə səyahət edir, təmiz havada gəzirlər. Biz, kənd uşaqları belə böyümüşük. Buna görə də kənd uşaqları nadir hallarda xəstələnirlər. İnformasiya əldə etmək imkanları geniş olsa da, şəhər uşaqlarının belə imkanları olmur. Ailədə yeddi nəfər olmuşuq, valideynlərim, üç qardaş və iki bacı. Evin kiçik uşağı mən idim. Atam uzun müddət qoyunçuluq təsərrüfatı ilə məşğul olub. Atamızın zəhməti əsasında böyümüşük, mənə hər zaman oxumağı, təhsil almağı məsləhət görürdü. Onun bu tövsiyələrinə hər zaman əməl etməyə çalışmışam”.

“Çox sadə və firavan həyat tərzi keçirirdik” 

Ə.Qarabağlı orta məktəbdə oxuyarkən ilk vaxtlar kimya fənninə marağının çox olduğunu deyir. Bildirir ki, əvvəllər kimyaçı olmaq istəyirmiş, hətta doqquzuncu sinifdə oxuyanda ali məktəblərdə keçirilən ümumi kimyanı başdan-ayağa oxuyub və burdakı məsələləri həll edirmiş: “Amma 10-cu sinifdə anidən fikrimi dəyişdim və fizika ilə məşğul olmağı qərara aldım.  Məktəbi bitirdikdən sonra Gəncə Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinə qəbul oldum. İnsan tələbəlik illərində həyatının ən çılğın dövrlərini yaşayır. Həmin illər qaynar və coşqun olur. Tələbəlik illərinin birinci kursunu yataqxanada keçirdim. Sonrakı kursları Gürcüstandan olan həmyaşıdlarımla birlikdə kirayədə qaldıq. Ev işləri üzrə otaq yoldaşlarımla aramızda bölgü aparırdıq. Səhər yeməyini birimiz, günortanı digərimiz hazırlayırdıq, yaxud növbə ilə qabları yuyurduq, təmizlik edirdik və s. Çox sadə və firavan həyat tərzi keçirirdik. Bu bizim üçün çox önəmli bir dövr oldu. Bu gün fizika sahəsində mənim yetirmələrim arasında müəllim, məktəb direktoru və digər vəzifələrdə çalışanlar var. Sevinirəm ki, zəhmətim hədər getməyib”.

“2001-ci ildə “Tumurcuq” qəzetini təsis etmişəm” 

Ə.Qarabağlı universiteti bitirdikdən sonra Ağtəhlə, Qaratəhlə kəndlərində müəllim, dərs-hissə müdiri, uzun müddət məktəb direktoru kimi işləyib: “Təhsil Nazirliyinin Regional Azərbaycan məktəbləri üzrə baş mütəxəssisi işləmişəm. SSRİ dağıldıqdan sonra bir sıra mətbuat orqanları bağlandı. Bu, xüsusilə Gürcüstanda, azərbaycanlılar yaşayan bölgələrdə özünü daha qabarıq göstərirdi. Həmin illərdə məktəblərimizin müəllim və şagirdlərinin mətbuatsız qaldığını nəzərə alaraq öz təşəbbüsümlə “Maarif” qəzetini  nəşr etdirməyə başladım. Qəzet ilk dövrlərdə 4 səhifədən ibarət  idi. Hazırda isə o 60 səhifəlik jurnal-qəzetinə çevrilib. Və dövlət statusu alıb, kod verilib. Çapdan çıxan kimi jurnal-qəzetin nüxsələrinin bir hissəsi dövlət kitabxanalarının arxivinə verilir. Həmçinin uşaqlarımızın da mətbuata olan marağını nəzərə alaraq 2001-ci ildə “Tumurcuq” uşaq qəzetini təsis etmişəm. Bu qəzet də kodla dövlət statusuna malikdir. Və Gürcüstanda olan 117 məktəbin hər birinə paylanır. Uşaq qəzetində şagirdlərin yaradıcılığına, müxtəlif tədbir və maraqlı görüşlərə yer ayrılır. Onların gürcü və ingilis dilini mükəmməl öyrənmələri üçün rubrikalar var.  Hər iki jurnal və qəzeti iki aydan bir maliyyə çətinliyinə baxmayaraq çıxarmağa çalışıram. Hər ikisinin öz oxucuları var, onlar tərəfindən alınır və dövriliyi davam edir”.

“Bu gün özümü xoşbəxt adam hesab edirəm”

Həmsöhbətim 1998-1999-cu illərdən Gürcüstandakı Azərbaycan dilli məktəblərin hüquqi-elmi metodiki işi ilə məşğuldur və hazırda da bu işi davam etdirir: “Eyni zamanda Gürcüstan Texniki Universitetinin doktorant-professoruyam. Gürcüstan Beynəlxalq Akademiyasının həqiqi üzvüyəm. Milli məktəblərimizin müəllim və şagirdlərinə, təhsilinə əlimizdən gələn köməkliyi bundan sonra da davam etdirəcəyik. Mən bu gün özümü xoşbəxt adam hesab edirəm. Bəlkə də taleyin işi belə gətirib. Son 20 ildir, vətənimiz Gürcüstanda Azərbaycan dilli məktəblərin problemlərini müəllimlər və şagirdlərlə müzakirə edib həll etməyə çalışırıq. Onların çətinliklərinin aradan qaldırılması üçün əlimdən gələn köməkliyi göstərirəm. Maddi cəhətdən qəzetlərdən heç bir qazancımız yoxdur. İstər maddi, istərsə də mənəvi cəhətdən əziyyət çəkmək var. Qəzetin hər ikisinin nəşrini bu gün də davam etdiririk. Maddi maraq heç vaxt mənim üçün önə keçməyib. Sadəcə olaraq gördüyüm işlər milli qürurumuzdan, mövqeyimizdən, maarifçiliyimizin inkişafından irəli gələn ulu tanrının mənə bəxş etdiyi bir paydır”.

Ələddin Qarabağlı soydaşlarımızın təhsil və digər problemlərindən danışdı və bildirdi ki, milli kadr məsələsinin həlli üçün Gürcüstanda ali məktəb açılması və ya digər universitetlərin tərkibində belə kardları hazırlaya biləcək fakültələrin fəaliyyətinə nail olmaq istəyirlər:

“İstəyirik ki, orta məktəbi müsbət nəticələrlə bitirən şagirdləri bu istiqamətdə yönəldək və onları milli kadr hazırlığına cəlb edək. Bu məsələyə yanaşmada Azərbaycan və Gürcüstan dövlətlərinin fərqli yanaşmaları mövcuddur. Lakin məsələnin həlli üçün tərəflərin ortaq mövqedən çıxış etməsi vacibdir. Biz Gürcüstan baş nazirinə 11 bəndlik müraciət hazırlamışıq və müraciətdə əks olunan müddəaların ictimailəşdirilməsi üçün də fəaliyyət göstəririk. Gürcüstan azərbaycanlıları təhsildə kadr çatışmazlığı problemi ilə yanaşı, mövcud dərs vasəitlərindəki ciddi elmi səhvlər, kitabxanaların müasir ədəbiyyatla təmin olunması kimi problemlərlə üzləşirlər. Gürcüstanda yaşayan azərbaycanlılar ölkənin ictimai-siyasi həyatında da iştirka etməlidir, yalnız seçkilərdə səs verməklə bu iş yekunlaşmamalıdır. Gürcüstan dövləti bu məsələləri nəzərdə saxlamalıdır”.

“Səhər yeməyini özüm hazırlayıram” 

Ailə həyatından danışan müsahibim deyir ki, həyat yoldaşı ilə sinif də oxuyub: “Həyat yoldaşımla bir sinifdə oxumuşuq. O, ixtisasca pediatrdır, hazırda isə təqaüdə çıxıbdır. Biz yalnız həyat yoldaşı kimi deyil, həm də orta məktəb yoldaşı kimi bu günə qədər münasibətimiz davam edir. İki qızımız, bir oğlumuz var. Hər üç övladımız ali təhsil alıb və bu gün də müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Balaca qızım isə anasının davamçısıdır. 

Çox nadir hallarda olur ki, səhər yeməyini ailəm hazırlayır. Adətən səhər yeməyini özüm hazırlayıram, bunun üçün qürur hissi keçirirəm. Baxmayaraq ki yaşlı adamam, amma öz ailəm üçün səhər yeməyi hazırlamaq mənə xoşdur”.   

“Hərbi xidmətdə papaq qoymadığım üçün tez-tez cərimələr alırdım”

Ə.Qarabağlı bildirir ki, hərbi xidmət illərini Engels şəhərində keçirib. Hərbi xidmətdə olduğu 1 il ərzində hərbiçi kimi yox, adi vətəndaş kimi xidmət edib: “ Bizim hərbi hissə raket qoşunlarının hərbi hissəsi idi. İxtisasca fizik olduğum üçün, həmin hərbi hissədə operator işləmişəm. Hərbi xidmət illərində tez-tez cərimə alırdım. Bunun səbəbi isə hərbi papaq qoymağı sevməməyim idi. Sırada durarkən papağı başımdan çıxarırdım. Buna görə də tez-tez cərimələr alırdım. Bu günün özündə də papaq qoymuram. Yaşıma görə, yoldaşlarım bəzən məni danlayırlar ki, papaq qoymaq lazımdır, amma qoymuram. Çünki papaq qoymağı sevmirəm”.

Könül Oruc 

Xəbər xətti