Qubada narkotiklə saxlanılan şəxsin digər cinayətlər törətdiyi məlum olub

14:50 - 17 Oktyabr 2018 - Xəbər

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrinin qanunsuz dövriyyəsi şübhəli bilinən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Zərdabi qəsəbə sakini, əvvəllər məhkum olunmuş 40 yaşlı Cavid Nəcəfov saxlanılıb.
RPŞ-nin əməkdaşları tərəfindən C.Nəcəfovun üzərinə keçirilən baxış zamanı onun əlindəki sellofan torbadan ümumi çəkisi 385 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.Saxlanılan şəxs narkotik vasitəni rayon ərazisindən tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirib.

Cavid Nəcəfovun ətrafında aparılan tədbirlərlə onun digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, adı çəkilən şəxs ötən ay bazarda bir qadına məxsus pul kisəsindən 200 manat, rayon ərazisində yerləşən bağların birindən ümumi dəyəri 255 manat təşkil edən 120 ədəd meyvə yeşikləri oğurlaması da müəyyən edilib.
Faktlarla bağlı Quba RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər xətti