Narsissizm sindromu yaradan sosial şəbəkələr

20:12 - 21 Noyabr 2018 - Cəmiyyət

Əhməd Qəşəmoğlu: “Öz şəkillərini, “selfie”lərini paylaşdıqca özünə vurğunluq hissi (narsissizm) daha çox olur” 
Elnur Rüstəmov: “Artıq bir qisim insanlarda sosial şəbəkələrdən asılılıq yaranıb. Onlar sanki sosial şəbəkəsiz qala bilmirlər” 


Suonsi və Milan universitetlərinin əməkdaşları müəyyən ediblər ki, sosial şəbəkələrdən həddindən artıq istifadə edənlər, xüsusən müxtəlif şəkillər və selfi yerləşdirənlər narsissizmin inkişafı problemi ilə qarşılaşır. Ekspertlər dörd ay ərzində 18-34 yaş arasında olan 74 insanın xarakterindəki dəyişikliyi və onların sosial şəbəkələrdən istifadə tezliyini araşdırıblar. 

Məlum olub ki, sosial şəbəkələrdən həddindən çox istifadə bu insanların 25 faizinin xasiyyətində narsissist keyfiyyətlər formalaşdırıb. Narsissizm, öz növbəsində, öz hüquqları və başqalarını öz maraqları üçün istifadə etməklə bağlı eksqibisionizm, xüsusi destruktiv etiqad problemləri yaradır. Maraqlıdır ki, mənfi effektlər yalnız öz rəsmlərini yerləşdirən istifadəçilərdə rast gəlinir. Narsissizm sindromu gücləndikdən sonra isə bu insanlar daha çox statuslar yerləşdirməyə başlayırlar. Bir nəfər istisna olmaqla bütün könüllülər sosial şəbəkə istifadəçiləri olub. Onlar orta hesabla 3 saatını bu məşğuliyyətə sərf ediblər. Bəziləri isə hər gün 8 saatını sosial şəbəkələrdə keçiriblər. Onların üçdə ikisi bu şəbəkələrdən fotoşəkil yerləşdirmək üçün istifadə edib.

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən sosioloq Əhməd  Qəşəmoğlu deyir ki, sosiallaşma insan üçün ən vacib məsələlərdən biridir. Elə ki, insan sosial şəbəkələrə, internetə qapılır, onların aldığı informasiyalar təbii olmur: “Bunun nəticəsində də insan daha çox texnika ilə təmasda olur. Öz şəkillərini, “selfie”lərini paylaşdıqca özünə vurğunluq hissi (narsissizm) daha çox olur. Əslində bu təbiidir. Çünki insan artıq başqası ilə fikir mübadiləsi etmir. Sanki özü-özü ilə danışmağa başlayır. Bir növü informasiyanı başqa insanlardan yox, elə özündən alır. Ona görə də özü haqqında get-gedə müştəbeh fikirlərə düşmə hissləri çoxalır”.

İnsanın gündəlik qidalandığı kimi, informasiya almağa da ehtiyacı olduğunu deyən Ə.Qəşəmoğlunun sözlərinə görə, artıq sosial şəbəkələr uzun müddətdir həyatımıza daxil olub və biz bundan düzgün şəkildə istifadə etməyi bacarmalıyıq: “Sosial şəbəkələrlə yanaşı, internet resurslarının özünü də bura qoşmaq lazımdır. Bu elə bir vasitədir ki, ağılla istifadə edəndə faydalı, əks halda isə təhlükəlidir. Eyni zamanda, bir növ əxlaqi, mənəvi dəyərləri yerində olmayan adamlar da bir-birilərinə qarşı kələk gələ bilərlər. Eşitdiyimə görə, boşanmaların 30 faizi sosial şəbəkələrin hesabına baş verir. Deməli, burada da, sosial şəbəkədən qarşı tərəfdə düzgün istifadə olunmamaq məsələsi var. O biri tərəfdən dünyada əxlaqi dəyərlərimizi aşındırma prosesi yayılır. Çünki əxlaqi dəyəri aşınan ölkəni idarə etmək asandır. Ona görə də, internetdə minlərlə pornoqrafik filmlər yerləşdirirlər. Burda heç ağlagəlməyən, arzuolunmayan sujetli filmlər çəkilir. İnternet və sosial şəbəkələr vasitəsilə ölkəmizdə gənclər və naşı adamlar arasında çox yayılır. Və artıq bunun nəticəsində ölkəmizdə eybəcər bir hal yaranıb. Sosial şəbəkələr mühüm bir vasitədir. Amma sosial şəbəkədən istifadə etmək mədəniyyətinə malik olmalıyıq. İstər televiziyada, istər qəzetlərdə, istərsə də saytlarda əhali arasında sosial şəbəkələrdən istifadə etmək mədəniyyətini formalaşdırmağa çalışmalıyıq”.

Sosioloq deyir ki, birbaşa olaraq ancaq sosial şəbəkələri, interneti tənqid etmək də düzgün deyil və bunlar inkişaf edərək bizim üçün çoxlu rahatlıq yaradır: “Bu sosial şəbəkələr vasitəsilə dünyanın hər tərəfində olan doğmalarımızla, dostlarımızla əlaqə saxlayırıq. Şəhərin daxilində belə bizim nə qədər işimizi asanlaşdırır. Sosial şəbəkəni öz təyinatına, bizim üçün faydalılığına görə şəxsiyyətimizə, mənəviyyatımıza, gündəlik həyatımıza ziyan vurmamaq şərti ilə istifadə edək”.  

Sosioloq onu da əlavə etdi ki, sosial şəbəkə ictimai bir yerdir. Orada başqalarının əsəbləri ilə oynayan, başqalarının psixologiyasına mənfi təsir edən, mənfi enerji verən, qıcıq yaradan şeylər paylaşmaq düzgün: “Sosial şəbəkələrdə, status yayanlar sanki öz portretlərini çəkirlər”.

Psixoloq Elnur Rüstəmov bildirdi ki, günümüzün mövcud problemlərindən biri sosial şəbəkə və orda verilən informasiyalardır. Bu, hər insana eyni cür təsir göstərmir: “Bəzən görürük ki, mövcud psixoloji narahatlıqların bir qismi məhz sosial şəbəkə və orada verilən məlumatlardan qaynaqlanır. Məsələnin digər tərəfi isə odur ki, artıq bir qisim insanlarda sosial şəbəkələrdən asılılıq yaranıb. Onlar sanki sosial şəbəkəsiz qala bilmirlər. Gecə yatanda da sosial şəbəkəyə baxıb yatırlar, səhər oyananda da ilk işi paylaşmalara nəzər yetirmək olur. Gündəlik olaraq nələrsə paylaşmağı sanki özlərinə borc bilirlər.  Bu, artıq bir növ asılılıq formasına keçib. Bu özü də insanda müəyyən problemlər yaradır. Bunu aradan qaldırmaq üçün birinci növbədə zamanın idarə edilməsi məsələsini qabartmaq lazımdır. Yəni, Qərb və inkişaf etmiş Avropa ölkələri bu prosesi müəyyən qədər keçiblər. Bu prosesləri tənzimləmək üçün onlar özlərinə müəyyən qədər məhdudiyyətlər qoyurlar. O məhdudiyyətlər daha çox kimisinə internetə çıxışı olmayan telefon işlətmək formasında tətbiq olunur. Həmin adam zərurət olanda kompüter vasitəsilə internetə daxil olub sosial şəbəkədən istifadə edir. Bir qisim isə ümumiyyətlə, sosial şəbəkədə aktiv iştirak etmir, yalnız öz fəaliyyətini işıqlandırmaq, hər hansı bir məlumatı ötürmək üçün istifadə edir”. 

Psixoloqun sözlərinə görə, bu gün Azərbaycanda sosial şəbəkə istifadəçiləri çoxdur. Və burada azyaşlılar da var. Hansı ki, orada 14 yaşdan aşağı yaş məhdudiyyəti qoyulsa da, aşağı yaşda olan yeniyetmələr də var”.

Psixoloq deyir ki, sosial şəbəkələrdən asılılığı aradan qaldırmaq üçün birinci növbədə maarifləndirmə işi aparmaq lazımdır: “Valideynlər bu məsələdə xüsusilə diqqətli olmalıdırlar. İkinci növbədə o valideynlərdin özləri belə sosial şəbəkədən asılı vəziyyətdədirlərsə, özlərinə məhdudiyyət qoysunlar. Özlərinə sosial şəbəkədən istifadə ilə bağlı vaxt qoysunlar və o vaxtdan sonra ordan uzaqlaşsınlar. Çünki, bunlar fərdi inkişafda zaman oğruları adlanırlar. Yəni sosial şəbəkələr daha çox insanların zamanını oğurlayan, vaxtını aparan bir şeylərdir. Nəticədə insan vaxtının sosial şəbəkələrə, məhsuldar olmayan işlərə getdiyini hiss edəndə aqressiv və əsəbi olur. Bu aqressivlik özünə və ətrafa münasibətə də yansıyır. Yaxud, digər bir şeyi götürək, ailədaxili konfliktləri, boşanmalar. Onun bir səbəbi sosial şəbəkələrə dayanır. Və onun üzərindən yaranan səbəblərdən görürük ki, boşanmalar olur. Bütün hallarda zamanın idarə edilməsi ilə bağlı insanlar maariflənməli, zamanını sosial şəbəkələrdə keçirməməli, əgər keçirsələr belə məhsuldar, faydalı tərəflərindən yararlansınlar. Həm özlərinə faydalı olsun, həm də cəmiyyətə”.

E.Rüstəmov vurğuladı ki, ümumiyyətlə, sosial şəbəkələrdə hər hansı bir paylaşım edərkən, informasiya ötürülərkən psixi sağlamlıq mütləq qorunmalıdır: “İnsan, onun paylaşdığına kimlərin, hansı yaş qrupunda olan insanların baxacağını və ötürdüyü mesajın onlara necə təsir edəcəyini düşünməlidir. Dolayısı ilə bu, bir qədər də, niyyətə bağlı prosesdir. Pozitiv şeyləri, insanları yaxşılığa, gözəl şeylərə sövq edən şeyləri paylaşmağa çalışmaq lazımdır. İnternetdə belə məlumatlar çoxdur. Bəzən neqativ paylaşmaları da görürük. Bu da insanların mənfi emosiyalar, insanın insandan uzaqlaşması, aqressiyanın artmasına gətirib çıxarır”.

Könül Oruc 

Xəbər xətti