“Valideynlə uşaq arasında ilk öncə emosional ünsiyyət olmalıdır”

20:31 - 22 Noyabr 2018 - Cəmiyyət

Könül Telmanqızı: “Valideyn övladına qonşunun, qohumun uşağını misal çəkməməlidir”
Aydan Nəzərova: “Uşağın hər istədiyini etdikdən sonra isə onda müəyyən kaprizlər, inadlar formalaşmağa başlayır”


Valideyn-övlad münasibətlərinin düzgün qurulması uşağın gələcəyində, onun bir şəxsiyyət kimi yetişməsində böyük rola malikdir. Bəzən valideynlər ilk övladları olanda, hətta ikinci, üçüncü övladları ilə belə düzgün münasibət qurmaqda çətinlik çəkirlər. Bəzi hallarda isə problem yaşandığı zaman mütəxəssislərə də müraciət edirlər. Maraqlıdır, burda əsas olaraq hansı məsələlər nəzərə alınmalıdır? Valideynlər övladları ilə münasibətdə hansı yanlışlıqlara yol verirlər?

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən psixoloq Könül Telmanqızı deyir ki, valideyn-övlad münasibətlərində yol verilən problemlər çoxdur. Bu son zamanlarda bir çox valideynlərin qorxuları və ətraf mühitin fikirlərinə daha çox yönəlmələri ilə əlaqədardır: “Valideynlər övladlarının pis mühitə düşməsindən, sosial mühitdə bilmədiyimiz insanlarla yaxınlaşıb dostluq etməsindən və bunun səhv nəticələnməsindən qorxurlar. Bu qorxulardan yola çıxaraq valideynlər övladlarına sərt mövqedən yanaşmağa başlayırlar. Bir qisim valideynlər var ki, övladları ilə soyuq münasibətdə olduğunu qeyd edir. Fikirləşirlər ki, yaxınlaşıb dost münasibətinə keçsələr övladları bundan istifadə edər. Buna görə də arada pərdə saxlamağı üstün tuturlar. Lakin bu səhv addımdır. Çünki valideyn övladı ilə dost münasibətində olsa, övladını daha gözəl anlayacaq və ünsiyyətə girəcək. Həmçinin övladının psixologiyasına bələd olacaq. Çünki valideyndən yaxşı heç kim övladının psixologiyasını bilə bilməz”.

Psixoloqun sözlərinə görə, bəzi valideynlər uşaqlarına demokratik yanaşmaq yerinə sırf öz düşüncələrini övladlarının beyinlərinə köçürməyə çalışırlar. Bu isə müəyyən müddətdən sonra uşaqları yorur və onların psixologiyasını yükləyir: “Və beləliklə də valideyn övlad arasında problemlər baş qaldırır. Uşaqlar yetkinlik yaş dönəmini çox çətinliklə keçirirlər. Bu zaman valideynlərin onları yüklənməsi də həddindən artıq olduğu halda, valideyn-övlad arasında xoşagəlməyən hallar yaşanır. Valideyn övladını başa düşməyə çalışmır, əksinə daha da üstünə gedir. Hətta valideynlərin belə bir xüsusiyyəti var ki, başqalarının uşaqlarını misal çəkirlər, öz uşaqları ilə müqayisə edirlər. Bu hallar isə uşaqların xoşuna gəlməyən və heç də düzgün olmayan bir metoddur. Valideyn övladına qonşunun, qohumun uşağını misal çəkməməlidir. Əksinə çalışmalıdır ki, övladının xarakterinə, psixologiyasına bələd olaraq, övladına yanaşmanı düzgün aparsın. Bunu hər bir valideyn bacara bilər”.

K.Telmanqızı deyir ki, valideynlərin elələri var ki, daimi olaraq eyni sözü təkrarlamağı sevirlər: “Bu isə uşaqların xoşuna gəlmir, bunu daimi şəkildə etmək uşağın psixologiyasını elə bir həddə çatdırır ki, artıq uşaq neqativ cavablar verməyə və valideynə cavab qaytarmağa başlayır. Valideyn övladına “sən mənim üzümə ağ olursan” - kimi cümlələr istifadə edir. Valideyn ilk öncə harada səhv etdiyinə baxmalıdır. Düzdür, müəyyən qisim uşaqlar var ki, valideyn nə qədər humanist yanaşsa da, təəssüflər olsun ki, uşaqlar soyuq davranır. Belə hallar da olur. Buna isə səbəb uşağın kiçik yaşlarından aldığı travma yaxud psixologiyasında olan yüklənmə ola bilər. Əslində bunlar da ailədən qaynaqlanır. Uşaq evin, ailənin güzgüsüdür. O evdən götürdüklərini müəyyən yaşdan sonra göstərməyə başlayır. Valideyn yanaşma tərzini hər zaman düzgün aparsa, sadaladığımız problemlər baş qaldırmaz”.

Valideynin öz düşüncələrini uşağın beyninə köçürtməyə çalışmasının düzgün olmadığını bildirən psixoloq deyir ki, uşaq sön dövrlərdə olan yeniliklərlə ayaqlaşmağa çalışır, valideyn də bunu qəbul etmək istəmir: “Belə olan halda iki tərəf arasında anlaşılmazlıqlar nəticəsində partlayışlar baş verir. Bu da həm uşağın psixologiyasına, həm də valideyn-övlad münasibətinə pis təsir edir. Hər iki tərəf ortaq məxrəcə gələrək, ünsiyyətə girərək problemlərini həll etməyə çalışmalıdır. Valideynlər övladları ilə düzgün münasibət qurmağı bacarsalar problemlər öz həllini tapar. Əgər bu münasibət, ünsiyyət düzgün qurularsa gələcəkdə yarana biləcək problemlərin qarşısını almış olacaqlar. Həm də artıq valideyn övladlarının sosial mühitdə hər hansı problemlərlə rastlaşma qorxusu içində olmayacaqlar. Valideyn övladına həqiqətən gözəl dost olarsa, o uşaq nə valideynlərinə qarşı hörmətsizlik edər, nə də pis mühitə qoşular”.

Digər bir məsələnin vacibliyini vurğulayan psixoloqun sözlərinə  görə, bəzən yetkinlik yaşına çatan uşaqlar gizlincə nəsə səhv bir hərəkət edir və gəlib evdə bunu deməkdən çəkinirlər: “Gizlətməyinin səbəbi isə valideyn nəsə edər qorxusudur. Görün valideyn uşağın psixologiyasına nə qədər mənfi təsir edirsə, uşaq etdiyi hərəkəti valideyndən gizlətməyə çalışır. Gizlətməyinin səbəbi isə yaşadığı qorxulara görədir. Artıq valideynin verdiyi reaksiyalar uşağın gözünün önünə gəldiyi üçün etdiyi pis hərəkətləri gizlədir. Bunun sonu isə ya intiharla, ya övladın evdən qaçması ilə, yaxud da stressə düşməsi ilə nəticələnir”.

“Narınc” Uşaq Psixologiya Mərkəzinin baş məsləhətçisi və baş psixoloqu Aydan Nəzərova deyir ki, valideynlə uşaq arasında ilk öncə emosional ünsiyyət olmalıdır, yəni valideyn və övlad bir-biri ilə anlaşa bilməlidir: “Çox vaxt müşahidə edirik ki, uşaqlar valideynlərinə cavab qaytarır, yaxud valideynin dediyinin əksini edir. Davranış pozuntuları əsasən ərköyün böyüdülən və gec dünyaya gələn uşaqlarda rast gəlinir. Elə uşaqlar var ki, nənə-babanın adı qoyulub deyə ona heç nə demirlər, bir dediyini iki etmirlər. Deyirlər ki, o nə istəyirsə vermək, nə deyirsə etmək lazımdır. Belə olan halda da uşaq ərköyünləşməyə başlayır. Həmçinin müəyyən xəstəlik keçirmiş uşaqların nazı ilə oynayırlar ki, bu da nəticədə davranış pozuntularına gətirib çıxarır. Hətta elə valideynlərimiz var ki, sadaladığımız bu səbəblərin heç biri olmadığı halda uşaq nə istəsə verir. Deyir ki, ürəyim dözür. Uşağın hər istədiyini etdikdən sonra isə onda müəyyən kaprizlər, inadlar formalaşmağa başlayır. Nəticədə isə uşaq valideyninə qarşı çıxır.

A.Nəzərova qeyd etdi ki, valideynlər ilk başdan uşaqlarına “yox” sözünü öyrətməlidirlər. Çünki valideynlər uşaq vaxtı onların hər istədiklərini edir, artıq onlar gəlib yeniyetməlik dövrünə çatanda daha böyük şeylər istəməyə başlayırlar: “Bu zaman isə valideyn deyir ki, pulum yoxdur, ala bilmirəm. Belə olan halda isə valideyn-övlad arasında dava, münaqişələr başlayır. Əgər hər hansı bir qayda qoyuruqsa bunu kiçik yaşlarından etibarən etməliyik. Uşaq böyüdükdən sonra qoyulan qadağaların təsiri olmur. Ona görə də uşaq yaşlarından övladlarımıza cəza-mükafat sistemini tətbiq etməliyik. Yəni etdiyi yaxşı hərəkətə görə mükafatlandırmalı, pis hərəkətə görə isə cəzalandırmalıyıq. Bunun da özünün metodikaları var, hər uşağa məxsus şəkildə disiplin qaydası qurulur. Ailədə valideyn-uşaq münasibətləri tənzimlənsin deyə hiperaktivə uyğun ayrı disiplin, davranış pozuntusuna uyğun isə ayrı disiplin və digər psixoloji problemlərə uyğun isə ayrı disiplin qaydası qurulur. Bunun üçün də valideynlər övladları ilə həm də dost olmağa çalışmalı, özlərini onların yaşına uyğun hiss edirmiş kimi empati qurmalıdırlar. Onların yaşına uyğun davranmaqla onların nə düşündüklərini, fikirlərini öyrənə bilərik”.

A.Nəzərova vurğuladı ki, bəzi valideynlər uşaq dil açmağa başlayan kimi ona qeyri-etik sözlər öyrətməyə başlayır. Və uşaq o sözləri deyəndə valideyn gülməyə başlayır, sanki ona ləzzət edir, bundan həzz alır: “Uşağın düşüncəsində də artıq elə qalır ki, bu yaxşı sözdür, bunu deyə bilərəm. Uşaq böyüyən zaman bu sözlərdən istifadə etdikdə isə valideyn başlayır ki, bu pis sözdür, onu işlətmək olmaz. Bu zaman ortaya belə bir sual çıxır. Uşaq vaxtı öyrədəndə pis söz deyildi? Niyə onda gülüb həzz alırdın o sözlərdən? Loru dildə desək, deməli, bəzən elə valideynlər özləri övladlarını pozurlar. Ona görə də, uşaqlara qadağanı kiçik yaşlarından qoymaq lazımdır, həyatının ortasına çatanda yox”. 

Könül Oruc

Xəbər xətti