“Hətta gürcü dilini, gürcünün özündən yaxşı bilən soydaşlarımız var”

11:19 - 20 Dekabr 2018 - Müsahibə

Kamran Ramazanlı: “Gürcüstanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq təəssüf ki, köklü problemlər hələ də öz həllini tapmayıb”

Tarixi Azərbaycan torpaqları sayılan, bu gün isə Gürcüstanın tərkibində olan ayrı-ayrı regionlarda yüz minlərlə azərbaycanlı yaşayır. Həmin soydaşlarımızın problemləri neçə illərdir müzakirə olunsa da tam həllini tapmayıb. Qafqazşünas Kamran Ramazanlı bu problemlərin öz həllini tapması üçün ziyalılarla birgə mətbuat konfransları, tədbirlər keçirir. Biz də bu problemlərin işıqlandırılması üçün Qafqazşünas Kamran Ramazanlını redaksiyamıza dəvət etdik. Ümumilikdə gürcüstanlı soydaşlarımızın üzləşdiyi problemlər barəsində söhbət etdik.

- Gürcüstanlı soydaşlarımızın bir çox problemlərini gündəmə gətirirsiniz, bəs əsas problemlər hansılardır?

- Gürcüstanlı soydaşlarımızın hər bir vətəndaş kimi problemləri var. Bu problemlər əsasən ənənəvidir. Gürcüstanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq ayrı-ayrı sahələr üzrə xırda problemlər həll olunsa da, təəssüflər olsun ki, köklü problemlər hələ də öz həllini tapmayıb. Ən başlıca köklü problemlər təhsil, mədəniyyət, ədəbiyyat, tarixi adlar, miqrasiya, aqrar sahə və s. ilə bağlıdır. Bu sahələri əhatə edən xeyli sayda problemlər var ki, öz həllini tapmır.

 

- Təhsil sahəsində hansı dəyişikliklərin olmasına ehtiyac var?

- Təhsil sahəsində milli məktəblər, kadr  çatışmazlığı, dərsliklərlə bağlı problemlər mövcuddur.  Statistikaya əsasən Azərbaycan dilində 1989-u ildə 183 məktəb, 1999-cu ildə 167, 2009-cu ildə 124, bu ilki tədris ilində isə cəmi 117 məktəb qalıb. Onların da 82-si orta və tam orta məktəblərdir. Yerdə qalan 35-i isə yalnız bölmələrdən ibarətdir. Faktiki olaraq 101 məktəb bağlanıb. Bununla yanaşı müəllimlərin sayında da azalma müşahidə olunur. 1989-cu ildə 6922 müəllim, bu ilki tədris ilində isə 3628 müəllim işləyir. Burda da obyektiv və subyektiv səbəblər var. Milli məktəblərimizdə çox ciddi pedaqoji kadr böhranı yaranıb. 3628 müəllimin 80 faizi təqaüdçüdür. Əslində həyəcan təbili çalmaq zamanıdır, bununla bağlı çox ciddi problemlər var. Həmçinin şagirdlərin də sayında azalmalar müşahidə edilir.

Problemlər ətrafında Azərbaycanda yaşayan Borçalı əsilli ziyalılar, fəallarla birgə işlər görürük. Oktyabr ayında böyük bir tədbir keçirdik. 20 nəfər tanınmış ziyalı cənab prezidentə milli məktəblərdə kadr probleminin həll olunması, Gürcüstan dövləti ilə birgə Tiflis şəhərində Pedaqoji Universitetin açılmasına köməklik göstərilməsi ilə bağlı müraciət etdi. Bu məsələ hazırda müzakirə olunur. Ümidvarıq ki, bizə müsbət cavab veriləcək.  

 

- Digər sahələrdə olduğu kimi, miqrasiya sahəsinə aid problemləri də gündəmə gətirirsiniz.

- Gürcüstandan Azərbaycan Respublikasına 4 qrup insanlar gəlir. Bunlardan birincisini tələbələr təşkil edir. Bu qrupla bağlı problemlər demək olar ki, yoxdur.

İkinci qrup işləməyə gələnlərdi. Bu qrupla bağlı isə bir sıra problemlər mövcuddur. Onu bildirim ki, iş icazəsi almaq üçün rüsumlar yüksəkdir, tibbi müayinələrdə də qiymətlər bahadır. Gürcüstanda iş yerləri çox məhduddur.  Soydaşlarımız iş üçün Türkiyəyə və Azərbaycana daha çox üz tuturlar.

Rusiyaya gediş-gəliş məhduddur. Türkiyəyə və Azərbaycana iş dalınca gedənlərin ailələri Gürcüstanda qalır və iş müddətləri bitəndə geri qayıdırlar. Onlar  Belarusiyaya və digər ölkələrə gedəndə həm geri qayıtmırlar, həm də

ailələrində ciddi problemlər yaranır. Üçüncü qrupa Zviard Qamsaxurdiyanın hakimiyyəti zamanında öz dədə-baba yurdlarından qovulanlar aiddir. Belə ki, həmin dövrdə qısa müddət ərzində Bolnisi rayon mərkəzindən 800 ailə, Kazreti qəsəbəsindən 350-dən çox ailə, Dmanisi rayon mərkəzindən 400-dən çox ailə,

Tiflis ətrafından 615-dən çox ailə qısa müddət ərzində öz ev-eşiklərindən

qovuldular. Onların böyük əksəriyyəti Azərbaycana pənah gətirdilər. Bu günə qədər istər Gürcüstanda, istərsə də Azərbaycanda onların statusuna aydınlıq gətirilməyib. Hətta Azərbaycan ordusunda xidmət etmiş yüksək rütbəli zabitlər vardır ki, onlar da Azərbaycan vətəndaşlığını ala bilməyiblər. Dördüncü qrupu isə qarışıq nikahlı ailələrdi, 30 minə yaxın insanı əhatə edir. Bu ailələrin üzvlərindən biri Azərbaycan, digəri Gürcüstan vətəndaşlarıdırlar. Onların da 3 aydan bir sərhədi keçməsi, övladlarının təhsil problemləri və.s məsələlər mövcuddur. Bu qrupun da statusuna aydınlıq gətirilməsini vacib hesab edirəm.

 

-  Sərhədi keçmək üçün maksimum həddin 90 gün olması azdır. Bu müddəti uzatmaq üçün hansı işləri görürsünüz?

- Bildiyiniz kimi, Gürcüstanda 500 minə yaxın soydaşımız yaşayır. Təxminən o

qədər də Borçalı əsilli vətəndaşlar Azərbaycanda yaşayırlar. Hər bir ailənin heç

olmasa bir üzvü Azərbaycandadır. Elə ahıl insanlar var ki, onların övladları

Azərbaycanda yaşayır və işləyirlər. Ahıl və ahıl yaşda xəstə insanlara orada diqqət və qayğı göstərən olmadığından Azərbaycana öz övladlarının yanına gəlməyə məcbur olurlar. Onların da qeydiyyatı 90 gündür və bu müddətdən bir gün artıq keçərsə, 300-400 manat məbləğində cərimə ödəməlidirlər. Bu rəqəmlər çox böyükdür.Biz problemlərin öz həllini tapması üçün işlər görürük.

 

- Çıxış yolu olaraq təklifləriniz nələrdir?

- Çoxsaylı problemləri nəzərə alaraq təklif edirəm ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Ziyalılar və QHT-lərlə birgə İctimai Dinləmə keçirsin. Miqrasiya Xidməti Azərbaycan Respublikasının Milli Məclisi ilə birgə problemlərin tam aradan qaldırılması üçün “Soydaş haqqında” qanunun qəbulunda iştirak və yardım etsin.

 

- Soydaşlarımız Gürcüstanda dövlət idarəçiliyində təmsilçiliyi hansı dərəcədədir?

- Əvvəllər soydaşlarımızın Gürcüstanın dövlət dilini bilməmələrini bəhanə edirdilər. Çünki Tiflis soydaşlarımızın kompakt yaşadıqları Marnueli, Qardabani, Bolnisi, Dmanisi rayonlarından əlavə soydaşlarımız Gürcüstanın 14 rayon və şəhərlərində yaşayır. Hətta Tiflis ətrafında 40 minə yaxın əhali gürcü dilində təhsil alır. Bunlar arasında kifayət qədər peşəkar kadrlar var. Hətta gürcü dilini, gürcünün özündən yaxşı bilən soydaşlarımız var. Ancaq demək olar ki, bunlar da işlə təmin olunmayıblar. Çox cüzi miqdarda soydaşlarımız, təxminən 1 faizi işlə təmin olunublar.  Marneuli rayonunda hazırda 35 bələdiyyə üzvü fəaliyyət göstərir. Onlardan 15 nəfəri azərbaycanlıdır. Ancaq həmin rayon əhalisinin 85 faizi azərbaycanlıdır. Qardabani rayonunun 36 bələdiyyə üzvündən 15-i azərbaycanlıdır. Bolnisi rayonunda 28 bələdiyyə üzvündən 12-si, Dmanisi rayonunda 26 bələdiyyə üzvündən 11-i azərbaycanlıdır. Bu ərazidə bələdiyyələrdə milli azlıqların çalışması statistikasına nəzər salsaq, Marneulidə bu rəqəm 37,39 faizdir. Bolnisi rayonunda 12,64, Qardabanidə 11,63 faiz, Dmanisidə 26,53 faiz milli azlıq nümayəndələri çalışır. Marneulidə icra başçısı azərbaycanlı idi, digər yerlərdə bələdiyyə başçısı, müavinlər arasında azərbaycanlı yox idi. O icra başçısı da müəyyən səbəblərdən həbs edildi. Hazırda əhalisinin 85 faizi azərbaycanlı olan Marneuli kimi rayonda icra başçısı, müavini, bələdiyyə başçısı və müavinləri vəzifəsində bir nəfər də olsun azərbaycanlı işləmir.

 

- Azərbaycana məxsus yer adlarının dəyişdirilməsi məsələsində hansı problemlər qabartmaq olar?

- Yer adlarının dəyişilməsi 1947-ci ildən başlanılıb. Borçalının da adı kiçildilərək bir rayona verilmişdi. 1947-ci ildə rayonun adı dəyişdirilib Marneuli oldu. 1989-1992-ci illərdə ad dəyişmə pik nöqtəyə çatdı. Bolnisi rayonunda 33 rayonun adı dəyişdirildi. Məsələn, Arıxlı Naxuqiri, Qoçulu Çapala oldu və s. Son zamanlar bu sahədə tarixi şəxslərlə bağlı ad dəyişilməsinə əl atmaq istəyirlər. Bilirsiniz ki, Nəriman Nərimanov Tiflisdə anadan olub. O, Gürcüstan üçün, Marneuli rayonu üçün çox əhəmiyyətli şəxsiyyət olub. Hazırda burada Nəriman Nərimanov adına mədəniyyət evi, park var. Hamı mədəniyyət evini Nəriman Nərimanov adına mədəniyyət evi kimi tanıyır. Marneuli gəncləri Marneuli İcra Hakimiyyətinin icra başçısının əvəzedicisinə mədəniyyət evində Ramazan bayramının keçirilməsi ilə bağlı məktub ünvanlayıb. O isə cavabında bildirib ki, nə Nəriman Nərimanovu tanıyır, nə də bu adamın adına mədəniyyət evinin olduğunu bilir.

 

- Dini məsələlərlə bağlı vəziyyət necədir?

- Təəssüflər olsun ki, Gürcüstan hökuməti 2008-ci ildə Gürcüstan Müsəlmanlar Birliyi adlı Qeyri Hökumət Təşkilatı (QHT) yaratdı və Qafqaz Müsəlmanları İdarəsi bir növ ordan sıxışdırıldı. Və QHT səviyyəsində dinimizə münasibət ortaya qoyuldu. Bu QHT-nin təsisçilərinin heç biri din xadimi deyildi, ayrı-ayrı dövlət strukturlarını təmsil edən insanlar idi. Bundan sonra Bolnisi rayonunda xristianlar yaşamadığı halda kəndlərin girişində, qəbiristanlıqların yanında xaçlar qoymağa başladılar. Bu çox pis reaksiyaya səbəb oldu, lakin hələ də həmin xaçları ordan götürməyiblər. Gürcüstanda dini sahədə bu QHT-nin yaranması insanlar arasında parçalanma yaratdı. Ayrı-ayrı dövlətlər bu vəziyyətdən istifadə etməyə başladılar. İran İslam Respublikasının müəyyən dairələri Gürcüstanda şiə faktoruna istinad edərək ayrı-ayrı bölgələrdə əhalinin maarifsizliyindən, maddi rifah halının aşağı olmasından istifadə etdilər. Bəzi insanlar İranda oxumağa getdi, müxtəlif fəaliyyət sahələri ilə məşğul olmağa başladılar. Dini aspektdə təhlükəli vəziyyət hərçənd yoxdur, amma bu şəkildə davam etsə olacaq. Məzhəblə bağlı Marnueli rayonun əhalisinin 70 faizindən çoxunu şiələr təşkil edir. Onlardan müəyyən qruplar tərəfindən süni və aldadılmış şəkildə proseslərə cəlb edirlər. Bunun qarşısının alınması üçün Azərbaycan tərəfdən, xüsusilə də Qafqaz Müsəlmanları İdarəsi tərəfindən çox ciddi addımlar atılmalıdır. Xüsusi dini savadlı, dünya görüşlü insanlar həmin ərazilərə getməli, orda maarifləndirmə işləri aparmalıdır.  

Könül Oruc

Xəbər xətti