“İslamda dəbdəbəli, təmtəraqlı qəbirlərin qurulması yoxdur”

17:12 - 23 Oktyabr 2018 - Cəmiyyət

Əhməd Qəşəmoğlu: “İndiki dövrdə istər toy, istərsə də yas mərasimlərinin keçirilməsinə sosial bəla kimi baxmaq lazımdır”
Elşad Miri: “Bahalı qəbirlərin və abidlərin nə dinə, nə də ənənəyə aidiyyatı var” 


Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, Yas mərasimləri elə qaydada olmalıdır ki, bir-birindən fərqlənməsin: “Nümunəvi qəbiristanlıqların yaradılması ilə bağlı hazırlanan yeni qanun layihəsinin qəbul edilməsindən sonra kimliyindən asılı olmayaraq, hər kəsin eyni səviyyədə və formada dəfn olunması təmin ediləcək. Hələ də bəzi yas mərasimlərində fərqli yeməklərin verilməsi halları qalır. Cəmiyyəti inandırmalıyıq ki, bu kimi hallar islamda yoxdur. Odur ki, mərasimlərin daha sadə keçirilməsini təmin etməliyik ”.
S.Novruzov onu da bildirib ki, dini mərasimlərin müxtəlif formaları mövcuddur: “Müasir dövrdə mərasimlər milli adət ənənələr və qanunlarla tənzimlənməlidir. Hər şey qəbul edilən qaydalar çərçivəsində olmalıdır. Digər xalqlara nisbətən türkçülük və islamçılıq ənənələri var”.

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, insanların bunu nə cür qarşılamasından asılı olmayaraq bu qanuna yaxşı baxmalı və dəstək verməliyik: “Çünki dünyanın hər yerində qəbristanlıqlarda bir qayda-qanun, nizam-intizam var. Ola bilməz ki, Azərbaycanda indiki vəziyyət davam etsin. Bu vəziyyətdə istənilən bir qonaq, kənar adam gəlib baxanda demək olar ki, bizə ayıb olur. Çünki hər şey bir-birinə qarışıb, nizamsızlıq var. Qəbirlərin bəzilərinin üzərində sərdabələr qurulur, bəzilərində taxtalar qoyulur, digərləri isə itib-batmış şəkildədir. Və ölkə, xalq haqqında yalnız qəbiristanlıqları gəzərək xoşagəlməz nəticələrə gəlmək olar. Hər halda bir sosioloq başqa bir ölkəyə getdikdə onun əsas işi müşahidə metodu ilə xalq haqqında məlumat toplamaqdır. Yəni xalq haqqında fikir yaradan bir neçə obyekt var. Bazara gedəndə, ictimai nəqliyyatda olanda, qəbristanlığa baş çəkdikdə, şəhərin ətrafına gedəndə o xalq haqqında təsəvvür yaranır. Biz də get-gedə elə etməliyik ki, xalqımız haqqında insanlarda bütün sahələr üzrə yaxşı təəssürat yaransın. Necə ki parkları, bağçaları təmin edirik, o cür də başqa sahələrə də diqqət yetirməliyik”.

Ə.Qəşəmoğlu onu da qeyd etdi ki, İslamda dəbdəbəli, təmtəraqlı qəbirlərin qurulması yoxdur: “İslamın, şəriətin bizdən tələbi odur ki, rəhmətə gedən insanın ilk növbədə cənazə namazını qılıb, İslami qaydalarla dəfn etmək, torpağa vermək lazımdır. Qalan şeylər isə insanların fantaziyalarıdır. Bu da elə olmalıdır ki, millətə, xalqa hörmət gətirsin. İndiki şəkildə istər yas mərasimlərinin keçirilməsi, istər qəbristanlıqların hazırlanması ölkəmizi mənfi tərəfdən xarakterizə edir. Ona görə də bu məsələlərə nə qədər bacarsaq təcili yanaşmaq lazımdır. Bu sahədə addımlar atmaq olar”.
Sosioloqun sözlərinə görə, artıq Naxçıvanda bu sahədə addımlar atılıb, kəndlərin ətrafında səliqə-səhman yaradılıb: “Əvvəl gedəndə baxırdın ki, kimsə dəbdəbəli dəmirdən kürsü, taxt qurubdur. Bizim Babək rayonunda qəbristanlığa gedəndə görürdün ki, hamısı dəmirlərlə əhatə olunub. Lakin indi onların hamısı yığışdırılıb və səliqəyə salınıb və bu insanın xoşuna gəlir. İndi Avropa ölkələrində hara gedirsən, lap elə Türkiyənin özündə səliqəli qəbristanlıqlar salınıb və insanda xoş ovqat yaranır. Amma bizdə xoşagəlməz bir vəziyyətdir. Ona görə də bu sahədə atılan addımları, qanunları dəstəkləyirəm. İstər qəbristanlıqların özündə, istərsə də yas mərasimlərinin keçirilməsində kifayət qədər ciddi olmaq lazımdır. Ölkəmizi, xalqımızı hörmətdən salmayan addımlar atılmalı, işlər görülməlidir. Öz adət-ənənələrimizdən də, İslamın dəyərlərindən də irəli gələn çoxlu müsbət dəyərlər var. Onlara diqqəti daha çox ayırmalıyıq”.

Ə.Qəşəmoğlu əlavə etdi ki, bahalı yas çadırlarının qurulması və yas mərasimlərində fərqli yeməklərin verilməsi məsələsinə 20 ildən çoxdur ki, tənqidi münasibət göstərir: “Bu, yolverilməzdir. Təsəvvür edin ki, toy edən insan 5-6 ay, hətta illərlə əvvəlcədən hazırlaşır və pul yığır. Amma ölüm elədir ki, bunu öncədən bilmək olmur. Qəflətən biri avtoqəzaya düşür, birinin ürəyi dayanır, birinin başına başqa iş gəlir, yəni kimsə rəhmətə gedir. Rəhmətə gedən adamın ailəsi bilmir ki, ölüsünə kədərlənsin, yoxsa yas mərasimini yola vermək üçün pul axtarmağa başlasın. Pul axtarmaq cəhətdən daha çox problemlərin, bəlaların içərisinə girir. Ona görə indiki şəkildə istər toy, istərsə də yas mərasimlərinin keçirilməsi sosial bəla kimi baxmaq lazımdır. Bu sahədə kifayət qədər ciddi addımların atılmasına ehtiyac var”. 

İlahiyyatçı Elşad Miri bildirdi ki, dəbdəbəli və bahalı qəbir daşlarından istifadə olunması, yas məclislərində fərqli yeməklərin verilməsi israfdan başqa bir şey deyil: “Bahalı daşın nə o qəbirdə yatana, nə də onun yaxınlarına faydası var. Bu israfdır. Quranda bildirilir ki, Allah israf edənləri sevməz. Qəbir üçün xərclənən bu qədər vəsait hesabına Allah yolunda çox işlər görmək olar. Bu məsələ təkcə müsəlmanlarla bağlı deyil. İsrailin Qüds şəhərində elə qəbir yerləri var ki, 500 min dollara satılır. Yaponiyanın, Çinin özündə yandırılan insanların külünü mənzərəli yerə qoymaq üçün 100 min dollarından keçənlər var. İnsan dünyasını dəyişən zaman İslamda buyurulan əməllər yerinə yetirilir və bununla da məsələ bitir. Bahalı qəbirlərin və abidlərin nə dinə, nə də ənənəyə aidiyyatı var”.

Könül Oruc 

Xəbər xətti