“Leytenant rütbəsi almağımda adım mənə kömək etdi”

18:17 - 23 Oktyabr 2018 - Cəmiyyət

Şahin Musaoğlu: “Maaşımı alan kimi ilk olaraq anama  kəlağayı alıb hədiyyə eləmişəm”

“Çox sınadı bizi zaman,
Neçə şəhid getdi qurban.
Sinəsiylə sipər olan


İgid əsgər, möhkəm dayan!”- yəqin ki bu misralar hər birimizə tanışdır. Tanış olduğu qədər də doğmadır. Uşaqlıqdan bu mahnının sədaları altında böyümüşük. Bununla yanaşı “Cənab leytenant”, “And içirik”, “Vətən əmanəti”, “Çağırır vətən” və digər hərbi vətənpərvər ruhlu mahnıların müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AYB Hərbi Vətənpərvərlik Komissiyasının sədri, MDB Beynəlxalq Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatı,  həkim, nasir, şair, bəstəkar Şahin Musaoğlu qəzetimizin qonağıdır. Müsahibimizlə keçmiş illərindən, maraqlı xatirələrindən danışdıq.

“Atam dərs dediyi məktəbdə oxuduğuma görə məni medaldan məhrum etdilər”

1963-ci il iyul ayının 11-də Bakıda doğulan Ş.Musaoğlu 2-3 yaşı olanda atasının işi ilə əlaqəli dədə-baba yurdları olan Masallının Qızılağac kəndinə köçüblər: “Ailədə üç uşaq - iki qardaş, bir bacı olmuşuq. Mən evin ilkiyəm. Atam müəllim, anam isə həkim olub. Rəhmətliklər hər üçümüzə də ali təhsil verib. Mən anamın, bacım isə atamın yolunu davam etdirib. Qardaşımın isə öz yolu olub (energetik). Məktəbdə 30 şagird olmuşuq və mən əlaçı idim. Qızıl medala namizəd olsam da ala bilmədim. Səbəbi, atam dərs dediyi məktəbdə oxuduğuma görə məni medaldan məhrum etdilər”.

Hər məhlənin həyətindən gələn balıqçı torlarının yosun qoxusu...

Ş.Musaoğlu deyir ki, uşaqlıq və yeniyetməlik xatirələri doğma kəndi Qızılağacla bağlıdır. Onun sözlərinə görə, Xəzərin sahilində yerləşən bu kənd çox qədim və zəngin tarixə sahibdir: “İndi də “Həzi diki”, “Həzi təpəsi” kimi tanınan kurqanlıqların mövcudluğu bu yerlərin daş dövrünə aid olduğunu təsdiqləyir. Kəndimiz Xəzərin sahilində yerləşdiyi  üçün əhalinin əsas məşğuliyyəti balıqçılıq, quşçuluq olub. Bu gün yüzlərlə alimi, aydını, ziyalını yetişdirən bu kəndin övladlarının əksəriyyəti də  elə bu sadə balıqçı ailələrində böyüyüb boya başa çatıb, bu kənddən pərvazlanıb. Ona görə Qızılağac kəndi mənim yaddaşımda balıqçı arabalarının ot bitməyən, tapdaq-tapdaq yolları və bir də hər evinin, hər məhləsinin həyətindən gələn balıqçı torlarının yosun qoxusunun assosiasiyası ilə yaşayır və yaşayacaqdır”.

“Hörmətin, sayğının nə demək olduğunu sadə kənd adamlarından öyrəndim”

Müsahibimiz evlərindən bazar deyilən yerə  7-8 dəqiqə piyada yolu atasının dalınca qaçaraq və ordan da avtobusla qonşu  kənddəki məktəbə getdiyi günləri heç vaxt unutmayıb: “İllərlə gedib-gəldiyim bu yolun hər qarışı hər addımı mənə o qədər doğma, o qədər əziz olub ki, bu gün də, həmin yolu gözübağlı çaşmadan, azmadan gedib-gələ bilərəm. İri addımlarla yürüyən atamın arxası ilə qaça-qaça ona çatar, sonra yenə də ondan geri qalardım. Bircə onu bilirdim ki, mən atama çatsam da nə onunla yanaşı, nə də onu ötüb keçə bilərəm. Bu o dövrün və o kəndin o zamankı pozulmaz, dəyişməz kuralı, qayda-qanunu idi. Qarşıdan gələn insanların atamı görüncə, ayaq saxlayıb, başlarından papaqlarını çıxararaq salamlaşmalarını seyr edə-edə böyüyə, ağsaqqala, müəllimə hörmətin, sayğının nə demək olduğunu o sadə kənd adamlarından öyrəndim. Buna görə onlara borcluyam”.

“Bizdən yana xoşbəxt maraqlı  həyəcanlı günlər, valideynlər üçün isə...”

Tələbəlik illərinin çox şən və qayğısız keçdiyini deyən Ş.Musaoğlu bildirdi ki, hələ 3-4-cü kursda oxuyanda əvvəlcə təcili yardım stansiyasında sonra da ayrı-ayrı xəstəxanalarda feldşer kimi işləməyə başlayıb: “Bu heç də ailəyə maddi cəhətdən kömək etmək, onlara arxa-dayaq olmaq arzuma bağlı deyildi. Əslində ailənin buna heç ehtiyacı  da yox idi. Məqsədim  öz tibbi biliklərimi artırmaq, praktik vərdişlərə yiyələnmək idi. Sözsüz mən təcrübə əldə edə-edə  məvacib də alırdım. Bu mənim özümə olan güvənimi və gələcək karyerama olan təsirini də formalaşdırdı. Tələbəlik illərinin ən yadda qalan xatirələri dərslərimizin  ayrı-ayrı korpuslarda, xəstəxanalarda olması üzündən  hər gün  qət etdiyimiz çoxlu yollar və bu yollardakı macəralar əhvalatlarla  dolu  anlar olurdu. O dönəm həm də tələbə inşaat dəstəsi deyilən bir qurum vardı. Yay tətilində oğlanları SSRİ-nin ayrı-ayrı rayonlarında, şəhərlərində gedən inşaat işlərinə cəlb olunan tələbə dəstələrinə həkim, qızları isə xəstəxanalarda tibb işçisi kimi praktikaya göndərirdilər. Təsəvvür edin, 9 ay tələbə kimi valideyndən uzaq düşürdün, 3 ayı da bu ucsuz bucaqsız bir ölkənin ayrı-ayrı şəhər, vilayət, rayonlarına ezamiyyətlər... Bizdən yana xoşbəxt maraqlı  həyəcanlı günlər, valideynlər üçün isə narahatlıq, əndişə və qayğılar…”

Leytenant rütbəsi almasında adının xeyli köməkliyi olub...

İlk hərbi xidmətinin zabit olaraq leytenant rütbəsi aldığı zamanla bağlı olduğunu vurğulayan müsahibimiz deyir ki, bu 1984-85 illərə təsadüf edirmiş: “O dövrün  belə bir qaydası vardı. İnstitutda hərbi kafedra olduğu üçün əvvəlcə  tibb xidməti üzrə komandir dərsləri alırsan, bundan sonra isə hərbi hazırlıq dövrü və rütbə almaq üçün imtahan verməlisən. Hərbi dərsləri  bitirdikdən sonra, 4 kursun sonunda  zabit olaraq xidmətə çağırıldım. Hərbi xidməti Azərbaycanın ən dilbər guşələrindən biri sayılan Astarada keçirdim. İndiyə kimi yadımdadır, gücləndirilmiş rejimdə dərslər, hərbi hazırlıqlar, tapşırıqlar, fasiləsiz kros, turnik dartınmaları, taktiki və strateji təlimlər... Kazarmaya dönəndə yatağım, çarpayım qədər dünyanın ən gözəl ən komfortlu ikinci belə məkanını ağlına belə gətirmək mümkün deyildi. Demək olar ki, elə hər gün maraqlı hadisələrlə rastlaşırsan. Çoxunu indi unutmuşam. Amma heç vaxt unutmayacağım bir əhvalatı danışım sizə. Bu mənim adımla bağlıdır. Daha doğrusu leytenant rütbəsi almağımda  adımın köməkliyindən danışacağam. İmtahana girdim, hərbi salam verib biletimi çəkdim. Yerimə keçib hazırlaşmağa başladım. Bilirsiniz də, o zaman hərbi dərslər rus dilində tədris olunurdu. Tibbi dərslərimiz ana dilində olsa da hərbi dərsin bir dili vardı, yapnız və yalnız rus dili. Polkovnik rütbəli bir müəllimin qarşısına düşdüm. Sualları soruşmazdan əvvəl adımın mənasını soruşdu. Dedim, adım Şahindir. Rus dilində “sokol”, gürcücə “mimino” deməkdir. Sən demə müəllimim də milliyyətcə gürcü imiş, ona ləzzət etdi. Sorğu-sual etmədən qiymətimi yazıb məni yola saldı”.

“Bu sənətə təcili yardım həkimliyindən başladım” 

Ş.Musaoğlu qeyd etdi ki, əslində zabit olsa da mülki həyatı seçib: “Həkim kimi 1987-ci ildən fəaliyyətə başladım. Keçmiş Puşkin, indiki Biləsuvar rayonuna təyinat aldım. Belə demək mümkünsə, bu sənətə sıfırdan - təcili yardım stansiyasında təcili yardım həkimliyindən başladım. Sonra həmin şöbənin müdiri, daha sonra stansiyanın müdiri vəzifəsinə qədər yüksəldim. Daha sonra Qarabağ hadisələri, milli azadlığı hərəkatı və Qarabağ savaşı... Gözümü açandan özümü bu hadisələrin içində, ortasında gördüm. Orduya yazıldım. Əvvəlcə Müdafiə Nazirliyi Tibb İdarəsinin, sonra ictimaiyyətlə əlaqələr  şöbəsinin sənədli filmlər kino-tele-studiyasının əməkdaşı oldum. Daha sonra hərbi ezamiyyətlər, ordu həyatı, səngər dostları, ömrümün ən şərəfli, qürurlu və həm də çətin məsuliyyətli  və ağır dönəmi oldu Eyni zamanda HET idarəsi(Hərbi Elmi Tədqiqatlar) və “Azərbaycan ordusu” qəzeti, eləcə də “Hərbi bilik” jurnalı ilə əməkdaşlıq etdim. Və beləcə “İgid əsgər möhkəm dayan”, “Çağırır vətən”, “Ağ ümid”, “Birinci batalyon”, “Cənab Leytenant” və beləcə  30-a yaxın hərbi vətənpərvərlik mövzusunda yazdığım əsərlərin söz və musiqi müəllifliyinə imza atdım”.

“Həyat yoldaşım tələbəm olub”

Müsahibimiz deyir ki, hər kəsin bir ilk sevgisi vardır. Onun fikrincə, ilk  sevgi ilk qar kimi saf, tər-təmiz və ağappaqdır: “Həyat yoldaşım tələbəm olub. O da ixtisasca həkimdir. İki oğlumuz var - iki igid əsgərimiz...”.

“Maaşımı alan kimi ilk olaraq anama  kəlağayı (Şəki kəlağayısı əl işi) alıb hədiyyə etmişəm” 

Ş.Musaoğlunun sözlərinə görə, ilk işi tələbəlik dövründə tələbə inşaat dəstəsində həkimlik olub: “Və ilk  maaşım 120 rubl civarında olub. Bu 1982-ci ilin iyun-avqust aylarında tələbə inşaat həkimi kimi işlədiyim dövrə təsadüf edir. Və maaşımı alan kimi ilk olaraq anama  kəlağayı (Şəki kəlağayısı əl işi) alıb hədiyyə eləmişəm. Həkimlik mənim professionallıq baxımından əsl sənətimdir. Bu həm də mənə  irsən verilib. Babam dayım xalam və anam həkim olublar. Bu gün ailəmi bu sənətimlə dolandırıram. Bəstəkarlıq və şairlik vergidir, Tanrı vergisi... Tanrının mənə verdiyi bu istedadı isə xalqıma, millətimə təmənnasız olaraq xidmətimdə görürəm”.

“Gördün haqlısansa susma”

Ş.Musaoğlu deyir ki, geriyə qayıtmaq şansı olsaydı ən böyük səhvini düzəldər - bu uzun yola birgə çıxdığı cılız adamlardan uzaq durar, vaxtını, zamanını, enerjisini sadəlövhcəsinə xərclədiyi bu məxluqlardan xilas olardı: “Övladlarıma ilk növbədə dürüst, halal və ədalətli olmağı tövsiyə etmişəm. Rəhmətlik atamın bir sözü mənim həmişə devizim olub, “Gördün haqlısansa susma”. Oğullarıma da bunu məsləhət bilmişəm. Və bir valideyn olaraq anaları ilə birgə onların hər ikisinin bu millətə, xalqa faydalı olmasına çalışmışıq və nə qədər canımızda can varsa yenə bu yolda çalışacağıq”. 

Könül Oruc

Xəbər xətti