Mətbuat Şurası ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanası əməkdaşlıq Memorandumu imzalayıb

21:02 - 14 Noyabr 2018 - Xəbər

 Azərbaycan Mətbuat Şurası (MŞ) və AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) arasında əməkdaşlıq haqqında Memorandumun imzalanması mərasimi keçirilib.

Ucnoqta.az xəbər verir ki, sənədi Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova imzalayıblar. Hər iki təşkilatın nümayəndələrinin iştirakı ilə keçirilmiş mərasimdə çıxış edən MEK direktoru Leyla İmanova MŞ ilə birgə görülən işlərin əhəmiyyətindən və Memorandumun məqsədindən söz açaraq, imzalanacaq sənədin qarşılıqlı faydalı əməkdaşlığa təkan verəcəyini bildirib. MEK rəhbəri eyni zamanda kitabxananın Dövri mətbuat fondu, burada saxlanılan qəzetlər və jurnallar, 2015-2018-ci illər fəaliyət dövründə əldə olunan nəticələr və strateji hədəflər barədə məlumat verib. MEK-in innovativ layihəsi olan Milli Rəqəmsal Yaddaş (MRY) bazasının əhəmiyyətindən danışan direktor onun yaratdığı imkanlar vasitəsilə mediaya etibarlı elmi informasiya dəstəyi verilə biləcəyini diqqətə çatdırıb.
L.İmanova MRY bazasının Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı ilə həyata keçirilən “Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanılması, ekspertizası və etibarlı saxlanılması” layihəsi əsasında daha da zənginləşdiyini vurğulayıb. O, həmçinin Azərbaycanın aparıcı mətbuat orqanlarının nüsxələrinin elektron formatda MEK-in MRY bazasında yerləşdirilməsi prosesi, kitabxananın BDU-nun Jurnalistika fakültəsi və digər qurumlarla əməkdaşlığından danışaraq bu istiqamətdə fəaliyyətin davam edəcəyini bildirib. L.Imanova çıxışında MEK-in vikipediya fəaliyyətindən və onun milli kontentin inkişaf etdirilməsi yönündə xidmətindən də danışıb.

MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov rəhbərlik etdiyi qurumun həyata keçirdiyi tədbirlərdən, layihələrdən və medianın mövcud durumundan danışıb. MEK-lə birgə görülən işlərdən söz açan Ə.Amaşov Memorandumun hər iki qurum arasında əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminliyini vurğulayıb. Deputat sənəddə tərəflərin elmi və mədəni irsə aid informasiyanın əldə edilməsi, toplanılması, qorunması və yayılması ilə bağlı müddəların əksini tapdığını, təşkilatlar arasında əlaqələrin inkişafında informasiya mübadiləsinin zəruriliyinin nəzərdə tutulduğunu və gələcəkdə bunun müştərək fəaliyyətin təşkilinə zəmin yaradacağını bildirib.

Tədbirdə Mətbuat Şurasının sədr müavinləri Umud Rəhimoğlu və Müşfiq Ələsgərli, MŞ-nin İdarə Heyətinin üzvləri - “Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, İH üzvü Azər Həsrət, “Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev və “Cümhuriyyət” qəzetinin baş redaktoru Rafail Becanov, MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü, Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova çıxış edərək Memorandumun əhəmiyyətini yüksək qiymətləndirmiş, kitabxananın ölkənin aparıcı media qurumları ilə əlaqələrindən, elektron fondunun genişləndirilməsi və oxuculara xidmət göstərilməsi istiqamətində fəaliyyətlərindən bəhs ediblər. Çıxışçılar eyni zamanda bir sıra təkliflər də səsləndiriblər.

Toplantının sonunda Mərkəzi Elmi Kitabxana tərəfindən MŞ-nin İdarə Heyətinin üzvlərinə Azərbaycan mədəniyyəti və tarixi bağlı nəfis tərtibatlı kitablar hədiyyə olunub.


Xəbər xətti