“Azay Quliyevin qaldırdığı məsələ çox aktualdır” - QHT sədrləri də Danışdılar

18:17 - 14 Noyabr 2018 - Cəmiyyət

 “Bilirsiniz ki, 10 ildir ki, cənab Prezidentin təşəbbüsü ilə ölkədə vətəndaş cəmiyyəti institutlarının inkişafı, xüsusilə QHT-lərin sərbəst fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb və bunun üçün dövlət büdcəsindən hər il müəyyən məbləğdə vəsait ayrılır. Bu təbii ki, çox müsbət haldır və ictimai sektor dövlətimizin qayğısını yüksək qiymətləndirir. Lakin bu gün QHT-lərin ehtiyaclarının milli maraqlarımıza cavab verən formada qarşılamaq üçün dövlətin ayırdığı maliyyə vəsaitinə yenidən baxmağı vacib hesab edirəm”.

Bu sözləri ötən gün Milli Məclisin iclasında çıxış edən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib.
Qeyd edək ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası hazırda vətəndaş cəmiyyətinə maliyyə ayıran əsas donordur. Nəzərə alsaq ki, Azərbaycanda xarici donorların fəaliyyəti məhdudlaşdırılıb və bu səbəbdən də bütün QHT-lər hansısa layihəni reallaşdırmaq üçün əsasən Şuraya müraciət edir, onda deputat Azay Quliyevi başa düşmək olar.

Ucnoqta.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib ki, Azay Quliyevin Milli Məclisdə səsləndirdiyi fikirləri tam dəstəkləyir. “Doğurdan da bu gün vətəndaş cəmiyyətinin daha geniş inkişafına nail olmaq üçün resursları artırmaq, o cümlədən vətəndaş cəmiyyəti layihələrinə maliyyə dəstəyini gücləndirmək lazımdır. Bu il QHT-lərə Dövlət Dəstəyi Şurasına ayrılan maliyyə dəstəyi 5,5 milyondur, Bu çox cüzi bir məbləğdir. Bu məbləğ bütövlükdə vətəndaş cəmiyyətinin ehtiyaclarını demək olar ki, 10-15 faiz həcmində ödəyir. Çünki vətəndaş cəmiyyətinə daxil olan layihələrə baxsaq görərik ki, tələb olunan maliyyə vəsaiti təxmini 30-35 milyon manat civarındadır. Vəziyyət vətəndaş cəmiyyətinə o imkanı vermir ki, layihələrdən daha çox nəticə əldə etsin. Bu baxımdan hesab edirəm ki, hazırda vətəndaş cəmiyyətinin potensialını artırmaq, onun imkanlarının tam həyata keçməsini təmin etmək üçün ayrılan vəsait artırılmalıdır. 5-6 milyon manatla ortaya yaxşı nəticələr qoymaq qeyri-mümkündür. Maliyyə vəsaitinin az olması vətəndaş cəmiyyətinin vərdişlərinin azalmasına gətirib çıxarır, geniş miqyaslı fəaliyyətə mane olur. Cənab Prezident hər zaman deyir ki, vətəndaş cəmiyyətinin inkişafını daha da gücləndirməyə ehtiyac var. Vətəndaş cəmiyyətinin inkişafının gücləndirilməsinin bir istiqaməti də müvafiq resurslarla təmin olunmasıdır. Buradan əldə olunan qazanc həmin layihələrə ayrılan vəsaitdən dəfələrlə çox olacaq. Çünki burada yeni ideyalar, təşəbbüslər irəli sürülür”.

Ə.Nuriyev bildirib ki, ölkədə donorların sayı azdır: “Özəl sektor bu prosesdə fəal şəkildə iştirak etmir. Beynəlxalq donorlardan alınan maliyyə vəsaitləri azdır. Eyni zamanda qanunvericilikdə bəzi məsələlər var ki, beynəlxalq donorlardan alınan qrantları çətinləşdirir. Hətta bəzi donorlar ümumiyyətlə dəstək vermək arzusunda deyillər. Hesab edirəm ki, beynəlxalq donorların bu sektorda iştirak imkanlarını genişləndirməklə müvafiq səyləri artırmalıyıq. Avropa İttifaqı, BMT bəzi layihələrin maliyyələşdirilməsində iştirak edir”. Ə.Nuriyev deyib ki, QHT-lər biznes qaydaları ilə işləyə bilməz: “Vətəndaş cəmiyyəti təşkilatları gəlir əldə etməyən təşkilatlardı. Buna görə də qrantlara ehtiyac var. Bu baxımdan düşünürəm ki, Azay Quliyevin qaldırdığı məsələ çox aktualdır”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov də Azay Quliyevin qaldırdığı məsələni vacib hesab edir: “Çünki Azərbaycanda bəzi qeyri-hökumət təşkilatları indi gizli yolla xaricdən maliyyə alır ki, bu da anti-Azərbaycan fəaliyyətinə rəvac verir və onlara daxil olan resurslar bizim dövlətin hesabatlı QHT-lərə verdiyi qrantlardan dəfələrlə çoxdur. Nəzərə almaq lazımdır ki, QHT-lərin fəaliyyəti yalnız respublika hüdudları ilə bitmir. Məsələn tutaq ki, Ermənistan BMT-nin nizamnamə, müqavilə orqanlarıın hamısında təmsil olunur, hamısına QHT nümayəndələri göndərir. Amma bizdə xarici fəaliyyət uşun resurs çatmır. Elə tədbirlər var ki, orada Azərbaycanın əleyhinə böhtanlar yağdırılır, ya erməni təşkilatları, ya da ermənilərin cəlb etdiyi azərbaycanlılar. Azərbaycanlıların əli ilə edəndə daha inandırıcı görünür. Həmin tədbirlərdə Azərbaycanın hüquqlarını müdafiə edən müstəqil QHT-lərin olmaması bizim beynəlxalq nüfuzumuza ziyan vurur. Şura bəzi QHT-ləri maliyyələşdirir, amma resursların məhdudluğu fəaliyyətə əngəl yaradır. Nəzərə alaq ki, Şura ölkədə 500-dən artıq QHT-yə vəsait verir, bu pulu böləndə məbləğ çox kiçik qalır.
​Eyni zamanda, elə təşkilatlar var ki, BMT-nin yanında assosiativ üzvdür, beynəlxalq təşkilatlarda nüfuz sahibidir. Onlar ildə bir neçə dəfə xaricə gedib-gəlməlidir. Amma biz onların xərclərini qarşılaya bilmirik. Bir sözlə, Azay Quliyevin qaldırdığı məsələ Azərbaycan üçün, Azərbaycanın təhlükəsizliyi üçün vacib məsələdir. Təəssüf ki, Maliyyə Nazirliyində bu məsələni ya anlamırlar, ya da anlamaq istəmirlər. Azərbaycanda QHT-lərə ayrılan vəsait regionda ən azdır. Hesab edirəm ki, bu məsələyə başqa deputatlar dəstək verməlidir və məbləğ dəfələrlə artırılmalıdır”.

Xəbər xətti