Van Qoqun indiyədək məlum olmayan əsəri aşkar edilib

18:39 - 18 Yanvar 2019 - Xəbər

Hollandiyanın postimpressionist rəssamı Vinsent Van Qoqun indiyədək geniş ictimaiyyətə məlum olmayan tablosu Niderlandda aşkar edilib. AZƏRTAC "İzvestiya”ya istinadla xəbər verir ki, Van Qoqun Drente şəhərindəki ev-muzeyi tablonun yeni sahibi olub.

Yerli "RTV Drente” telekanalının yaydığı məlumata görə, əsəri muzeyə 92 yaşlı haaqalı xanım verib. Tabloda bar təsvir olunub. Mütəxəssislərin fikrincə, bu əsər hollandiyalı rəssamın fırçasının məhsuluna çox bənzəyir. Tablonun küncündəki "Vinsent” imzası Van Qoqun müəllifliyinin başqa bir sübutudur.

Mütəxəssislər bildirirlər ki, əsərin orijinallığının müəyyən edilməsi iki aydan bir ilə qədər vaxt apara bilər. O vaxta qədər əsər muzeyin seyfində saxlanılacaq, muzeyə gələnlərə isə onun surəti təqdim ediləcək. Van Qoqun müəllifliyi sübuta yetirilsə, əsərin qiyməti on milyonlarla avroya çata bilər.

Xəbər xətti