“Milli ruha birbaşa təsir edə bilən güclü, təsiredici verilişlər olmalıdır”

19:30 - 12 Oktyabr 2018 - Cəmiyyət

Əhməd Qəşəmoğlu: “İndiki verilişlər torpağımıza layiqli vətəndaş yetişdirməyə kömək etmir”
Aydan Nəzərova: “Elə valideyn var ki, 6 yaşlı övladı ilə oturub seriala baxır”
Cavid İmamoğlu: “Bütün ölkələr uşaqları zərərli informasiyalardan qorumağa məsuldurlar” 


Uşaqlar televiziyaya baxmağı çox sevirlər. Bəzi valideynlər işlərinin çoxluğu ilə əlaqədar olaraq buna icazə verir və öz işlərini həll etmək üçün övladlarının saatlarla ekran qarşısında qalmasına razı olurlar. Hətta elə valideynlər də var ki, azyaşlı uşaqları ilə birlikdə seriala, filmlərə baxırlar. Lakin efirdə yayımlanan kadrların əksəriyyəti onların yaş səviyyələrinə uyğun olmur.
Bəzən deyirlər ki, valideynlər uşaqların nə izlədiyinə mütləq nəzarət etməlidir, amma valideynlər bunun çox vaxt mümkünsüz olduğunu deyirlər. Maraqlıdır, burada valideyn nəzarəti olmalıdır, yoxsa televiziyalar bəzi məsələlərdə diqqətli olmalıdırlar?

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, bu çox ağrılı bir məsələdir, çünki bütün sosial psixologiya, ümumiyyətlə yeni nəsillə bağlı olan nəzəriyyələrin hamısının əsaslandırdığı bir məsələ var ki, hər bir insan şəxsiyyətinin, davranışının formalaşmasında üç mühüm amil olduqca ciddi rola malikdir: “Fərdin yerləşdiyi, mövcud olduğu mühit, aldığı informasiyalar və onun üstünlük verdiyi dəyərlər. Və bu üç amil insanının şəxsiyyətinin və bundan da irəli gələrək davranışının formalaşmasında mühüm rol oynayır. Dünyada qloballaşma sürətlə gedir, belə bir zamanda ölkələrin, xalqların bir-birinə güclü təsiri olur. Yaxın gələcəkdə hansı xalqın milli ruhu, mənəviyyatı güclü olsa, o, özünü bir xalq kimi təsdiq edəcək, öz ölkəsini daha çox qoruya biləcək və dövləti daha qüvvətli olacaq. Dünya ölkələri sırasında qloballaşmaya məruz qalandan sonra layiqli yerini tutacaq.  Bu əslində çox ciddi bir məsələdir. İndi biz çalışmalıyıq ki, boy atan, yeni nəsil bu şəkildə inkişaf etsin, milli ruhu güclü olsun. Milli ruh immunitet kimi bir şeydir. Necə ki insanın immuniteti zəif olanda xəstəlik tez tutur, milli ruhu güclü olmayan xalq, toplum, tez-tez xoşagəlməz siyasi, sosial, mənəvi təsirlərə məruz qalır.  Ona görə çalışmaq lazımdır ki, insanlarda güclü milli ruh olsun. Amma bunun üçün bizi nə ətraf mühit buna hazırlayır, nə də televiziya verilişləri”. 
Sosioloq deyir ki, televiziyada əsasən uşaqlar üçün bir çox xarici dillərdə olan cizgi filmlərini göstərirlər, yaxud da hansısa ölkənin proqramlarını yamsılayaraq proqramlar hazırlamağa çalışırlar: “İndiki verilişlər vətənimizə, ölkəmizə, torpağımıza layiqli vətəndaş yetişdirməyə kömək etmir. İstərdim ki, mətbuatda bu məsələlər daha çox işıqlandırılsın. Çalışmaq lazımdır ki, indiki vaxtda milli ruha birbaşa təsir edə bilən  güclü, təsiredici verilişlər olsun”. 

Ə.Qəşəmoğlunun sözlərinə görə, uşaqların çoxunu dindirəndə saz, zurna, balaban musiqisindən xoşu gəlmədiyini deyir. Amma əslinə qalsa milli ruhu dindirən, inkişaf etdirən milli xalq çalğı alətlərimizi onlara sevdirmək lazımdır: “Bunları arxa plana keçib, uşaqlar daha çox meyxanaya qulaq asır, nəinki milli musiqi alətində çalınan bir musiqiyə. Həmçinin nağıllarımızın böyük potensialı var. Onları yaxud Koroğlunun dastanlarını da seçmək olar. Yadımdadır ki, biz uşaq olanda televiziya yox idi, çoxumuz o kitabları oxuyaraq formalaşırdıq. Fikrimcə, Koroğlu dastanını uşaqlar üçün yenidən işləmək olar. Kitab satışı yerlərinə baxanda görünür ki, Bibliyanın neçə cür variantı var. Amma Qurani-Kərimin, yaxud dinimizlə bağlı başqa kitabların uşaqlar üçün maraqlı olacaq şəkildə variantları yoxdur.  Bəzilərini ediblər, amma onları da avamcasına işlənib, indiki uşaqların psixologiyasını, dünyagörüşünü nəzərə alaraq onların dəyərlərini formalaşdıracaq şəkildə deyil. Ona görə də bu məsələ mənim üçün çox ürəkağrıdıcıdır”. 

Televiziyada siqaretə meyl yaradan film və verilişlərlə bağlı öz fikrini bildirən Ə.Qəşəmoğlu deyir ki, əgər filmlərdə siqaretlə bağlı çoxlu səhnələr olsa, uşaqlarda siqaretə maraq yaranar: “Siqaretdən sonra isə narkotikə maraq yarana bilər. Bizdə heç bir yerdə narkotiki təbliğ etmirlər. Cizgi filmlərində bəzən dovşan, ayı, canavarın siqaret çəkdiyi göstərilir. Bu səhnələr əsasən keçmişdə rusların cizgi filmlərində göstərilirdi. Belə şeylər təbii ki uşaqlarda maraq yarada bilir. Bir çox uşaqlar özlərini yaşından böyük göstərməyə çalışdıqları üçün siqaretə meyl etməyə başlayırlar. Bunun o qədər ciddi əsasını görmürəm. Çünki indiki cizgi filmlərində keçmişdəki  qədər siqaret səhnələri yoxdur”. 

Əvvəllər cəmiyyətin indikindən sadə olduğunu nəzərə çatdıran Ə.Qəşəmoğlu vurğuladı ki, indiki cəmiyyət əlli il, yüz il bundan əvvəlki cəmiyyət deyil: “Cəmiyyət sadə olanda hər hansı bir şəxsiyyətin formalaşmasında üç institut mühüm rol oynayırdı, ailə, məktəb və cəmiyyət. Azərbaycan ailəsi heç bir dövrdə indiki kimi gərgin vəziyyətdə olmayıb. Cəmiyyətimiz də çox mürəkkəbləşib. Azərbaycan cəmiyyətində də heç vaxt bu cür qarışıqlıq olmayıb. İndiki vaxtda əvvəla məktəbin öhdəsinə çox böyük öhdəliklər düşür və vəzifələr artır. Çünki dediyimiz o layiqli vətəndaşı yetişdirməliyik. Layiqli vətəndaşı yetişdirmək üçün isə ailələrə, cəmiyyətə birbaşa təsir mexanizmimiz yoxdur. Bizim təsir mexanizmimiz məktəbə və televiziyalara ola bilər. Hazırda ən təsiredici vasitələr bunlardır. Ona görə də indiki dövrdə şəxsiyyətin formalaşmasında ailədən çox şey gözləməklə özümüzü bu yolda çaşdıra bilərik. Çünki ailələrin çoxunda problem var. Ailədə ata-ana nə desə də, nə qədər çalışsa da artıq uşaqların tərbiyəsində əlli il əvvəlki kimi rol oynaya bilmir, o imkan itib. Çünki informasiya kanalları çoxalıb, uşaq qonşunun uşağından yaxud internetdən bir şey öyrənir. Çalışmaq lazımdır ki, televiziyalar öhdələrinə yeni vəzifələr götürsünlər, deməsinlər ki, mənim əsas işim reklam verib pul qazanmaqdır. Bu işdə məktəb və televiziyaların rolunun artırılmasına çalışmalıyıq”.   

“Narınc” Psixologiya Mərkəzinin 9-cu mkr. filialının icraçı direktoru, psixoloq Aydan Nəzərova qeyd etdi ki, hazırda texnologiyalar əsrində yaşayırıq. Hər kəsin evində televizor, telefon, planşet, kompüter və s. kimi texnoloji vasitələr var: “Bunları məhdudlaşdıra, yaxud evdən çıxara bilmərik, bu mümkünsüz bir faktordur. Sadəcə övladlarımızı bunların təsirindən qorumalıyıq. Baxdıqları texnoloji vasitələrin daxilində olan verilişləri məhdudlaşdıra bilərik. Elə valideyn var ki, 6 yaşlı övladı ilə oturub seriala baxır. Bu düzgün deyil, valideyn övladı ilə cizgi filminə və ya onun yaşına uyğun hər hansı bir proqrama baxmalıdır. Bundan başqa,oğlan övladı ilə birlikdə cinayət verilişinə,  yaxud gecə saatlarına qorxulu filmlərə baxan valideynlər də var. Deyir ki, bu oğlan uşağıdır, güclü olmalıdır. Amma valideynlər başa düşmür ki, belə uşaqlar gecələr yuxu terroru yaşayırlar.  Valideynlər ilk olaraq övladlarını evdəki, daha sonra cəmiyyətdəki mənfi təsirlərdən qorumalıdırlar”.  

Sosioloq Cavid İmamoğlu əlavə etdi ki, BMT-nin Uşaq Hüquqları Konvensiyasını qəbul etmiş bütün ölkələr uşaqları zərərli informasiyalardan qorumağa məsuldurlar: “Bu Avropa təcrübəsində çox geniş istifadə olunur. Orda uşaqlar yaş həddinə uyğun olmayan informasiyalarla əhatələnməyiblər. Onların psixologiyasına, sosial və mənəvi inkişafına zərər vura biləcək informasiyalardan sığortalanıblar. Məktəbdə, ailədə, cəmiyyətdə, televiziya və digər internet vasitələrində bütün məsul orqanlar bu qanuna riayət edirlər. Uşağın sağlamlığının nə qədər əhəmiyyətli olması, ona dəyən ziyanın gələcəkdə nə qədər fəsadlar verə biləcəyini insanlar özləri dərk etməlidir. Yəni, təkcə qanunla yox, insanların özlərində uşaqlar üçün milli-mənəvi dəyərlərimizə zidd olan məqamların, aqressiyanın aşılanmasına, əxlaqdan kənar hər hansısa bir səhnələrin göstərilməsinə qarşı təşəbbüs olmalıdır. Xüsusilə də internet şəbəkələri üzərindən gələn yaxud televiziya kanalları vasitəsilə yayılan informasiyalarda uşaqların yaş xüsusiyyətlərinin nəzərə alınmaması, ümumiyyətlə uşaqların emosional durumunun gərginləşməsinə qədər gətirib çıxara bilir. Eyni zamanda onların düşüncələrinə mənfi təsir göstərir”. 

Sosioloq deyir ki, uşaqların qorunması Azərbaycan dövlətinin ən ümdə və ali məqsədlərindən biridir: “İstər beynəlxalq, istərsə də yerli qanunvericilik, o cümlədən Uşaq Hüquqları haqqında Azərbaycan Respublikasının qanunu uşaq hüquqlarının qorunmasını vacib bilir”.

Könül Oruc

 

 

Xəbər xətti