“Qəbul qaydalarında dəyişiklik labüd idi”

20:15 - 17 Oktyabr 2018 - Cəmiyyət

Kamran Əsədov: “Müasir standartlara cavab vermək üçün təfəkkür məktəbinə keçməliyik”
Məlahət Mürşüdlü: “İmtahan sayının azaldılması daha mükəmməl hazırlaşmağa imkan verəcək”


Ali məktəblərə qəbul qaydalarında dəyişiklər böyük maraqla qarşılandı. Doğrudur, bəzi şagirdlər, abituriyentlər və valideynlər buna narazılıq etsələr də, təhsil ekspertləri dəyişikliyin vacib olduğunu bildirdilər. Bəs, ali məktəblərə qəbul qaydalarında olan dəyişikliklərin üstünlükləri nədir?
Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirdi ki, 2019-cu ildə Azərbaycanda ali məktəblərə, orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları, həm də buraxılış imtahanları tamamilə yeni formatda keçiriləcək: “Bu, labüd idi. Çünki biz 2008-2009-cu tədris ilindən etibarən orta ümumtəhsil məktəblərində tədrisi kurikulumla qurmağa başlamışdıq. İlk dəfə 2008-ci ildə birinci sinfə gedən şagirdlər 2019-cu ildə məzun olacaqlar və onların 11 il ərzində əldə etdikləri biliklər ənənəvi qaydada yoxlanıla bilməz. Onların bilik və bacarıqlarının yoxlanılması üçün yeni yoxlama-ölçmə variantlarına aid test tapşırıqlarına ehtiyac var. Ona görə dövlət imtahan mərkəzi qəbul və buraxılış imtahanlarında yenilik etdi, qəbul qaydaları tamamilə yeni formatda kurikulum standartları ilə həyata keçiriləcək. Bu da müasir çağırışlara cavab vermək üçün əsas tələblərdən biri idi”.

Ekspertin sözlərinə görə, indiyə qədər təhsil yaddaş məktəbi ilə fəaliyyət göstərilirdi: “Amma bundan sonra yaddaş məktəbindən təfəkkür məktəbinə keçəcəyik. Yəni insanlar əldə etdikləri bilikləri tətbiqetmə bacarığına malik olmalıdırlar. Təəssüf ki, yenilik bəzən böyük narazılıqlarla qəbul olunur, amma biz bu yeniliyə getməli idik. Çünki şagirdlərimiz arasında hər il yüksək bal toplayanların özlərini ifadəetmə bacarıqları çox aşağı səviyyədə olur”. 

 Bəzən xarici dilin tədrisində görürük ki, şagirdlərin qəbul və buraxılış imtahanlarındakı nəticələri çox aşağıdır. “Bu ona görədir ki, bizim orta ümumtəhsil məktəblərimizdə çalışan, xarici dili tədris edən müəllimlərimiz dövrün tələblərinə cavab vermirlər. Çox aşağı səviyyədə primitiv savada malikdirlər”.

K.Əsədov deyir ki, şagirdlərə təqdim ediləcək test tapşırıqları həm də onların dinləmə bacarıqlarını yoxlayacaq: “Yəni indiyə qədər qəbul imtahanlarında 125 test tapşırığı yalnız faktoloji suallara əsaslanırdısa, artıq bu sistem dəyişəcək. Yəni 2019-cu ildə qəbul imtahanları iki hissədən ibarət olacaq. Belə ki əvvəlki qəbul sistemində olan bal iki hissəyə bölünəcək. Artıq şagirdlər birinci hissədə buraxılış imtahanlarında olan 0-300, qəbul imtahanında isə 0-400 aralığında bal toplamalıdırlar. Yekunda hər iki mərhələdə əldə edilmiş nəticələr toplanacaq və yekun bal olaraq onlar ali məktəblərə ixtisas seçiminə buraxılacaqlar. Amma buraxılış imtahanında, yəni qəbul imtahanının birinci mərhələsində əvvəlki illərin məzunu bunu V ixtisas qrupu üzrə birinci mərhələ üçün verəcəklər. Orda xarici dildən sual təqdim olunacaq və suallar arasında dinləmə tipli test tapşırıqları var. Yəni onlara sinif otağında mətn yaxud dialoq səslənəcək, onlar bu səsi dinlədikdən sonra mətnə aid iki test tapşırığına cavab verməlidirlər. 

Təhsilin inkişaf dövrünü yaşamağımıza baxmayaraq müəllimlərimiz, əsasən də ingilis dili müəllimlərimiz buna etiraz edirlər. Başa düşə bilmirəm ki, həmin müəllimlər dərsi hansı dildə keçirlər? Uşaqlar dinləmə-anlama qabiliyyətinə malikdirlər. Bəzi müəllimlər, xüsusilə də repetidorlar özlərinin bu bacarıqları olmadığına görə Dövlət İmtahan Mərkəzini ittiham etməyə çalışırlar. Xarici dilin tədrisində görürük ki, şagirdlərin qəbul və buraxılış imtahanlarındakı nəticələri çox aşağıdır. Bu ona görədir ki, bizim orta ümumtəhsil məktəblərimizdə çalışan, xarici dili tədris edən müəllimlərimiz dövrün tələblərinə cavab vermirlər. Çox aşağı səviyyədə primitiv savada malikdirlər”.

K.Əsədov birmənalı şəkildə deyir ki, artıq 11 ildir, Təhsil Nazirliyi tərəfindən çap olunmuş dərsliklərdə bütün kurikulumun standartları reallaşdırılıb, burda şagirdlərin DİM tərəfindən yoxlanılacaq bütün bacarıqları açıq şəkildə verilib: “ 2018-ci ilə qədər 5 fəndən 125 test tapşırığı olurdusa, 2019-cu ilin qəbul imtahanlarında 3 fənn və sualların sayı 30 olacaq. Yəni hər ixtisas qrupunda 5 yox, 3 fənn olacaq,  hər fəndən də 25 yox, 30 test tapşırığı olacaq. Qəbul imtahanında 30 test tapşırığından 22-si qapalı, yəni cavabı A, B, C, D, E variantı ilə, 5 test tapşırığı isə açıq tipli yəni uyğunluğun gözlənilməsinə görə seçilmə,  3 test tapşırığı isə situasiya tipli, yəni cavabların yazılı şəkildə yazılması tələb olunan test tapşırıqları olacaq. Bu da DİM-nin mütəxəssisləri tərəfindən yoxlanılacaq, düzdür 3 sualda insan faktorunun yoxlanılması olsa da, burda peşəkarlığa şübhə etmək olmaz. Çünki Azərbaycanda DİM bir neçə ildir ki, beynəlxalq imtahanlar keçirir və onların mütəxəssisləri bunu peşəkar səviyyədə yoxlayırlar”. 

Təhsil eksperti hal-hazırda bu dəyişikliyin labüd olduğuna əmindir: “Çünki şagirdlərimizin özünüifadə bacarıqları, danışıq, yazı, nitq, dinləmə, anlama qabiliyyətləri aşağı səviyyədə idi, Amma biz müasir standartlara və çağırışlara cavab vermək üçün təfəkkür məktəbinə keçməliyik. DİM-nə 2019-cu ildə keçiriləcək qəbul imtahanı üçün bütün lazımi ləvazimatları, resursları, vəsaitləri çap edib. Abituriyentlər və şagirdlər yalnız DİM-nin materiallarından istifadə edərlərsə, 2019-cu ilin həm buraxılış, həm də qəbul imtahanlarında yaxşı nəticə əldə edə bilərlər”.

Təhsil eksperti Məlahət Mürşüdlü bildirdi ki, 2007-ci ildən etibarən yeni tədris proqramı (kurikulum)  həyata keçirilir və təlimin qiymətləndirilməsi baxımından bu proqram əsasında ilkin olaraq buraxılış imtahanları baş tutacaq: “Şagirdlərin və abituriyentlərin biliklərinin, eyni zamanda bacarıqlarının qiymətləndirilməsi həyata keçiriləcəkdir. Bu tam olaraq tədris planının tələblərinə uyğun olaraq həyata keçirilən bir proses olacaq. İmtahan sayının azalması onlara göstərilən fənlər üzrə daha mükəmməl hazırlaşmağa imkan verəcək. İmtahan verənlər yazı vərdişlərini, özlərini ifadə etmək bacarıqlarını nümayiş etdirəcəklər. Qəbul imtahanı qaydalarında olan dəyişikliklərin bu üstünlükləri var. Bu tədris planının tələbi idi və bunu keçirmək vacib idi və bu il buraxılış siniflərində ilk dəfə olaraq həyata keçiriləcək”. 

M.Mürşüdlü deyir ki, bütün bu üstünlüklərinə baxmayaraq bizim şagirdlərimiz üçün bir qədər mürəkkəb proses olacaq: “Məsələn IX sinifdə ingilis dilindən dinləmə və yazma tapşırığı var. Uşaq mətni dinləyəcək, daha sonra yadında nə qalacaqsa onları ingilis-dilində yazacaq. Uşaqların bilik sahəsində öz biliklərini nümayiş etdirmələrinə şübhə etmirəm. Ancaq bacarıqlara gəldikdə, bu istiqamətdə məktəblərimizdə problemlər var. Uşaqlar bacarıqlarını, fikirlərini ifadə etmək və inkişaf etdirməkdə çətinlik çəkirlər”.

Məktəblərdə valideynlər, şagirdlərin arasında sorğu apardıqlarını deyən təhsil ekspertinin sözlərinə görə, valideynlər və şagirdlər həyəcanlı təbil vururlar. “Deyirlər ki, biz deyilən qaydada yazı işlərini həyata keçirə bilməyəcəyik. Çünki dediyim kimi, kənd və şəhər məktəblərində bu istiqamətdə problemlər mövcuddur. Təlimdə kurikulumun innovativ metodlarından tam istifadə edilməməsi problemləri var və olduqca çoxdur. Azad Müəllimlər Birliyi 25 nəfər müxtəlif məktəb şagirdlər arasında sorğu aparıb və uşaqlar göstərib ki, bizə belə şeylər təlim edilmir, bu bacarıqlar inkişaf etdirilmir. Məsələn, dərslikdə verilən mətn üzrə dinləmə çalışmaları müəllimlər tərəfindən həyata keçirilmir, bunu sadəcə oxu mətni olaraq istifadə edirlər. Biz bu sorğuları VII, VIII sinif şagirdləri arasında aparmışıq, axı bunlar bir neçə il sonra buraxılış imtahanının həmin bu qayda ilə verəcəklər. Sorğular aparmaqla diqqəti bu məsələyə cəlb etmək istəyirik ki, həmin problemlər aradan qaldırılsın”.

Könül Oruc 

Xəbər xətti